Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:10

Korrupsiya qalmaqallarında adı ən çox çəkilən nazirlik


Misir Mərdanov deyir ki, məmurluq onun elmi fəaliyyətinə mane olub
Misir Mərdanov deyir ki, məmurluq onun elmi fəaliyyətinə mane olub
- Təhsil Nazirliyi haqqında ən çox danışılan, korrupsiya qalmaqallarında adı ən çox çəkilən, millətin birbaşa gələcəyinə zərbə vuran struktura çevrilib. Nazirlik olduqca qapalıdır. Nazirlikdən informasiya almaq böyük bir müşkülə çevrilib. İş o yerə çatıb ki, populyar nəşrlərin jurnalistləri olaraq biz Təhsil Nazirliyindən informasiyaları yalnız məhkəmə yolu ilə ala bilirik.

Bu sözləri Təhsil Nazirliyi ilə bir neçə dəfə məhkəmə çəkişməsində iştirak etmiş jurnalist Natiq Güləhmədoğlu deyir. Onun sözlərinə görə, Təhsil Nazirliyində informasiyaların məxfi saxlanmasını yalnız Müdafiə Nazirliyi ilə müqayisə etmək olar. Bu, xüsusən nazirliyə maliyyə məsələləri ilə bağlı yönələn sorğulara aiddir.

Son illər təhsilə ayrılan büdcə vəsaitlərinin artırılması ilə yanaşı nazirliyin beynəlxalq maliyyə qurumlarından aldığı vəsaitlərin həcmi də dəfələrlə böyüyüb. Ancaq onların necə xərclənməsilə bağlı ictimaiyyətə heç bir açıqlama verilmir. N.Güləhmədoğlunun sözlərinə görə, informasiyaların gizli saxlanması ilə bağlı göstəriş birbaşa Təhsil naziri Misir Mərdanovdan gəlir.

M.Mərdanov 1946-cı ildə indiki Ermənistan Respublikasının ərazisində doğulub. 1996-98-ci illərdə rektorluq etdiyi o zamankı Azərbaycan, indiki Bakı Dövlət Universitetini bitirib. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Mərdanov Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün 91 nəfərin yaratdığı, elə buna görə də şərti olaraq «91-lər» adlandırılan qrupun üzvlərindən biridir. Misir Mərdanovun Azərbaycanın ən prestijli ali məktəbinə rektor təyin edilməsini, daha sonra isə Təhsil naziri kürsüsünə yüksəldilməsini onun Heydər Əliyevin qardaşı Cəlal Əliyevlə yaxınlığı ilə də bağlayırlar. «91-lər»in sırasında olması, eyni zamanda hakim ailənin üzvlərilə isti münasibətləri M.Mərdanovu nazir kürsüsü ətrafında dolanan burulğanlardan daim xilas edib.

2006-cı ildə M.Mərdanov 60 illiyi münasibətilə Azərbaycanın ali mükafatlarından olan «Şöhrət ordeni» ilə təltif edilib
2005-ci il parlament seçkisindən sonra uzun illər Misir Mərdanovla eyni cəbhədə Heydər Əliyevə silahdaşlıq etmiş Səhiyyə naziri Əli İnsanov dövlət çevrilişinə cəhd suçlaması ilə həbs ediləndə, mediada onun da vurulacağı xəbərləri yer almağa başlamışdı. Ancaq o zaman M.Mərdanov başçılıq etdiyi sahəyə heç bir bağlılığı olmayan bir mövzuda mətbuat konfransı keçirərək YAP-ın siyasi kursuna sadiq qalacağını bildirdi. Onun bu addımı cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Ancaq Mərdanovun bu addımından sonra Təhsil naziri kürsüsü ətrafında baş verən qalmaqallar səngidi. Hətta 2006-cı ildə Misir Mərdanov 60 illiyi münasibətilə Azərbaycanın ali mükafatlarından olan «Şöhrət ordeni» ilə təltif edildi.

Ancaq bu, M.Mərdanovun öz kürsüsünü qorumaq üçün keçmiş silahdaşlarını asanlıqla tərk etmək üzrə ilk təcrübəsi deyil. 1995-ci il dövlət çevrilişi cəhdində adı keçən Türkiyə vətəndaşı, Azərbaycan parlamentində müşavir vəzifəsinə gətirilən Fərman Dəmirqolla isti münasibətlərinin olmasına baxmayaraq, çevrilişdən sonra Misir Mərdanov bu insanla əlaqələrini təkzib edirdi.

11 il bir şəxsin nazir kürsüsündə oturmasına münasibət də birmənalı deyil. «Pedaqogika» Nəşriyyatının direktoru Əlövsət Osmanlı Misir Mərdanovun 11 illik nazirliyini Azərbaycan təhsilinin ən dağıdıcı illəri sayır:

- Misir Mərdanovun indiyə qədər nazir kimi qalması çox pis hadisədir. Onun dırnaqarası xidməti odur ki, bizim təhsilimizin məzmununu dağıdıb. Bunu sübut etmək üçün yalnız bu il məktəblərə istifadəyə verilən dərsliklərə və kurrikulum adlı sənədə baxmaq yetərlidir. Misir Mərdanov Təhsil naziri təyin olunan zaman görəcəyi işlərlə bağlı vədləri yerinə yetirməyib...

Azərbaycan müəllimi hələ də ən az maaş alan dövlət qulluqçusu sırasındadır, təhsilin keyfiyyəti ildən-ilə aşağı düşür, dərsliklər hakim partiyanın siyasətinə uyğunlaşdırılır, təhsil sahəsində korrupsiya sürətlə çiçəklənir.

Kamal Abdulla M.Mərdanovdan yalnız müsbət keyfiyyətlərə malik nazir kimi söz açır
Deputat Arzu Səmədbəyli də hər hansı sahədə yeniliklərin olması üçün kadr dəyişikliklərini vacib sayır. Onun sözlərinə görə, eyni şəxsin bir kürsüdə uzun müddət qalması həmin sahədə yalnız bataqlıq effekti yarada bilər:

- Sanki bu nazirləri kiminləsə əvəz etmək mümkün deyil. Nazirlər 3-5 il işləyəndən sonra mütləq onları əvəz etmək gərəkdir. Elə nazir var, illərdir oturub kürsüsündə, bütün tayfasını da yığıb böyrünə, tərpətmək də mümkün deyil.

Təhsil Nazirliyindən Misir Mərdanovun islahatları haqda informasiya almaq cəhdlərimiz uğurlu olmadı. Nazirliyə gün boyu zənglərimiz cavabsız qaldı. Bu yerdə nazirliyin Mətbuat Xidmətinin də mediayla işini son dərəcə pis qurduğunu vurğulamaq yerinə düşür.

Uzun illərdir Dövlət Dillər Universitetinə rəhbərlik edən Kamal Abdulla isə Misir Mərdanovdan yalnız müsbət keyfiyyətlərə malik nazir kimi söz açır. Rektorun fikrincə, son illər Azərbaycan təhsilinin bütün uğurları məhz M.Mərdanovun adı ilə bağlıdır:

- Nazir hökumətin, dövlət başçısının təhsillə bağlı siyasətini həyata keçirir. Nazirin ən böyük köməyi odur ki, ona müraciət etdikdə universitetin gələcəyi ilə bağlı kömək göstərir. Elə bir hal olmayıb ki, bizim universitetin gələcəyi ilə, inkişafı ilə bağlı hər hansı məsələ ilə bağlı biz cənab nazirə müraciət edək, o da onu həyata keçirməsin.

Misir Mərdanovun həmmüəllifi olduğu nəşrlərin dəqiq sayı bəlli deyil. Elə ekspertlər də onu sual edirlər ki, nazir ola-ola M.Mərdanov on dörd dərsliyə həmmüəlliflik etməyə həqiqətənmi vaxt çatdırıb, ya dərsliyin dövlət qrifi alması üçün nazirin familiyasının orada olması şərtdir.

Misir Mərdanovun özü isə müsahibəsində deyib ki, məmurluq onun elmi fəaliyyətinə mane olub.
XS
SM
MD
LG