Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:15

Qapalı məhkəmədən narazılıq


İsaxan Aşurov
İsaxan Aşurov
İyulun 8-dən həbsdə olan gənc fəallar - Adnan Hacızadə və Emin Millini facebook internet şəbəkəsində müdafiə edənlərin sayı 20 min nəfəri keçib. Amma gəncləri müdafiə edənlər bu sayı 100 minə çatdırmaq istəyirlər.

PROSESİN QAPALI KEÇİRİLMƏSİNDƏN NARAZILIQ

Elə iyulun 17-də həmin gənclərlə bağlı Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı da məhkəmə qarşısında Avropa Şurasının Bakı ofisinin rəhbərindən tutmuş Amerika səfirliyinin nümayəndələrinə qədər xeyli adam toplaşmışdı.

Qapı ağzında toplaşan diplomatik korpus nümayəndələri prosesin qapalı keçirilməsindən narazı idilər. Amma bu narazılığa baxmayaraq, nə diplomatları, nə də mətbuat nümayəndələrini məhkəmə binasına buraxmadılar. Təxminən yarım saat sonra prosesin gələn həftəyə qaldığını xəbər verən vəkillər İsaxan Aşurov və Elton Quliyevdən jurnalistlərin və diplomatların soruşduğu da prosesin niyə qapalı olması idi.

Məhkəmə təxirə salındı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid

«HAKİM QANUNVERİCİLİYİN BİR BƏNDİNƏ ƏMƏL ETMİR»

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 5-ci bəndində bütün məhkəmələrdə işlərin icraatının açıq aparıldığı göstərilir.

Həmin bənddə qeyd olunur ki, işə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.

Vəkil İsaxan Aşurov deyir ki, Konstitusiyada göstərilənlər ümumi məhkəmə icraatına aid bir məsələdir. Onun sözlərinə görə, Cinayət Prosessual Məcəllədə həbs-qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında baxılmasıyla bağlı maddə var, hakim isə sadəcə qanunvericiliyin bir bəndinə əməl etmir:

«Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilə ilə yerli qanunvericilik arasında ziddiyyət olanda beynəlxalq müqavilə tətbiq olunur».

İsaxan Aşurov hesab edir ki, əslində, məhkəmənin qapalı keçirilməsi qarşı tərəfin narahatlığı ilə bağlıdır:

«Müzakirələrin gedişində qarşı tərəf tənqidə tab gətirməyən arqumentlərin eşidilməsindən narahatdır. Digər tərəfdən, qanunsuz qərar qəbul edəcəklərini ictimaiyyət görəcək. Buna görə də məhkəmə prosesi açıq keçirilmir».

Vəkil Elton Quliyev isə deyir ki, onların şikayətləri təkcə gənclər haqqında seçilən həbs-qətimkan tədbirinin ləğvilə bağlı deyil, onlar ilk məhkəmə prosesinin qapalı keçirilməsindən də şikayət veriblər:

«Biz məhkəmənin diqqətinə çatdırmışdıq ki, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə belə məhkəmələrin açıq keçirilməsi tələb olunur».

QAPALI PROSES TƏHLÜKƏSİZLİKLƏ BAĞLI OLA BİLƏR

Məhkəmə Hüquq Şurasının üzvü Akif Əhmədov isə hesab edir ki, prosesin qapalı keçirilməsi məhkəmənin daxili işidir və buna hansısa beynəlxalq konvensiyanın pozulması kimi baxmaq düzgün deyil:

«Bu, məhkəmə prosedurlarıdır. Burda ciddi qanun pozuntusu yoxdur».

Akif Əhmədov deyir ki, ola bilər ki, məhkəmənin qapalılığı həmin şəxslərin təhlükəsizliyi və ya hansısa dövlət sirri ola biləcək məqamlarla bağlıdır.

Gələn həftə prosesin açıq keçirilib-keçirilməyəcəyi isə hələ məlum deyil. Məlum olan odur ki, iyulun 20-nə təyin edilən proses hər iki gəncin iştirakıyla olacaq.

Adnan Hacızadə və Emin Milli iyulun 8-də axşam Səbail rayonu ərazisində yerləşən «Lebanese» («Livan») restoranında tanımadıqları şəxslərin hücumuna məruz qalıblar. Onlar hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət ediblər. Polis onları və onlara hücum edən iki şəxsi araşdırma üçün bölməyə aparsa da, Adnan Hacızadə ilə Emin Millini saxlayıb, digər iki şəxsi isə sərbəst buraxıb. Gənclərin barəsində artıq Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG