Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:20

Hansı sənət yaxşıdı?


2-ci və 3-cü ixtisas qruplarına sənəd verənləri bu il daha gərgin müsabiqə gözləyir

2-ci və 3-cü ixtisas qruplarına sənəd verənləri bu il daha gərgin müsabiqə gözləyir

Ekspertlər abituriyentlərə ixtisas seçərkən günün reallıqlarını və tələbatı nəzərə almağı məsləhət görürlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirirlər ki, ötən illərdə olduğu kimi abituriyentlərin yenə də üçüncü qrup ixtisaslara, xüsusən də hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər və eyni zamanda tibb fakültələrinə meyli daha çoxdur. Bu ixtisaslar üzrə istər ödənişli, istərsə də ödənişsiz istiqamətlər üzrə keçid balları kifayət qədər yüksək olsa da abituriyentlərin marağı zəifləmir, əksinə ildən ilə güclənir. Mütəxəssislərin fikrincə, ixtisas seçimində bu amilin prioritet təşkil etməsi cəmiyyətdə formalaşmış tendensiyadan irəli gəlir. Valideynlər uşaqlarının gələcəkdə yalnız maaşa ümid olmaması üçün hüquqşünaslıq ixtisasına yiyələnməsini istəyirlər. Vəzifəyə keçmək üçün hələ sovet dövründə «katiblik fakültəsi» kimi tanınan tarix ixtisası da öz prestijini qoruyub saxlamaqdadır. Yüksək maaşlı diplomat peşəsi də dəbdə olduğundan üçüncü qrupa sənəd verən abituriyentlər beynəlxalq hüquq və münasibətlər ixtisaslarını da ön sırada qeyd edirlər.


Sənəd qəbulu kampaniyasına yenicə start verildiyindən hansısa proqnoz söyləmək mümkün olmasa da TQDK ekspertləri yenə də humanitar ixtisaslara meyllənənlərin sayının çox olacağını güman edirlər. Komissiyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Hikmət Kazımovun fikrincə, 2-ci və 3-cü ixtisas qruplarına sənəd verənlər bu il daha gərgin müsabiqə ilə üzləşəcəklər. Azərbaycan iqtisadiyyatının günü gündən inkişaf etdiyini bildirən Hikmət Kazımova görə, indi Azərbaycana digər mütəxəssislərlə yanaşı güclü iqtisadçılar daha çox lazımdır.


2005-ci ildə hüquqşünas ixtisası üzrə dövlət və özəl qeyri dövlət ali məktəbləri üçün 730 yer ayrılsa da bu il özəl institutlarda hüquq və tibb fakültələrinə qəbul dayandırılıb. Bunun əvəzində isə dövlət ali təhsil müəssisələrinin qəbul planı artırılmayıb. TQDK rəsmisi hesab edir ki, gənclər ixtisas seçərkən günün reallıqlarını nəzərə alsalar yaxşı olar.


Vaxtilə 1500 nəfərin təhsil aldığı Gəncə Kənd Təsərrüfatı Akademiyasında indi qiyabi və əyani şöbələr üçün qəbul cəmi 500 nəfər nəzərdə tutulub. Akademiyanın Tədris Şöbəsinin müdiri Nüsrət Hüseynov hesab edir ki, aqrar ölkə olduğundan Azərbaycana ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri heç də hüquqşünaslardan az lazım deyil. Bir neçə ay əvvəl ölkədə «quş qripi» tüğyan edəndə Azərbaycanda bu sahəni bilən mütəxəssislərin tapılmadığını xatırladan cənab Hüseynov bildirir ki, bu amillər təhsil proqramında, tələbə qəbulu zamanı nəzərdən qaçırılmamalıdır. «Tələbələr ixtisas seçərkən Azərbaycanın aqrar ölkə olduğunu və gələcəkdə qeyri-neft sektorunun inkişaf edəcəyini nəzərdən qaçırmamalıdırlar». Cənab Hüseynova görə, bu gün yaxşı baytarlar, aqronomlar, fermerlər heç də hüquqşünaslardan, həkimlərdən pis dolanmırlar.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hazırda ölkədə informasiya texnologiyaları sahəsində mütəxəssis qıtlığı olduğunu düşünür. Elə bu baxımdan da o, abituriyentlərin bu sahəyə meyllənməsinin tərəfdarıdır. Hökumətin informasiya kommunikasiya texnologiyaları sahəsinə xüsusi diqqət ayırmağa başladığını deyən Osman Gündüzə görə, getdikcə bu sahəyə mütəxəssislər lazım olacaq. Mütəxəssis hesab edir ki, informasiya texnologiyaları sahəsində ixtisaslaşanların gələcəkdə işsiz qalması mümkün deyil .


Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı hesab edir ki, humanitar sahələrə sənəd verənlər texniki fənlərə nisbətən bu sahədə oxumağın bir qədər asan olduğunu düşünürlər. Mərkəz rəhbərinə görə, daha yaxşı olar ki, qəbul hər il lazım olan tələbata uyğun aparılsın.


Günün bütün mövzuları

XS
SM
MD
LG