Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:56

Azərbaycanın AŞ-yə üzvlük məsələsi gündəliyə gətirilə bilər


Turbyörn Yaqland
Turbyörn Yaqland
Avropa Şurasının Baş katibi Turbyörn Yaqland AzadlıqRadiosu və «Turan» informasiya agentliyinə müsahibə verib.

- Bloqqerin həbsinə kəskin bəyanatla reaksiya verdiniz. Məhkəmənin bu qərarı Sizi təəccübləndirdi? Sizin bəyanatda oxuduğumuza nəsə əlavə edə bilərsiniz?

- Həm «hə», həm də «yox». Belə məhkəmə qərarları bizi həmişə təəccübləndirir. Baş verməyən cinayətin cəzası idi. Gəncləri xuliqanlıqda ittiham etsələr də, məhkəmə qərarının əsasında heç bir sübut yox idi.

Lakin mən Azərbaycanda baş verənləri çoxdandır izləyirəm, ona görə də deyə bilərəm: yox, biz məhkəmə qərarına təəccüblənmədik. Azərbaycanda insan haqlarının və demokratiyanın inkişafı ilə bağlı vəziyyət bizi çox narahat edir.

- Azərbaycanın AŞ qarşısında öhdəlikləri var. Sizin təşkilatın Azərbaycanı bu öhdəliklərə riayət etmək istiqamətindəki çətinliyin səbəbi nədir? Siz AŞ-nın missiyasını necə müdafiə etməyi düşünürsünüz?

- AŞ-na üzv olan ölkənin öz öhdəliklərini pozması həmişə çətinlik yaradır. Əlimizdən gələn yeganə şey həmin ölkəyə üzərinə götürdüyü öhdəlikləri xatırlatmaqdır. Bundan başqa monitorinq mexanizmlərindən istifadə etmək olur. Haradasa bloqqerlərin işinə bənzər hadisə baş verəndə, biz dərhal həmin ölkənin rəhbərliyinə xatırladırıq ki, öz hərəkətlərinə görə hansı məsuliyyəti daşıyırlar.

- Avropa Şurasının dişsiz bir təşkilat olması haqda səslənən ittihamlara cavabınız nədir? Çünki tez-tez belə bir fikir səslənir ki, AŞ bu quruma üzv olan ölkələrin qurumun prinsiplərini pozduğuna göz yumur, elə davranır sanki adi bir beynəlxalq ictimai təşkilatdır.


- Böyük zaman kəsimindən bizim işimizə nəzər salsan, həqiqətən də görərsən ki, Avropa Şurasının vəziyyəti dərhal dəyişmək, ona təsir etmək gücündə olan mexanizmləri yoxdur.

Amma biz inanırıq ki, həm ümumilikdə, həm də misal üçün elə bloqqerlərin işində Azərbaycanın AŞ-dakı üzvlüyünün böyük zaman kəsimində faydası olacaq. Biz gərək səbirlə Azərbaycana təsir etməyə davam edək və inanırıq ki, Azərbaycanın AŞ-da olması bu ölkədəki müsbət proseslərin inkişafına kömək edəcək.

Əgər vəziyyət əks tərəfə inkişaf edərsə, təbii ki, ölkənin bu qurumdakı üzvlük məsələsi gündəliyə gətiriləcək, çünki AŞ-da ancaq bu qurumun standartlarına və dəyərlərinə uyğun olan dövlətlər üzv ola bilər.

Bu, o demək deyil ki, hər şey mütləq kamil olmalıdır, lakin bizim dəyərlərə, qaydalara və standartlara cavab vermək zəruridir. AŞ-nın fəaliyyəti buna əsaslanır.

- Son iki ildə AŞ PA-da Azərbaycanla bağlı heç bir müzakirə keçirilməyib. Baxmayaraq ki, bu ilin martında Azərbaycanda müddətsiz prezidentlik barədə referendum keçirildi, ölkədə hələ də siyasi dustaqlar var və s. AŞ PA-nın yaxın sessiyalarında belə bir müzakirənin keçirilməsi gözlənilirmi?

- Mən AŞ PA-nın adından danışa bilməyəcəyəm. Çünki bu, AŞ-nın müstəqil bir orqandır və öz addımları haqda özü qərar verir. Lakin bloqqerlərin işi və bundan əvvəl baş verənlər göstərir ki, Azərbaycandakı hadisələrin inkişafı bizdən və xüsusilə AŞ PA-nın İnsan Haqları Komissiyasından baş verənlərə daha çox diqqət ayırmağı tələb edir.

Bizim istifadə edə biləcəyimiz başqa yollar da var. Azərbaycan sakinləri bilməlidir ki, burada Strasburqda bizim İnsan haqları Avropa məhkəməsi var ki, pozulan hüquqları ilə bağlı ora da müraciət etmək olar.

- Sizin bloqqerlərin həbsi ilə bağlı kəskin bəyanatınıza Bakıdan hansısa cavab və ya reaksiya gəldimi?

- Hələ heç bir reaksiya daxil olmayıb. Dünən mən bəyanatım haqqında Azərbaycanın səfirinə məlumat verdim və xahiş elədim ki, mənim mesajlarımı rəsmi Bakıya çatdırsın.

Azərbaycan rəsmilərinin sizin çağırışa cavab verəcəyinə ümidiniz var?

- Bəli. Belə bir cavabın daxil olmasına ta əsasla ümid edirəm. Azərbaycan AŞ-nın üzvüdür və onun bizim standartlara və dəyərlərə riayət etmək kimi öhdəliyi var. Ona görə, təbii ki, bizim onlara göndərdiyimiz mesajları ciddi qəbul etməlidirlər.

- Siz Norveçdənsiz - böyük neft gəlirlərini uğurla demokratiyanın xeyrinə işlədən bir ölkədən. Sizcə, Azərbaycanın timsalında neft faktoru demokratiyanın inkişafına nə dərəcədə mane olur?

- Buna cavab vermək çətindir. Onu deyə bilərəm ki, enerji maraqlarını bəhanə gətirərək insan haqları və demokratiyanı inkişaf etdirməmək yolverilməzdir.

Həm Azərbaycan, həm də digər Avropa ölkələri gərək dərk etsinlər ki, Avropa dəyərlərinin bir hissəsi olmaq nə qədər vacibdir. Bu, iqtisadi inkişafın əsas şərtidir. Ancaq təbii sərvətlərlə uzağa gedə bilməzsən, belə uğurun ömrü çox qısa olur.

Amma bir çox Qərb ölkələri Azərbaycanı elə ancaq enerji resursu kimi nəzərdən keçirir. Demokratikləşmə məsələləri məhz ona görə gündəliyə gətirilmir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan strateji partnyor sayılır.

Bu da bir problem ola bilər. Lakin istər Avropa dövlətləri və ABŞ, istərsə də Avropa təşkilatlarını Azərbaycanda insan haqlarının vəziyyəti də çox narahat edir.

Ola bilər, siz öz sualınızda haqlısınız. Amma ola da bilər ki, yanılırsınız, çünki bir hadisə baş verəndə biz reaksiya veririk.

- Azərbaycanın AŞ-na üzv qəbul olunmasından az qala 10 il keçib. Amma belə bir fikir səslənir ki, bu illər ərzində insan haqları və demokratiyanın inkişafında Azərbaycan Avropa standartlarına qalxmaq əvəzinə əksinə, AŞ özü demokratiyanı pozan ölkələr səviyyəsinə yaxınlaşıb. Baş katib kimi, AŞ standartlarının gücləndirilməsi üçün hansısa islahatlar keçirməyə zərurət görürsünüzmü?

- Bu standartların islahatına ehtiyac görmürəm. Onlar olduqca yüksəkdir. Problem üzv olan ölkələrin bu standartlara əməl etməsinin təmin olunmasındadır. Biz hamımız gözəl başa düşürük ki, AŞ-na üzv olan bir sıra ölkələrdə problemlər mövcuddur. Və əslində, AŞ da elə buna görə mövcuddur.

Azərbaycan kimi ölkənin AŞ-da üzvlüyü çox vacibdir. Belə üzvlükdən istifadə edib biz onun daxili inkişafı proseslərinə təsir edə bilərik. AŞ-dan kömək alaraq doğru istiqamətdə inkişaf etmək belə ölkələrin özünün də marağındadır. Çünki Avropa standartlarından və dəyərlərindən yan keçən inkişaf yolu mövcud deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG