Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

Rəsmi və iqtidaryönlü media Türkiyəyə qarşı


Zərdüşt Əlizadə
Türkiyənin Ermənistanla sərhədi aça biləcəyi ehtimalı ilə bağlı Azərbaycanın rəsmi və iqtidaryönlü mediası Türkiyə əleyhinə kampaniyaya başlayıb. Hər gün Lider və başqa yerli kanalların efirində sıravi adamlar, QHT təmsilçiləri, siyasətçilər Türkiyənin mümkün addımını pisləyir. «Yeni Azərbaycan» və «Azərbaycan» qəzetlərində gedən yazılarda bildirilir ki, Türkiyənin sərhədi açması ciddi xarici siyasət səhvi və Azərbaycanın milli mənafeyinə zərbədir.

Rəsmi «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, rəhbərlik etdiyi qəzetdə yazılanlar nəinki cəmiyyətin, bütövlükdə xalqın rəyidir. Əslində onlar heç də redaksiya materialı, müxbir mövqeyi vermirlər, ayrı-ayrı qurumların, fəalların fikirlərini əks etdirirlər.

B.Sadıqovun fikrincə, sərhədin açılması məsələsində əksər Azərbaycan jurnalistləri, o cümlədən müxalifət yazarları eyni mövqe ortaya qoyublar:

- Gedib Türkiyədə müəyyən işlər görüblər, Azərbaycanın milli maraqlarından çıxış ediblər. Əgər iqtidar təşkil eləyibsə, müxalifət niyə buna qoşulub?

Politoloq Zərdüşt Əlizadə isə bildirir ki, anti-Türkiyə kampaniyası daxilə hesablanmış addımdır, hakimiyyət qüvvələri kütləylə manipulyasiya edirlər:

- Bu, 37-ci illərin «xalq, partiyaların siyasi xəttini bəyənir», «xalq düşmənlərini lənətləyir» kampaniyasına oxşayır. İdarə olunan bir prosesdir.

Z.Əlizadə deyir ki, hakimiyyət özünün deyə bilmədiyini özündən asılı olanlar vasitəsilə deyir.
Bəxtiyar Sadıqov
Politoloqun fikrincə, əslində Azərbaycan hakimiyyəti Türkiyə-Ermənistan sərhədinin açılmasıyla bağlı məsələnin gündəmə gələcəyini bilirdi, bu barədə dəfələrlə ikitərəfli telefon danışıqları olmuşdu. Sadəcə indi bir oyun gedir.

Z.Əlizadə deyir ki, bu oyun kütləni məlumatsız saxlamağa, nə vaxtsa məsuliyyəti başqasının üzərinə atmağa hesablanıb:

- Məsələn, mərhum Heydər Əliyev sovet vaxtı hakimiyyətdə olanda bir tərəfdən «pripiska»nı dəstəkləyirdi, digər tərəfdən guya «pripiska»ya qarşı mübarizə aparırdı. Bir tərəfdən guya Türkiyə-Ermənistan sərhədinin açılmasından narazıdırlar, digər tərəfdənsə hər şey etdilər ki, Türkiyə xarici siyasətdə başqa səmt götürsün.

Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabin Frayzersə «Azadlıq» radiosuna deyir ki, Azərbaycan Türkiyə-Ermənistan sərhədinin açılmasına dair müzakirələri iki ölkənin işi kimi qəbul etməli, Türkiyənin arqumentlərini eşitməlidir.

Xanım Frayzerin fikrincə, sərhədlər açılsa, bu, Dağlıq Qarabağ danışıqlarına müsbət təsir edəcək, ölkədə daha yaxşı inam mühiti yaranacaq:

Sabin Frayzer
- Ermənilər özlərini daha təhlükəsiz hiss edəcəklər, qonşuları - türklər, azərbaycanlılar sarıdan daha az narahat olacaqlar. Nəticədə onlar güzəştə getməyə, işğal olunmuş ərazilərdən çıxmağa daha meylli olacaqlar.

S.Frayzer deyir ki, Azərbaycan həmişə regionda ağıllı siyasət yürüdüb, əsas qüvvələr arasında balansı saxlayıb. Ona görə də bu ölkənin guya xarici siyasət kursunu dəyişməsi, Türkiyəyə qarşı kampaniya aparmaqla Rusiyaya meyillilik göstərməsi inandırıcı görünmür.

S.Frayzerin fikrincə, Azərbaycanın bir neçə ay əvvəl sərgilədiyi mövqe ən yaxşı siyasət idi:

- Abdullah Gül Yerevana gedəndə, Azərbaycandan buna rəsmi reaksiya olmadı. Azərbaycan Türkiyəyə imkan verməlidir ki, Ermənistanla münasibətləri normallaşdırsın, bundan sonra regionda sülh prosesində daha böyük rol oynasın.

S.Frayzer inanmır ki, Türkiyə-Ermənistan sərhədinin açılması Dağlıq Qarabağ danışıqlarının elementi olmalıdır. Çünki münaqişə Azərbaycan və Ermənistan arasında gedir.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov isə bildirib ki, Türkiyə Ermənistanla sərhədini bilavasitə Azərbaycan torpaqları işğal olunduğuna görə bağlayıb, sərhədlərin açılması ilə bağlı qərarın ləğvi də yalnız işğal olunmuş ərazilərin azad olunmasından sonra mümkündür.
XS
SM
MD
LG