Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:04

«Eşşəklə zarafat edən bloqqerlər cəzalandırıldı»


Məhkəmə Emin Millini 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edib

Məhkəmə Emin Millini 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edib

«Xuliqan bloqqerlər cəzalandırıldı», «Müxalifətçi bloqqerlər cəzalandırıldı», «Eşşəklə zarafat edən bloqqerlər cəzalandırıldı».

Dünya mediası Adnan Hacızadə və Emin Millinin azadlıqdan məhrum edilməsi barədə xəbərləri bu başlıqlarla verib.

Yazıların hamısında bloqqerlərin əslində, irəli sürülən ittihamlarla bağlı yox, məhz hökuməti tənqid edən satiraya görə həbs edildikləri deyilir.

Yazılarda bloqqerlərin özlərinin şəkillərini yox, məhz bloqqerlərin hazırladıqları alman eşşəyi ilə müsahibənin videosunu qoyublar. Özü də azərbaycanca, amma ingilis dilindəki alt yazılarla…

Bir maraqlı məqam da var. Məsələn, «Jerusalem Post», «əl-Cəzirə» və «Irish Times» bloqqerlərin eşşək videosunda prezidenti yamsıladıqlarını deyirlər. CNN isə videodakı dialoqun mətnlərini verməklə söhbətin nədən getdiyini və gənclərin nəyə görə həbs edildiyini anlatmağa çalışıb.

Bundan başqa, media orqanları ABŞ Dövlət Departamenti, ATƏT və beynəlxalq hüquq-müdafiə təşkilatlarının bu hadisədən narahat olduqlarını yazır, Azərbaycanda müxalif fikirli medianın daim təzyiqlərlə üzləşdiyini xatırladırlar.

ABŞ Dövlət Departamentinin sözçüsü Yan Kelli məhkəmə qərarından məyus olduqlarını bildirib, deyib ki, bu, Azərbaycandakı demokratik islahatlar istiqamətində proseslərdən geriyə doğru addımdır.

Dövlət Departamenti Azərbaycan hökumətini apelyasiya prosesinin ədalətli, vaxtında və şəffaf keçirilməsinə çağırıb.

«Azərbaycanda iki bloqqerə xuliqanlıq və bədənə az ağır xəsarət yetirmə ittihamıyla iş kəsilməsi siyasi qərardır».

Bunu isə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti deyib. O, xarici işlər naziri Elmar Məmmədyarova məktubunda yazır ki, «Bu yeni həbslər Azərbaycanın ATƏT regionunda jurnalistləri həbsə atan ölkə kimi yaxşı tanınmış imicini daha da möhkəmləndirir. Ümid edirəm ki, Apellyasiya Məhkəməsi hökmün əksinə qərar verəcək, Emin Milli və Adnan Hacızadəni mümkün qədər tez azadlığa buraxacaq».

«Human Rights Watch», «Amnesty International», Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Kristof Ştrasser bloqqerlərin həbsini rejimdən narazı olan digər insanlara xəbərdarlıq kimi qiymətləndirir.

Xarici qurumların bəyanatlarına isə Azərbaycan iqtidarı adından Parlamentin İnsan haqları komissiyasının rəhbəri Rəbiyyət Aslanova cavab verib:

«Xox gəlməyin».

YAP-ın icra katibi Əli Əhmədov isə «Azadlıq» radiosuna müsahibəsində məhkəmə hökmünü müdafiə edib.

«Bu qərar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmurmu» sualına o, müəmmalı cavab verib:

«Bəs beynəlxalq strukturlar, beynəlxalq təşkilatlar Azərbaycanın hüquqlarının qorunması işində niyə öz imiclərini qorumaq barədə düşünmürlər?...».

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG