Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:43

«Bu qərar Azərbaycana dərs olacaq»


Zeynal Məmmədli
Zeynal Məmmədli
Sentyabrın 11-də Osloda «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – İstinad Qrupu Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti müzakirə edəndən sonra müsabiqənin qaydalarını dəyişmək haqqında qərar qəbul edib.

Bu barədə Avropa Yayım Birliyinin (EBU) AzadlıqRadiosuna göndərdiyi bəyanatında deyilir.

Avropa Yayım Birliyi bildirb ki, Azərbaycandakı tərəfdaşı İctimai Televiziya azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib. İctimai Televiziyanın Avropa Yayım Birliyinə bildirdiyinə görə, iki nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, nazirlik bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.

Avropa Yayım Birliyinin baş direktoru Jan Revillon deyib ki, o, bəyanatları nəzərə alıb. Onu da qeyd edib ki, öz ölkənin mahnısından başqa istənilən mahnıya səsvermə azadlığı müsabiqənin təməl daşlarından biridir. Onu da əlavə edib ki, «səsvermə ilə bağlı anonimlik hüququnun hansısa şəkildə pozulması, yaxud fərdlərin sorğu-suala çəkilməsi tamamilə qəbuledilməzdir».

Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi üzrə məsul komitə - İstinad Komitəsi qərara gəlib ki, səsvermə ilə bağlı anonimliyi poza biləcək, məlumatların hər hansı şəkildə açılmasına görə iştirakçı yayım şirkəti ciddi məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi həyatına hörmət olunduğuna təminat verməyə yönəlib. Əgər bu baş verməzsə, Avropa Yayım Birliyi qaydanı pozan televiziyaya müvafiq sanksiya qoya bilər.

Əvvəlki qaydalara görə «Eurovision» mahnı müsabiqəsi səsverməni keçirən televiziya şirkətlərinə səsverənlərin şəxsi həyatına hörmət etmək öhdəliyi qoymuşdu. Ancaq Avropa Yayım Birliyi onlara qarşı sanksiya qoya bilmirdi. Bu səbəbdən də qaydalar dəyişdirilib.

RÖVŞƏN NƏSİRLİ DAHA CİDDİ QƏRAR GÖZLƏYİRMİŞ

Erməni ifaçılara səs göndərdiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tərəfindən dindirilmiş Rövşən Nəsirli deyir ki, Avropa Yayım Şurası məsələylə bağlı onun mövqeyini öyrənməyib. O deyir ki, Yayım Şurasından daha ciddi qərar gözləyirmiş:

«Eurovision»da erməni təmsilçiləri Anuş və İnqa

«Məndən heç bir məlumat almayıblar. Ancaq mən gözləyirdim ki, Avropa Yayım Şurası belə bir qərar qəbul eləsin. Səsverən şəxsin şəxsi toxunulmazlığı və anonimliyinin qorunması faktı Azərbaycan tərəfindən pozulmuşdu. Mən daha fərqli qərar gözləyirdim. Çünki burda mənim şəxsi anonimliyim pozulub. Bunu Azərbaycanda hamı bilir. Avropa Yayım Şurası da anonimlik prinsipini əsas gətirib Azərbaycana ciddi cəza versəydi daha yaxşı olardı. Görünür Avropa Yayım Şurası üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyinə dair söz aldığına görə hər hansı başqa bir qərar qəbul etmək istəməyib».

İCTİMAİ TELEVİZİYA QOYULAN QAYDALARA ƏMƏL EDƏCƏYİNİ DEYİR

İctimai Televiziyanın sözçüsü Tahir Məmmədov qərara müsbət yanaşdıqlarını deyir:

«Bizim qərara münasibətimiz çox müsbətdir. Ümumiyyətlə İctimai Teleradio Avropa Yayımlar Birliyinin üzvü olan gündən Avropa Yayımlar Birliyinin qaydalarına və verdiyi qərarlara çox hörmətlə yanaşıb. Özünü kifayət qədər ciddi həm də Avropa Yayımlar Birliyinin layiqli bir üzvü kimi tanıdıb. Təbii ki, bu gündən sonra da bu münasibət olduğu kimi qalmalıdır. Biz Avropa Yayımlar Birliyinin bir həqiqi üzvü kimi verilən bütün qərarlara, qoyulan qaydalara birmənalı şəkildə əməl etmişik və bundan sonra da edəcəyik».

«BUNU DOĞRU VƏ VAXTINDA VERİLMİŞ QƏRAR HESAB EDİRƏM»

Televiziya mütəxəssisi Zeynal Məmmədli deyir ki, bu qərar ədalətli və vaxtında verilən bir qərardır:

«Bu sahədə yayım təcrübəsi olmayan ölkələrin bir daha diqqətinə yetirilir ki, hər hansı şəkildə senzura və ya hər hansı şəkildə informasiya qaynaqlarının bildirilməsi yolverilməzdir. Yayım Şurasının bu məsələni diqqətdə saxlaması və bu qərarı eşitdirməsi bu bütövlükdə ictimai yayım fəlsəfəsinə uyğundur. Azərbaycan üçün də bir dərsdir. Bunu doğru və vaxtında verilmiş qərar hesab edirəm».

Bu ilin mayında keçirilən «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib.

Erməni ifaçılara səs göndərmiş Rövşən Nəsirli, Turan Oruclu və adının çəkilməsindən ehtiyat edən digər gənclər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıblar. Onlardan Rövşən Nəsirli həmçinin dindirilib. R.Nəsirlidən Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat alınıb.

Yarışmada Azərbaycandan Ermənistana 43 səs göndərilsə də, bu, 1 faizlik həddi aşmadığından hesaba alınmayıb.
XS
SM
MD
LG