Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:36

Ermənistan böhranla mübarizə üçün xaricə üz tutur


Ermənistan hökuməti bir neçə həftə qabaq milli valyutanı dəstəkləməyi dayandırmışdı. Bu da dramın təxminən 20 faiz qiymətdən düşməsinə gətirib çıxarmışdı
Ermənistan hökuməti bir neçə həftə qabaq milli valyutanı dəstəkləməyi dayandırmışdı. Bu da dramın təxminən 20 faiz qiymətdən düşməsinə gətirib çıxarmışdı
Bu günlərdə Ermənistanda ən nəhəng kimya müəssisəsini - Nairit zavodunu məhkəməyə veriblər. İddiaçı istəyir ki, məhkəmə zavodu müflis elan etsin. Sintetik kauçuk istehsal edən bu müəssisənin 3 milyon dollara yaxın işıq pulu borcu var. Zavodu Ermənistanın dövlət elektrik paylama şəbəkəsi məhkəməyə verib. Bu məhkəmə iddiası elə bir vaxtda ortaya çıxıb ki, onsuz da Nairit zavodunun vəziyyəti ağırdır. Maliyyə böhranına görə, dünyada sintetik kauçukun qiymətləri düşüb - zavod keçən ilin dekabrında istehsalı dayandırıb və 2000 nəfərlik kollektivin çox hissəsini öz hesablarına məzuniyyətə göndərib.

Məhkəmə keçən həftənin 5-ci günü başlayıb. Elektrik paylama şəbəkəsinin icraçı direktoru Yevgeni Qladunçik deyir ki, zavodun borcu ödəyəcəyinə inanmırlar. Bundan başqa, zavodun işçilərə 600 min dollar maaş borcu da var.

Zavodun ümumi borcu isə 45 milyon dollardır. Müəssisənin rəhbəri Vahan Melkonyan problemlərin həllini Moskvada axtarır. O, Rusiya paytaxtından mediaya verdiyi açıqlamada deyib ki, MDB-nin dövlətlərarası bankından yeni kredit alıb. Zavoda bundan qabaqkı kreditlərin də çoxunu həmin bank verib. Direktor deyir ki, borclarını ödəyərək kollektivin böyük hissəsini işə çağıracaqlar və apreldən müəssisənin fəaliyyətini bərpa edəcəklər.

Keçən həftənin sonu prezident Serj Sarkisyan qlobal maliyyə böhranının Ermənistana artan təsirini müzakirə etmək üçün ölkənin 50-cən siyasi partiyasının nümayəndəsini başına toplayıb. Bunlar əsasən hakimiyyətə yaxın partiyalar olub, ölkənin əsas müxalifət partiyası - Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi görüşü boykot edib. Görüş bağlı qapılar arxasında dörd saat davam edib. Sonradan yayılan məlumata görə, prezident öz çıxışında bildirib ki, əgər böhrana qarşı birgə mübarizə aparılmasa, bütün cəmiyyət əziyyət çəkəcək. İqtidara dəstək verilməsinə çağıran Sarkiysan deyib ki, bu təhlükə qarşısında hökuməti tək qoymaq ağıllı hərəkət olmazdı. Prezident güman ki, müxalifəti nəzərdə tutaraq deyib ki, heç bir partiya böhrandan siyasi xal qazanmaq üçün istifadə etməməlidir.

Baş nazir Tiqran Sarkisyan görüşdən sonra jurnalistlərə bunları deyib:

«Siyasi partiyalarla görüşdə çoxlu təkliflər səsləndi, o cümlədən şəffaflığın artırılması haqda. Bundan başqa, vergi orqanlarının biznesə müdaxiləsindən narahatlıq bildirildi, kiçik və orta sahibkarlığın dəstəklənməsinin vacibliyi haqda danışıldı. Bu diskussiya hökumətə cəmiyyətdəki ovqatı öyrənməyə, böhranın səbəblərini aydınlaşdırıb ondan çıxış yolu tapmağa kömək edir».

Baş nazir hökumətin böhranla mübarizə siyasətini yüksək qiymətləndirib və deyib ki, onlar xaricdən kreditlər alıb kişik və orta sahibkarlara kredit kimi paylayacaqlar. Hökumətin anti-böhran planına görə, 18 şirkətə ümumilikdə 70 milyon dollara yaxın maliyyə yardımı edilməsi də nəzərdə tutulur.

Ter-Petrosyanın partiyası isə deyir ki, nə qədər ki, son prezident seçkilərində tutulan mitinqçilər azad edilməyib, hökumətlə hər hansı dialoqa getməyəcəklər. Ermənistan Milli Konqresinə yaxın olan keçmiş Baş nazir Qrant Baqratyan deyib ki, görüşdə iştirak etsəydilər, həbsdəki silahdaşlarının üzünə baxa bilməzdilər.

Bəzi müxalifətçilər isə görüşü hökumətin diqqəti siyasi problemlərdən yayındırmaq üçün hiyləgər gedişi adlandırıb.

İndi Ermənistanda büdcənin xərclər hissəsinin azaldılmasından söhbət gedir. Müxalifətdə olan Ermənistan Milli Konqresindən Vaaq Xaçatryan hesab edir ki, bəzi xərclərə toxunmaq olmaz:

«2009-cu il büdcəsi 940 milyard dramdı. Təxminən 2 milyard yarım dollar. Bu pulun 25 faizi toxunulmaz xərclərdi - təqaüdlər, maaşlar və müavinətlər. Hesab edirəm ki, ordunun xərclərinə də dəymək olmaz. Qalan xərclərlə sərbəst şəkildə davranmaq olar».

Ermənistan hökuməti bir neçə həftə qabaq milli valyutanı dəstəkləməyi dayandırmışdı. Bu da dramın təxminən 20 faiz qiymətdən düşməsinə gətirib çıxarmışdı. Bu, beynəlxalq maliyyə qurumlarının Ermənistan hökuməti qarşısında şərti idi və bundan sonra onlar Ermənistana böhranla mübarizə üçün maliyyə yardımı ayırmağa razı oldular. Bundan başqa, böhranla mübarizə üçün Rusiya da Ermınistana 500 milyon dollar kredit ayırıb.

İndi məlumatara görə, hökumət yenidən bazara çoxlu dollar buraxmağa başlayıb, çünki bunu etməsələr, dram daha da ucuzlaşa bilər.

Bəzi ekspertlər həm bunu, həm də hökumətin siyasi partiyalarla birgə təşkil etdiyi görüşü, daha çox qarşıdan gələn seçkilərlə əlaqələndirirlər. Söhbət mayın 31-də Yerevanda keçiriləcək bələdiyyə seçkilərindən gedir. Partiya siyahıları əsasında paytaxt parlamenti seçilməli, onlar da öz növbələrində şəhər merini seçməlidirlər. Bəziləri Yerevan meriyasını «dövlət içində dövlət» adlandırırlar, çünki faktiki olaraq bu, tam müstəqil orqandır. Hökumət bu mövqeni əldən vermək istəmir. Hər halda qonşu ölkədə Mixail Saakaşvili məhz paytaxt meri vəzifəsindən prezidentliyə yüksələ bilmişdi.

Amma Amerikanın Dövlət Departamenti indiyəcən Ermənistanda keçirilən seçkilərdə daim hakimiyyətyönlü namizədlərin xeyrinə saxtakarlıqlara yol verildiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG