Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Mir Şahin Ağayev: «Qaydalar hamı üçün bir olmalıdır»


Mir Şahin Ağayev

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev «Azərbaycan» qəzetində ölkə telekanallarının fəaliyyətini tənqid edən yazı ilə çıxış edib. Bununla bağlı ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev «ANSPress»ə müsahibə verib.

- Mir Şahin müəllim, Ramiz Mehdiyev ölkə telekanallarının reytinq arxasınca qaçaraq, efirin ifrat şoulaşdırılmasına kəskin irad bildirib. Yazıdan belə çıxır ki, ölkədə AzTV və İTV-dən başqa ciddi xəbərçiliklə məşğul olan və aktual ictimai problemlərə toxunan telekanal yoxdur. Buna necə baxırsınız?

-…Əlbəttə Ramiz müəllim göz qabağında olanı yazır. Amma mən onu da deyim ki, cənab Mehdiyevin görmək istədiyi ideal televiziya yaxın keçmişdə Azərbaycanda olub və bu televiziyanın adı ANS-dir. Milli-mədəni dəyərlərimizin keşiyində duran, cəmiyyəti maraqlandıran yox, məhz maraqlandırmalı olan mövzuları tamaşaçı, dinləyici və oxucu prioritetinə çevirən ANS o zaman reytinq dalınca qaçmağa məcbur deyildi. Şərait onu buna vadar etmirdi. «Çəkdiklərimiz» silsiləsindən hazırladığımız onlarla filmlər, işğal altında olan rayonlarımızın hər biri haqqında lentə aldığımız olduqca ciddi televiziya işləri, «Xüsusi Təhqiqat», «Ən Yeni Tarix», Ramiz Mehdiyevin adını çəkdiyi «Günün nəbzi»ndən xeyli əvvəl efirə çıxan və uzun müddət ölkə teleməkanında ən baxımlı debat proqramı olan «Nəzər nöqtəsi», Azərbaycan rəhbərliyi təmsilçilərinin Ermənistanın hakimiyyətinin nümayəndələrini əksər hallarda məğlub etdiyi «Atəş Nöqtəsi» telekörpüsü, tarixi həqiqətlərin dürüst araşdırılması ilə məşğul olan «Tarix düyünləri», vətənimizi dünyada olduğu kimi tanıtmaqla böyük təbliğat işi aparan «Bura Azərbaycandır», Qarabağ müharibəsində baş verən, amma kadr arxasında qalan dəhşətli gerçəkliklərin öz əksini tapdığı «Əsirlər və sirlər», tariximizin ən qanlı yeri olan mart qırğınına həsr edilmiş «Erməni soyqırımı, Türkün sözü», Azərbaycanın bütün zümrələrinin ən görkəmli insanlarını özündə birləşdirən - «Meydan» tok-şousu, «Qulp», hər həftənin obyektiv araşdırmasını aparan «Əhatə Dairəsi» tok-şousu yadıma düşən bəzi verilişlərimizdir.

Mən bura mədəniyyətimizi, mədəni tariximizi özündə əks etdirən, Azərbaycan televiziya tarixində bu səpkidə ilk veriliş olan «Xonça» layihəsini də, muğamın dirçəldilməsi istiqamətində ilk və çox uğurlu layihə olan «Kamerton» verilişini - onun gedişi zamanı aparılan açıq muğam dərslərini, hər bir şöbənin peşəkar təhlilini də əlavə edərdim. Yeri gəlmişkən, bəndənizin aparıcısı olduğu «Təmiz Söhbət» proqramlarının da qonağı Röya və Rəqsanə deyildi. General Kərim Kərimov, Mstislav Rostropoviç, Müslüm Maqomayev, Nəsibə Zeynalova, Çingiz Aytmatov və adları dünya tarixinin müxtəlif istiqamətləri üzrə əbədiyyət səhifələrinə yazılmış başqaları və başqaları.

- Sadaladığınız verilişlərin əksəriyyəti tamaşaçı auditoriyası tərəfindən hələ də xatırlanır. Bəs, bu verilişlər niyə efirdən çıxarıldı?..

- Baş verənlər qaydaların sonradan dəyişməsinin nəticəsi oldu. Biz Ramiz Mehdiyevin haqlı olaraq tənqid etdiyi SİAR VƏ AGB kimi sorğu mərkəzlərinin hazırladığı reytinq cədvəllərinin göstəriciləri ilə hesablaşmaq məcburiyyətində qaldıq. Şou-biznesin üzdə olan şəxslərinin hesabına populyarlıq qazanan digər telekanallar auditoriyanı tədricən ələ aldı və bunun da nəticəsində ANS ilk yeri itirdi. İş o yerə çatıb ki, bir çox televiziya kanalları hətta xəbərlər proqramının özünü belə şoulaşdırıb. Əlbəttə, ANS TV mətbuatda xəbərçiliyi müqəddəs sayır və heç vaxt xəbərin şoulaşdırılmasına yol verməyəcək. ANS bu gün də yarandığı gündən bəri işlədiyi rejimlə çalışır. ANS öz tamaşaçısını hər dəqiqə xəbərlə təmin edir. Bundan ötrü xüsusi bir şöbə yaradılıb və həmin kollektiv fasiləsiz olaraq qaçan sətirlər vasitəsilə ANS tamaşaçılarını hətta şou, bədii və publisistik verilişlərdə belə xəbərsiz qoymur. Bizim siyasətimiz tamaşaçını daim obyektiv, dəqiq və qərəzsiz xəbərlə təmin etməkdir.

Reytinq cədvəlləri isə yalnız mənəvi həvəsləndirmə səciyyəsi daşımır. Reklamvericilər onun qənaəti ilə hesablaşır və öz reklam büdcələrini bu və ya digər kanala onun tutduğu yerə əsasən ayırır. Biz isə həm də ANS-in çoxsaylı kollektivini saxlamalıydıq, onlara məvacib verməliydik. Ona görə də biz yalnız təbliğat xarakterli, tədris xüsusiyyətli verilişlərlə geniş yer verə bilmədik. Bu baxımdan mən Ramiz Mehdiyevə təşəkkür edirəm ki, televiziyaların fəaliyyətini, onların bugünkü vəziyyətə gəlib çıxmasının səbəblərini müzakirəyə çıxarır. Ramiz Mehdiyevin təklif və təsəvvür etdiyi ideal televiziya bir, mövcud tamaşaçı zövqü isə fərqli şeylərdir. Məsələn, bu gün efirin ən baxımlı verilişi « Yağ Kimi»dir. «Azad Mirzəcanzadə ilə Təmiz Söhbət» isə reytinq yığmır. Elə həmin o reytinq qurumlarının qənaətinə və tədqiqatına görə. Mən də bir televiziyaçı olaraq hesab edirəm ki, efir ucuz şoular meydanı olmamalı, vətəndaşın beyni «tiryəklə» korlanmamalıdır. Amma bu yalnız o halda mümkün olacaq ki, qaydalar hamı üçün eyni olsun. Yoxsa düz alınmır: biz cəmiyyətin tərbiyəsi ilə, başqa kanallar isə pul qazanmaqla məşğul olur… Nəticə də göz qabağındadır. Məncə, reytinqləri öyrənən qurumların fəaliyyətinin öyrənilməsinə, diqqətə böyük ehtiyacı var. Məncə, ölkə televiziyaçılığının əsas problemlərindən biri, bəlkə də birincisi peşəkar rəy öyrənilməsi institutunun olmamasıdır.

- Opponentlər daha çox televiziyaların konsepsiyaya malik olmamasından şikayət edirlər…

- Doğrudur, bir sıra televiziyaların konsepsiyası ola bilsin ki, yoxdur. Amma ANS-in konsepsiyası 1996-cı ildən var və bu konsepsiya gizli sənəd deyil, dünya televiziyalarının təcrübəsini özündə əks etdirən, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərini prioritet kimi qəbul edən topludur. Biz bu prinsipləri ANS sıralarına daxil olan hər bir işçiyə aşılayır və onların burada göstərilən prinsiplərdən kənara çıxmamasını təmin edirik. Onu çap edib jurnalistika ixtisası öyrədən ali məktəblərə tədris vəsaiti kimi təqdim etmək də olar. Yeri gəlmişkən, Ramiz müəllimin toxunduğu daha bir ağrılı yer - televiziya akademiyası barədə. ANS artıq neçə illərdir ki, belə bir akademiyanı qeydiyyata aldırmaq məqsədilə Ədliyyə Nazirliyinə müraciət edib. Və hər il azı iki dəfə biz bu qurumdan rədd cavabı alırıq. Ona görə də Akademiya yoxdur. Daha doğrusu, qeyri-rəsmi kurslarımız var. Orada peşəkarların apardığı kurslarda gənclər məşğul olur. Amma bu, rəsmi statusa malik olan təhsil mərkəzi deyil. Cənab Mehdiyevin səyyar telestansiyalarla bağlı bildirdiyi fikirləri də faydalı hesab edirəm. Ona görə ki, informasiya kanalı kimi mövcud olan ANS birbaşa yayım ənənəsini, nə qədər çətin olsa da, qoruyur. Nəinki Azərbaycanda, eləcə də dünyada baş verən ən mühüm hadisələr bu yolla tamaşaçılara təqdim olunur. Əfqanıstan, İraq, İran hadisələri, Livan döyüşləri, Rusiyanın Gürcüstana hücumundan tutmuş, Neft Akademiyasında terrora, Masallıda təbii fəlakətədək, hər bir tutumlu hadisə birbaşa efirdə işıqlandırılıb. Düzdür, bəzi hadisələrin bu şəkildə işıqlandırılmasına ayrı-ayrı dövlət strukturları mane olur. Çox qəribədir ki, xarici ölkədən birbaşa yayım təşkil etmək Azərbaycanda bunu etməkdən qat-qat asandır. Burada hətta kameramızı sındırır, operatorlarımızın tutulub saxlanıldığı hallar da az deyil. Amma hər halda ANS, Ramiz Mehdiyevin qeyd etdiyi kimi, birbaşa yayımları təşkil etməyə çalışır, bunu nə qədər çətin olsa da edir. Bakı-Ceyhan ixrac boru kəmərinin Azərbaycan ərazisində gedən işlərin STS vasitəsilə işıqlandırılmasına bizim tərəf icazə verməsə də, biz sonra kəmərin Gürcüstan ərazisindən keçən hissəsindən birbaşa efir təşkil edə bilmişdik.

- Sizcə, Prezidentin İcra Aparatının rəhbərinin mövqeyi dövlət məmurlarının da fəaliyyətinə təsir göstərəcəkmi?

- Mən düşünürəm ki, bu məqalənin oxuyandan sonra efirdə niyə şou-biznes nümayəndələrinin daha çox görünmələrinin səbəbi də bəlli olacaq. Ona görə ki, nazirlər, səlahiyyət sahibləri televiziyadan, jurnalistlə ünsiyyətdən çoxdan yayınıb. Ona görə də efirdə toyxanadır. Bu isə yalnız televiziyaların günahı deyil, Allah haqqı. Yeri gəlmişkən «Allah haqqı» verilişini də ANS bağlamayıb. Bunu da təsadüfən xatırladım. Yadıma düşdü ki, Ramiz müəllim «Din və Cəmiyyət» verilişinin adını çəkməklə onu təqdir edib. Bir sözlə, qaydalar hamı üçün bir olmalıdır. Bu baxımdan mən Ramiz Mehdiyevlə tam razıyam.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG