Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Özəl ali məktəblərin fəaliyyəti məhdudlaşdırılır


Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən bütün xarici ölkə ali məktəblərinin filiallarını bağlamaq qərarına gəlib.


Təhsil naziri Misir Mərdanov bildirir ki, onlar 17 xarici ölkə ali məktəbinin filialının bağlanması iddiası ilə məhkəməyə müraciət edəcəklər. Nazirin fikrincə, milli təhlükəsizlik baxımından xarici ali məktəblərin Azərbaycanda fəaliyyəti məqsədəuyğun deyil. O ki qaldı həmin universitetlərdə təhsil alanların aqibətinə, Misir Mərdanov bildirib ki, bu filialın məxsus olduğu ali məktəblərin işidir, tələbələr həmin ali məktəblərə köçürülə bilər.


Bundan başqa, nazirlik bütün özəl ali məktəblərdə hüquq, beynəlxalq hüquq, tibb və tibbi biologiya fakültələrinə tələbə qəbulunu dayandırıb. Bu qərar isə həmin ixtisaslar üzrə kadr hazırlamaq üçün özəl ali məktəblərdə lazımi maddi-texniki bazanın olmaması ilə izah edilir. Amma indiyə qədər həmin ixtisaslar üzrə özəl ali məktəblərə daxil olan tələbələrə öz təhsillərini başa vurmaq şəraiti yaradılacaq.


Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulu dayandırılır. Nazir Misir Mərdanov deyir ki, həmin filial Dağıstanda yaşayan azərbaycanlılar üçün nəzərdə tutulsa da, Azərbaycandan həmin filiala kütləvi şəkildə qəbul həyata keçirilir və sonradan həmin tələbələr Azərbaycanın ali məktəblərinə köçürülürlər.


Özəl ali məktəblərdən dövlət ali məktəblərinə köçürmə də dayandırılır. Nazirlik köçürmələr zamanı cinayət səciyyəli əməllər, plandan kənar qəbul, hərbi çağırışdan yayınmaq üçün saxta arayışların verilməsi ilə bağlı faktlar aşkarlanarsa, bununla bağlı Respublika Prokurorluğuna müraciət etməyi qərara alıb.


Təhsil Nazirliyi Müstəqil Azərbaycan Universitetini də bağlamaq qərarına gəlib. Həmin universitetin qanuni yolla qəbul olunmuş tələbələri başqa özəl ali məktəblərə köçürüləcək. Azərbaycan Kooperasiya Universitetinə də qəbul dayandırılır. Buna səbəb kimi həmin ali məktəbdə qanun pozuntularına yol verilməsi göstərilib.


XS
SM
MD
LG