Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

Teletənqidin zərbəsi SMS-li verilişlərə dəydi


Ötən həftə Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin Azərbaycan telekanallarının ünvanına söylədiyi tənqidlər telekanallarda müzakirə edilməkdədir. ANS-in rəhbərlərindən Mirşahin Ağayev açıq şəkildə bu kanalın yaxın keçmişə qədər məhz Ramiz Mehdiyevin görmək istədiyi telekanal olduğunu bildirsə də, kanaldakı dəyişikliklərin məhz hakimiyyətin diqtəsi ilə olduğuna üstüörtülü işarə vurdu.

TOPLANTILAR NƏYLƏ BİTDİ?

Ölkədəki başqa telekanal rəhbərləri isə Mehdiyevin dediklərilə bağlı fikir səsləndirməyə tələsmir. Gün boyu ölkədəki bütün telekanallara açdığımız davamlı zənglərə yalnız bir cavab eşitdik – rəhbərlik toplantıdadır.

Toplantının təfərrüatlarını isə telekanalların heç də hamısı açıqlamır. Yalnız günün sonuna yaxın ATV açıqlama yaydı ki, bir neçə SMS-li veriliş və şou-proqram efirdən yığışdırılıb.
Oqtay Əliyev
Daha bir neçə şou-proqram isə adını saxlamaq şərti ilə mədəniyyət proqramına çevrilib.

ŞOU PROQRAMLARDAKI GERÇƏKLİK

Ramiz Mehdiyevin tənqidləri də əsasən şou-proqramlara yönəlmişdi. Onun fikrincə, aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou xarakterli verilişlərin sayının artması, telekanalların biznes maraqlarını üstün tutması efirin mentalitetə yad verilişlərlə dolmasına səbəb olub.

ATV kanalındakı bir sıra şou-proqramların müəllifi «SOY Production»un başçısı Oqtay Əliyev deyir ki, ATV-ni əyləncəli verilişlərə üstünlük verməkdə qınamaq doğru deyil:

- İlk gündən ATV əyləncəli kanal olaraq yaradılmışdı. Bu gün ATV-də gedən əyləncəli proqramlar müğənniləri, sənət adamlarını təmsil edir. Efirdə nə görünürsə, bu, Azərbaycan reallığıdır. İndi dünya TV məkanında maraqlı ideyaların hamısı okeanın o tayından gəldiyi üçün biz də onlardan bəhrələnirik. Ancaq buna görə heç kim qınanmamalıdır.
Qulu Məhərrəmli
Əgər biz bu gün avtomobil sənayesində heç nə əldə edə bilməmişiksə, demək xarici avtomobil sürməməliyik?

ÖLKƏNİ EKRANA NECƏ GƏTİRMƏLİ?

«Xəzər» TV-də siyasi verilişlərdən birinin müəllifi Qulu Məhərrəmli isə düşünür ki, telekanalların efir siyasəti çox ciddi şəkildə dəyişilməlidir:

- Bu gün Azərbaycan reallığı bütün parametrləri ilə ekranda görünmür. Azərbaycan cəmiyyətindəki cərəyanlar, fikir axınları efirdə yoxdur.
Bu gün Azərbaycan efirində uzun-uzadı bir təfsirçilik var. Tamaşaçı ölkənin ictimai həyatından ayrılmış kimi görünür. Ən ciddi problemlərdən biri odur ki, efirdə diskussiyalar yoxdur. Debatlar yalnız hansısa 20-ci dərəcəli məsələlərlə bağlı olur.
Niyazi Mehdi
Bu da tamaşaçını cəlb etmək üçün deyil, diskussiyanın olması görüntüsü yaratmaq üçündür.

SÖZ AZADLIĞI DƏRDİ


Kulturoloq Niyazi Mehdinin fikrincə isə, efirlərin ən böyük problemi, söz azadlığının olmaması, yuxarıların telekanallarda fikir müxtəlifliyinə imkan verməməsidir:

- Məsələn, AzadlıqRadiosu Azərbaycanın zəkalı insanlarını çağırır, tok-şoular keçirir. Təbii ki, bu məsələdə bolluq yetərincə deyil. Ancaq bu az sayın özü də efirdə görünmür. Siyasi səbəblərə, şəxsi tanışlıq məsələlərinə, axtarışların olmamasına görə, verilişlər zəif olur. Telekanallar düşünür ki, hansısa müxalif fikirli insanları efirə çağırsalar, bu onların tirajlanması olacaq. İkinci tərəfdən, əgər tok-şouların sayını artırsalar, bu insanlara ehtiyac yaranacaq.

Niyazi Mehdi düşünür ki, Azərbaycanda söz azadlığı olmayana qədər seyrçilər hakimiyyətin birbaşa nəzarətinə olan telekanallarda nə özlərini görəcək, nə də gerçəyi eşidəcəklər.
XS
SM
MD
LG