Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:26

Beynəlxalq Böhran Qrupunun hesabatı necə qarşılanır?


Beynəlxalq Böhran Qrupu Türkiyəni Dağlıq Qarabağ probleminin həllini gözləmədən Ermənistanla sərhədləri açmağa çağırıb
Beynəlxalq Böhran Qrupu Türkiyəni Dağlıq Qarabağ probleminin həllini gözləmədən Ermənistanla sərhədləri açmağa çağırıb. Qurum «Türkiyə və Ermənistan: Açıq Fikirlər, Açıq Sərhədlər» adlı hesabatda belə bildirir. Sənəddə deyilir ki, tərəflər yüzillik ərzində münaqişə əsiri olmuş qarşılıqlı münasibətləri normallaşdırmaq, birgə tarixləri ilə bağlı yeni yanaşmalar üzərində işləmək və Avropanın bu sərhədini açmaq üçün indiyədək mövcud olan ən yaxşı imkandan istifadə etməlidirlər.

Hesabatda vurğulanır ki, həlli dalana dirənmiş Dağlıq Qarabağ münaqişəsi hələ də Türkiyə və Ermənistan arasında razılaşma paketinin yekunlaşmasını təhlükə altında saxlayır. Bildirilir ki, artıq uzun müddətdir ki, Azərbaycan işğal olunmuş ərazilərindən Ermənistanın çəkilmədiyi müddətdə sərhədlərin açılmasına qarşı çıxır. Ancaq Türkiyə irəliləmək üçün bu imkanı əldən verməməli və öz müttəfiqini inandırmalıdır ki, Ermənistanın təhlükəsizliyini nəzərə alan bu yaxınlaşma sülhün əldə edilməsinə on beş illik durğunluqdan daha çox yardım edəcək.

Bəxtiyar Sadıqov
Hesabatda Ermənistan hökumətinə də tövsiyə olunur ki, Türkiyə ilə münasibətlərin uzunmüddətli normallaşmasını təmin etmək üçün Azərbaycanla birlikdə, yekun nəticədə ATƏT-in Minsk Qrupunun təklif etdiyi əsas prinsipləri qəbul etsin, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilsin.

Birləşmiş Ştatlar, Rusiya və Avropa Şurasına üzv ölkələrə müraciətdə isə deyilir ki, hər iki tərəfdə ictimai fikri qıcıqlandıra biləcək və bununla da Türkiyə Ermənistan barışığına mənfi təsir göstərə biləcək bəyanatlara və ya hər hansı addımlara yol verməsinlər. Amerika, Rusiya və Fransanın nümayəndələrindən ibarət Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupunun vəzifələri daha da gücləndirilsin.

Hesabata münasibət bildirən millət vəkili Bəxtiyar Sadıqov Beynəlxalq Böhran Qrupunu növbəti dəfə qeyri-obyektiv münasibət göstərməkdə ittiham edir. Millət vəkilinin fikrincə, Türkiyəyə ünvanlanan bu çağırış ikili standartların yeni təzahürüdür:

Əli Kərimli
«Onlar bilməmiş olmazlar ki, sərhədlər açılsa bu əslində təcavüzkara dəstək verməkdir, bununla da Qafqazda sabitliyin pozulmasına təkan vermək deməkdir. Bu, ikili standartdır ki, onlar daim bir ölkəyə bir nəzərlə, digərinə başqa nəzərlə baxıb obyektivlik hissini əldən verirlər və özlərinə məxsus ölçü vahidi ilə hadisələrə yanaşırlar. Bu isə qəbulolunmazdır».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə Beynəlxalq Böhran Qrupunun Qərblə həmfikir bu cür hesabat yaymasında qeyri-adi heç nə görmür. O deyir ki, bu cür təşkilatları təsis edən insanlar uzun müddət Qərbin siyasətini müəyyənləşdirmiş dövlət xadimləri və siyasətçilərdir. Partiya rəhbərinin fikrincə, narahatedici məqam odur ki, bu qurum da daxil olmaqla beynəlxalq aləm ilk addımı Türkiyənin atmasını istəyir:

İlqar Məmmədov
«Dünyanın siyasət mərkəzlərinə elə gəlir ki, Azərbaycana və Türkiyəyə təzyiq etmək daha asandır nəinki Ermənistana. Buyursun Azərbaycan və Türkiyə əksini nümayiş etdirsin. Ona görə burda siyasi iradə göstərmək lazımdır. Dünya birliyinin qarşısında çox açıq şəkildə bildirmək lazımdır ki, məhz bu həmin ikili standartların əyani nümunəsidir ki, Ermənistan işğalçı ola-ola heç kim onu beynəlxalq hüquq prinsiplərini yerinə yetirməyə dəvət etmir, hami bu işğalçıya daha əlverişli şərtlər təklif etmək barədə düşünür».

Politoloq İlqar Məmmədov da Beynəlxalq Böhran Qrupunun bu hesabatını yersiz sayır.

«Mən düşünmürəm ki, bu qrup Güney Qafqazdakı münaqişələrə dair tamamilə neytral və obyektiv baxışlara malikdir. Ona görə də, bu qurumun indiki məqamda belə bir bəyanatla çıxış etməsi prosesə xeyirdən çox ziyan vurur. Dövlətlərin maraqları məlumdur, toplumların maraqları məlumdur və bu çərçivədə hərəkət etmək lazımdır. BBQ isə düşünmürəm ki, bu hesabatı vaxtında edib. Hər halda buna ehtiyac yox idi indi».

İlqar Məmmədovun fikrincə, Beynəlxalq Böhran Qrupu Qərblə həmfikir olmasından daha çox, «mən də varam» prinsipi ilə belə bir hesabat yayıb.
XS
SM
MD
LG