Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Aclıq edən tələbələr vətəndaşlıqdan imtina etmək istəyirlər


iyunun 21-dən etibarən tələbələr etiraz aksiyasının formasını dəyişə bilərlər

iyunun 21-dən etibarən tələbələr etiraz aksiyasının formasını dəyişə bilərlər

Təhsil Nazirliyinin rəsmisi isə, «Biz heç vaxt onları tələbə saymamışıq, indi də saymırıq. Əslində, onlar su da içirlər, çörək də yeyirlər» - deyir


İyunun 1-dən Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi təhsil hüquqlarının bərpası tələbi ilə aclıq aksiyası keçirir. Onlar deyirlər ki, tələbləri yerinə yetirilənə qədər mübarizəni davam etdirəcəklər. Ancaq ola bilsin ki, iyunun 21-dən etibarən tələbələr etiraz aksiyasının formasını dəyişsinlər. Yəni aclıq aksiyasını dayandırsınlar. Aclıq edən tələbə Elnur Məmmədov deyir ki, iyunun 21-də keçirəcəkləri mətbuat konfransında növbəti addımla bağlı qəti qərarlarını açıqlayacaqlar: «Bundan artıq mübarizə mümkün deyil. 20 gündür aclıq aksiyası keçiririk. Yeganə çıxış yolumuz vətəndaşlıqdan imtina etməkdir».


Ancaq Təhsil Nazirliyində (TN) nə bu aclıq aksiyasını, nə də başqa etiraz formalarını düzgün saymırlar. Nazirlik Aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, onlar mümkün olduğu qədər güzəştə gediblər. Onun sözlərinə görə, 2004-cü ildən etibarən MAU-da qəbul tamamilə qanunsuz aparılıb. Bütün bunlarla da bağlı həm universitet rəhbərliyini, həm də orada təhsil alan tələbələri xəbərdar ediblər. Belə olan halda isə onlar 2004-cü ildən sonra universitetə daxil olan tələbələrin taleyi ilə bağlı heç bir məsuliyyət daşımırlar: «Biz heç vaxt onları tələbə saymamışıq, indi də saymırıq. Onların aclıq aksiyasına gəldikdə isə, bundan bizə qarşı təzyiq kimi istifadə etmək istəyirlər. Əslində, onlar su da içirlər, çörək də yeyirlər».


İlham Pirməmmədov deyir ki, həmin tələbələrin əksəriyyəti test imtahanları zamanı çox aşağı bal toplayıblar. Nəticədə də öz bilikləri ilə ali məktəbə qəbul ola bilmədiklərindən qanunsuz yol seçiblər. Onun sözlərinə görə, xəbərdarlıqlarına baxmayaraq, MAU-ya qəbul olanların əksəriyyəti hərbi xidmətdən yayınmaq məqsədi güdüb.


Aclıq aksiyası keçirən tələbələr isə, TN-i ictimaiyyəti çaşdırmaqda günahlandırırlar. MAU-nun tələbəsi Elnur Məmmədov: «Təhsil Nazirliyinin nümayəndəsi özü dünən gecə saat 12-də burada olub. Özü də şahid olub ki, aclıq aksiyası davam edir və heç kim xalqı aldatmır».
Bu, son illər Azərbaycanda tələbələrin eyni formalı ikinci etiraz aksiyasıdır. Bundan bir neçə ay əvvəl isə dörd tələbə siyasi motivlər üzündən təhsil aldıqları ali məktəblərdən xaric olunduqlarını iddia edərək, aclıq aksiyasına əl atmışdılar. Düzdür, TN həmin tələbələri ali məktəblərə bərpa edəcəyi haqda vəd verdikdən sonra bu aksiya dayandırılmışdı. Ancaq tələbələr indi də iddia edirlər ki, Təhsil Nazirliyi vəd versə də, hələ ki, onlar ali məktəblərə bərpa edilməyiblər.
«Media form» internet saytının redaktoru Azər Qaraçənli deyir ki, MAU ilə bağlı məsələdə də tələbələrin aclıq aksiyası onların TN-ə inamsızlığından irəli gəlir. Üstəlik, onlar məhkəmə yolu ilə də problemlərinin həllinə ümid etmirlər.


Əslində, İqtisad Məhkəməsi də yalnız sözügedən universitetin qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələləri araşdırır. Cənab Qaraçənlinin sözlərinə görə, üstəlik son illər Azərbaycanda küçə nümayişlərinə və piketlərə icazə verilmədiyindən tələbələr yeganə çıxış yolu kimi aclıq aksiyasına əl atıblar: «Aclıq aksiyası onların demələrinə görə, mübarizə üsullarının yalnız bir formasıdır. Belə çıxır ki, vətəndaşlıqdan da imtina edə bilərlər. Ancaq bu da mübarizənin dinc üsuludur. Bütün hallarda isə vətəndaşlıqdan imtina aclıq kimi özünə qəsdin bir formasıdır».


Azər Qaraçənli deyir ki, kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, Azərbaycan hökuməti həmin gənclərə sahib çıxmalıdır. Əks halda, gənclərin dövlətə və hökumətə inamsızlığı bir qədər də arta bilər və onlar mübarizədə özünə əlavə yollar görməzlər: «Müəyyən edilməlidir ki, kim təhsil davası edir, kim də sadəcə, hərbi xidmətdən yayınmaq istəyir. Ya da bütünlükdə hamıya güzəştə gedilməlidir».


Cənab Qaraçənli deyir ki, Azərbaycanda aclıq aksiyası ilə nəyəsə nail olmaq çox çətindir. Hakimiyyət onunla tələblə deyil, xahiş tonunda danışmağı sevir. Ancaq o, hesab edir ki, bəzi məmurlar öz mənafelərinin yox, ölkənin gələcəyinin qayğısına qalsalar, bu problemi asanlıqla həll etmək olar. Əks halda, bu, bir çox gənclərdə həm yaşadıqları ölkəyə, həm də özlərinə inamsızlıq yarada bilər.


Bu problem Təhsil Nazirliyi ilə MAU-nun yalnız 2-ci kurs tələbələri arasında yaranıb. Nazirlik bəyan edib ki, 4-cü kurs tələblərinə diplom verməyə, 3-cü kurs tələbələrini isə başqa ali məktəblərə köçürməyə hazırdır. Nazirliyin mövqeyinə görə, 2004-cü ildən etibarən onların xəbərdarlığına baxmayaraq qanunsuz üsullarla MAU-ya qəbul olunan tələbələrin talelərinə görəsə, heç bir məsuliyyət daşımırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG