Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

Gələn il ali məktəblərə qəbul qaydaları dəyişilə bilər


Bu il qəbul planında 3 min yer azaldılıb

Bu il qəbul planında 3 min yer azaldılıb

Builki qəbul qaydalarında dəyişiklik edilməyib. 27 dövlət, 13 özəl ali məktəbə plan üzrə yerlərin ümumi sayı təqribən 25 700-dür


Ali məktəblərə qəbul imtahanlarına az vaxt qalıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, builki qəbul qaydalarında elə bir ciddi dəyişiklik olmayıb.


Bu il abituriyentlərə təklif olunan yerlərin sayı 3000-ə qədər azalıb, indi 27 dövlət, 13 özəl ali məktəbə plan üzrə yerlərin ümumi sayı təqribən 25 700-dür. Azalma daha çox özəl ali məktəblərdəki ixtisarlar hesabına baş verib. İndiki qəbul planında ödənişli 15 min, dövlət vəsaiti hesabına isə 10 min yer ayrılıb.


Dövlət universitetlərində ödənişli ixtisaslarında təhsil haqqı ötən ildəki səviyyədə qalıb. Özəl ali məktəblərdə isə təhsil haqqı nisbətən artıb.


Azərbaycan bölməsi üzrə ən çox yer 1-ci qrup ixtisaslara, əsasən, mühəndislik və texniki yönümlü ixtisaslara ayrılıb - təqribən 5300 yer. Ən az yer isə 4-cü qrupa, pedaqoji, biologiya və tibb ixtisasları üzrə nəzərdə tutulub. Rus bölməsində isə ən çox yer 3-cü qrupa-humanitar ixtisaslara verilib, təhsilini rus dilində alanlar üçün 5-ci qrupda pedaqoji ixtisaslar üzrə cəmi 141 yer var.


Bu il qəbul planına yeni ixtisaslar əlavə olunub. Bunlar yeni yaradılmış Turizm İnstitutunun fakültələridir - «turizmdə menecment» və «turizm və sosial-mədəni servis xidməti» ixtisasları.


Abituriyentlərin sənəd qəbulu bu bazar, iyunun 25-də başlayır. Orta, orta ixtisas, ya da peşə məktəbini bu il qurtaranlar sənədlərini gələn ayın 10-na, əvvəlki illərin məzunları gələn ayın 5-nə qədər verib qurtarmalıdırlar.


Sənəd verənlərdən 10 min köhnə manat rüsum tələb olunacaq. Sənəd qəbulu komissiyaları bayram, bazar günləri də işləyəcək.


Xüsusi qabiliyyət tələb eləyən ixtisasları seçən abituriyentlərin sənədlərini TQDK-da yaradılmış komissiya qəbul edəcək. Gürcüstanda yaşayan azərbaycanlılar Qazax şəhər təhsil şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar rayon təhsil şöbəsində sənəd verə bilərlər.


Qəbul qaydaları «Abituriyent» jurnalının 3-cü sayında çıxıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyir ki, bu il də əvvəlki illərdə olduğu kimi imtahanlara ciddi nəzarət olunacaq. Xanım Abbaszadə bildirir ki, imtahan qurtarana qədər mühafizə tədbirləri haqda məlumat verməyəcəklər: «Mən bircə faktı demək istəyirəm ki, əvvəlki illərdən fərqli olaraq bu ilki imtahanda Beynəlxalq Test Agentliyinin imtahanın təhlükəsizliyi üzrə sektor müdiri imtahanlarda müşahidəçi olacaq».


Xanım Abbaszadənin sözlərinə görə, bu təşkilatın Azərbaycanda apardığı müşahidələrdən sonra gələn ilki qəbul qaydaları ilə bağlı müzakirələr olacaq, hələ ki, təşkilatın tövsiyələrinə əsasən fəaliyyət planı hazırlanır. Beynəlxalq Test Agentliyinin təklifinə uyğun olaraq gələn ildən abituriyentin qarşısına seçim qoyulacaq, əgər istəməsə, «Abituriyent» jurnalında ad-familiyası yox, yalnız kodu dərc olunacaq. İndiyə kimi jurnalda qəbul olunanların ad-familiyası, qəbul olunduğu ixtisas, topladığı bal da yazılırdı. Beynəlxalq Test Agentliyinin məntiqinə görə, bu məlumatları tirajlamaq etik deyil.


Tələbə Qəbulu Komissiyasının sədri deyir ki, «Abituriyent» jurnalında adı olmayan ali məktəblərə qəbul qeyri-qanunidir: «Bir azdan, imtahanların nəticələri elan olunandan sonra lisenziyası olmayan ali məktəblərin nümayəndələri buralarda gəzib, deyəcəklər ki, mən hansısa ali məktəbin nümayəndəsiyəm, mənim lisenziyamı filan hökumət verib və.s. Valideynlərə deyirəm ki, bəri-başdan qeyri-qanuni işə başlayırsınızsa, sonra dövlətdən heç nə tələb etməyin, təəssüf ki, insanlarda hələ ki, sovet təfəkkürü qalıb».



Qəbulla bağlı sualları komissiyanın 141 nömrəli telefon xidmətindən də soruşmaq olar. Qəbul imtahanlarının vaxtı sənəd qəbulu başa çatandan sonra məlum olacaq. Məleykə Abbaszadə deyir ki, çalışıb imtahanları hava nisbətən sərin olan günə salacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG