Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:13

«Azərbaycanda böhranın dərdini ölkədə axtarmaq lazımdır»


Gön-Dəri Emalı Zavodu
Gön-Dəri Emalı Zavodu
«Dünyadakı maliyyə böhranı Azərbaycanda deyəsən, bizim evimizə də gəlib. Seximizi bağladılar, işsiz qaldım».
Solmaz xala paytaxtdakı xalça müəssisələrinin birində toxucu işləyirdi. Onun sözlərinə görə, rəhbərlik işçilərə deyib ki, müəssisənin sifarişləri azalıb. Axırda da işi dayandırmağa məcbur olublar: «Biz də işsiz qaldıq. 10-a yaxın qadın idik. Hamımızı çıxardılar».

Son üç ildə Azərbaycanda xalça istehsalı sürətlə azalıb. Bunu Dövlət Statistika Komitəsindən deyirlər. Əgər 2006-cı ildə 300 min kvadratmetrə qədər xalça toxunubsa, 2007-ci ildə bu rəqəm 3 minə düşüb. Amma Dövlət Statistika Komitəsi ötən il nə qədər xalça toxunduğunu hələ açıqlamayıb.

İqtisadçılar isə Azərbaycanda nəinki xalça istehsalının, o cümlədən sənayenin digər sahələrində də geriləmə olduğunu bildirirlər. Bunun təsdiqi üçün də onlar Dövlət Statistika Komitəsinin 2008-ci ilin yekunları və bu ilin yanvar ayı üzrə bülleteninə nəzər salınmasını məsləhət görürlər.

Orada qeyd edilir ki, ötən il şəkər tozunun istehsalı 11 faiz azalıb. Çay, elə spirtli içkilərin istehsalında da təxminən 25-30 faiz arası geriləmə olub. Balıq məhsulları, siqaret məmulatları, çay istehsalı da ötən il nəzərəçarpacaq qədər azalıb. Bundan başqa corab məmulatları da 60 faiz az istehsal olunub.

Rövşən Ağayev
Təqribən elə o qədər də kişi şalvarlarının istehsalında azalma var. Dərzi müəssisələrinin sahibləri bunu tələbatın azlığı, ucuz idxal ucbatından rəqabətə davam gətirə bilməmələri və rəsmi dövlət orqanlarının rüşvət faizlərini artırmaları ilə izah edirlər. Adının çəkilməsini istəməyən sahibkarların sözlərinə görə, onlar vəziyyətdən çıxış yolunu istehsalı dayandırmaqda görüblər.

İstehsalda azalma tendensiyası bu ilin ilk ayında da özünü göstərib. Məsələn, rəsmi məluma görə, yanvar ayında konyak istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 99 faiz azalıb. Pambıq yataq ağları, dəri ayaqqabı, makaron məmulatının da istehsalı zəifləyib.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, dünyada məhsul istehsalı milyon tonlarla ölçüləndə Azərbaycanda kiçik həcmli rəqəmlərdən söhbət gedə bilər. Ötən il Azərbaycanda cəmi 25 kassa aparatı, 49 çap qurğusu istehsal olunub.

Rövşən Ağayev deyir ki, gündəlik istehsal gücü 140 ədəd kompyuter olan Kür zavodu ötən il cəmi 800 ədəd kompüter buraxıb. Bu isə o deməkdir ki, həmin zavod ildə cəmi bir həftə işləyib. Rövşən Ağayev deyir ki, əslində Azərbaycanda istehsal böhranını dərdini dünyada yox, elə ölkədə axtarmaq lazımdır:

Pənah Hüseyn
«Əvvəlki illərin statistikasına baxsaq, görərik ki, elə məhsul növləri var ki, azala-azala gəlib. Buna görə də mən məsələni yerli iqtisadiyyatın struktur problemləri ilə izah etməyin tərəfdarıyam».

Millət vəkili Pənah Hüseynin fikrincə, ölkə sənayesində istehsalın azalması təkcə dünya iqtisadi böhranla yox, həm də ölkədaxili idarəetmə böhranıyla bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda olan-qalan istehsalın da azalacağı gözlənilirdi. Çünki yerli idarəetmədə ciddi problemlər var, sahibkarlar sağlam rəqabət şəraitində fəaliyyət göstərə bilmirlər:

«Sahibkarlardan rüşvət alınır, ciddi korrupsiya var. Hökumətin ixraca yönəlik siyasəti yoxdur».

Azərbaycan hökuməti isə hesab edir ki, ölkə iqtisadiyyatı dünya maliyyə böhranına baxmayaraq inkişafdadır. Bu günlərdə Milli Məclisdə baş nazirin müavini Yaqub Eyyubov hökumətin hesabatını təqdim edib. Həmin hesabatda isə yeni iş yerlərinin açılmasından danışılır.

Millət vəkili Pənah Hüseyn isə bildirir ki, tezliklə yerli sahibkarlara antiinhisar proqramı çərçivəsində dəstək göstərilməsə, Azərbaycanın qeyri-neft sektoru təmaimilə tənəzzülə uğrayacaq.
XS
SM
MD
LG