Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

YAP-çı deputat forumda qalmaqal yaratdı


«Türkiyə-Azərbaycan münasibətləri: ortaq maraqlar və problemlər» movzusunda forum, Bakı, 15 aprel 2009

«Türkiyə-Azərbaycan münasibətləri: ortaq maraqlar və problemlər» movzusunda forum, Bakı, 15 aprel 2009

Aprelin 15-də Milli Məclisdə «Türkiyə-Azərbaycan münasibətləri: ortaq maraqlar və problemlər» movzusunda iki ölkənin deputatlarının iştirakı ilə forum keçirildi. YAP-dan olan millət vəkili Mübariz Qurbanlının çıxışı sakit keçən forumda səs-küy yaratdı. Türkiyəli deputatlar hamılıqla onun fikirlərinə etiraz etdilər.

Müzakirənin mərkəzində Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan fikirlərin yaratdığı situasiya və buna səbəb olan amillər idi.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə dedi ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasının səbəbi təkcə Qarabağ münaqişəsi deyil:

«Türkiyə başlanğıcdan sərhədlərin açılması üçün Ermənistan qarşısında üç şərt qoymuşdu. Qondarma soyqırımın götürülməsi, ərazi iddialarından imtina və Qarabağ problemi. Ancaq iki iddia Qarabağ problemindən öncə qaldırılmışdı. Yəni Türkiyə ilə Ermənistanın problemi Qarabağ məsələsindən öncə də var idi. Və o problemlərin həlli olmadan da sərhədlərin açılması mümkün deyil».

Türkiyəli millət vəkilləri sərhədlərin bağlanmasının tək səbəbinin Azərbaycan torpaqlarının işğalı və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi olduğunu dedilər və əlavə etdilər ki, bu barədə 1993-cü ildə Türkiyə Xarici İşlər Nazirliyinin konkret bəyanatı da mövcuddur.

Yılmaz Ateşin
CHP sədrinin müavini Yılmaz Ateşin isə Mübariz Qurbanlının fikirlərinə münasibəti belə oldu:

«Ermənistan dövləti qurulanda aramızdakı problemlərə baxmayaraq Türkiyə onu ilk tanıyan ölkələrdən oldu. Yəni Ermənistanın Türkiyəyə qarşı torpaq və soyqırımı iddiası var. Amma Türkiyə-Ermənistan sərhədlərinin bağlanması qərarı Qarabağla əlaqədardır. Biz sərhədlərimizi Azərbaycan torpaqları işğal edildikdən sonra bağladıq. Bu baxımdan sayın millət vəkili Mübariz Qurbanlı həddini aşan bir fikir söylədi».

Yılmaz Ateş deyir ki, Mübariz Qurbanlı AKP millət vəkillərinin Bakıya gəlməmələrini anlayışla qarşılayırsa, qoy olsun. Bu, onun öz işidir. Ancaq Türkiyə ilə bağlı bir gerçəyi dəyişdirərək AKP millət vəkillərini məsum göstərməyə çalışmasın. Onun fikrincə, Türkiyə və Azərbaycan rəsmiləri hər iki xalqın hisslərinə toxunacaq fikirlər söyləməkdən ehtiyatlanmalıdırlar.

Forumda Türkiyə Böyük Millət Məclisində təmsil olunan müxalifət partiyaları - CHP və MHP-dən ümumilikdə 7 deputat iştirak edirdi. Azərbaycan parlamentinin isə bütün partiyaları müzakirələrə qatılmışdı. Əsas ittiham hədəfi isə Türkiyə iqtidarı idi. MHP-dən Atilla Kaya Türkiyə rəhbərinin Ermənistana səfərini yanlış addım adlandırdı:

Forumda çox fikirlər söyləndi. Amma söylənməyən nələrsə də qaldı
«Mən bu addımın yanlış olduğunu Türkiyə rəhbərinə məktubla müraciətimdə də bildirmişdim».

Deputat Qüdrət Həsənquliyev isə dedi ki, Türkiyənin bu hərəkətinə rəğmən Azərbaycan PKK ilə danışıqlar aparmır.

Forumda hər iki tərəfdən artıq «bir millət, iki dövlət» deyimini «bir millət, bir dövlət» ifadəsi ilə əvəzləyib bu cür hərəkət etməyin vaxtının çatdığını bildirənlər də oldu. Deputat Sabir Rüstəmxanlı isə bu işin həyata keçirilməməsində iqtidarı suçladı:

«Nədən bir-biri ilə yola getməyən, ömrü boyu düşmənçilik etmiş dövlətlər bir araya gəlib Avropa Birliyini yarada bilir, ancaq türklər birlik haqda düşünə bilmir. Nə yaxşı ki, Heydər Əliyev «bir millət, iki dövlət» ifadəsini işlədib. Biz bu bir kəlmə sözü bu gün öz iqtidarımıza davamlı olaraq xatırladırıq. Çünki bizim iqtidarımızda da türkçülük şüurunun çox irəli gəlməsinə qısqanclıqla yanaşan adamlar var».

Birlikdən söz düşmüşkən, Mübariz Qurbanlı deyir ki, Azərbaycan Türkiyəyə apardığı siyasətlə bağlı göstərişlər verə bilməz. Türkiyə də Azərbaycana abilik edə bilməz. Arada qardaşlıq var, amma abilik yoxdur. Yəni bu münasibətlər bərabər dövlətlərarası mnasibətlərdir. Onun fikrincə, Türkiyə-Azərbaycan arasında hansısa birlik, qurum yaradılacaqsa, bu, zamana ehtiyacı olan tarixi bir prosesdir. Nə zamansa olacaq.

Forumda Türkiyə Böyük Millət Məclisində təmsil olunan müxalifət partiyaları - CHP və MHP-dən ümumilikdə 7 deputat iştirak edirdi
Forumda çox fikirlər söyləndi. Amma söylənməyən nələrsə də qaldı. Deputat Cəmil Həsənli tədbiri yarımçıq tərk etdi. Çox keçmədi ki, Ümid Partiyasının sədri İqbal Ağazadə də forumu tərk etmək qərarı verdi. Yolüstü bizə dedi ki, özləri özlərinə söz verib özləri də çıxış edirlər. Mən danışmasam da olar.

Toplantıda çıxış edənlər ya Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağına əmin olduğunu ya da indilik bu məsələdə bir addım geri atıldığını bildirdilər. CHP-dən Şükrü Elekdağ isə sərhədlərin niyə açılmayacağını belə izah etdi:

«Ermənistan qarşısına qoyulan şərtləri yerinə yetirmədən sərhədlərin açılması bu dövlətə ödül verməkdir. Ona «get işğalı davam etdir» deməkdir».

Forumun sonunda qəbul edilən bəyanatda isə deyilir ki, heç bir hadisə Türkiyə və Azərbaycanın münasibətlərinin üstünə kölgə sala bilməz. Və tərəflər bütün problemlərin çözülməsində bundan sonra da bir yerdə olacaqlar. Aprelin 16-da forum iştirakçıları mətbuat konfransı keçirəcəklər.

Şərhləri göstər

XS
SM
MD
LG