Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:31

«Qüvvədə olan Təhsil qanunu daha demokratikdir»


Ekspert deyir ki, bir çox məsələlərin icra hakimiyyəti orqanlarına həvalə olunması problem yaradacaq

Ekspert deyir ki, bir çox məsələlərin icra hakimiyyəti orqanlarına həvalə olunması problem yaradacaq

Dinlə

«Hazırda qüvvədə olan «Təhsil haqqında» qanun daha demokratikdir. Hətta bu sənəd bəzi məqamlarda Boloniya bəyannaməsini qabaqlayır»-, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib. Onun sözlərinə görə, indi qüvvədə olan qanunun 2-ci maddəsinin əsas qayəsi təhsil müəssisələrinin muxtariyyəti ilə bağlıdır.

«Halbuki, 1999-cu ildə yaradılan Boloniya prosesində ən vacib məsələlərdən biri məhz muxtariyyət məsələsi qoyulub».

R.Ağayev bildirdi ki, «Təhsil haqqında» yeni qanun layihəsindəki ciddi problemlərdən biri bu sənəddə bir çox məsələnin üstündən sükutla keçməsi ilə əlaqədardır.

«Bir çox məsələlər var ki, onların həlli müvafiq icra hakimiyyəti orqanına həvalə olunur. Parlament rəhbərliyi deyir ki, bu, çərçivə qanunu olduğuna görə belədir. Amma məhz çərçivə qanunu məsələnin əsas çərçivələrini müəyyənləşdirməlidir. İndi qüvvədə olan «Təhsil haqqında» qanunda bir çox məsələlər daha dəqiq qoyulub. Məsələn, qeyd olunub ki, 1993-cü ildən sonra ali təhsilin maliyyələşməsi səviyyəsi, müəllimlərin maaşları, tələbə və aspirantların təqaüdləri dünya standartlarına uyğunlaşmalı idi».

Ekspert deyir ki, bu qanun layihəsində bir çox məsələlərin müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunması problem yaradacaq.
«Çünki Azərbaycanda Nazirlər Kabinetinin, nazirliklərin qəbul etdiyi normativ qərarlar bir çox hallarda qanundan yuxarıda durur. Bu cür qərarlar isə heç bir halda müzakirə olunmur bağlı qapılar arxasında hazırlanır».

R.Ağayev onu da dedi ki, Azərbaycanda əhalinin ali təhsillə əhatə dairəsi çox aşağıdır - hər 10 min nəfərə 156 tələbə düşür.
Bu rəqəm Gürcüstanda 330, Qazaxıstanda 550, Rusiyada 480 nəfərdir. Azərbaycan hökuməti bu göstəricinin yüksəlməsində maraqlı olmalıdır. Buna görə də dövlət ali məktəblərində ödənişli təhsil nisbətini azaltmaq lazımdır.

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı da qanunda bir sıra müddəaların öz əksini tapmaması fikri ilə razıdır:
«Niyə? Çünki uzun illərdir təhsildə marağı olan tərəflər bu qanunla bağlı konsensusa gələ bilmirlər. Bu cür razılaşma əldə olunmadığı üçün də xeyli maddələr «Təhsil qanunu»nda yoxdur. Ona görə də çərçivə qanunu hazırlanır».

H.İsaxanlı dedi ki, yeni qanun layihəsində heç Boloniya prosesi də tam əks olunmayıb. Çünki bu prosesin əsasında Avropa ölkələrində təhsilin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutur. Bəs bu keyfiyyəti kim ölçməlidir? Avropa ölkələrində bunu müstəqil Akkreditasiya Komissiyaları ölçür. Bizdə isə yalnız dövlət akkreditasiyası nəzərdə tutulur. Belə olanda isə kiminsə xoşuna gəlməyən ali təhsil müəssisəsi haqqında pis rəy də vermək olar».

Rektor bildirdi ki, hazırda Avropada ümumi bir akkreditasiya komissiyası yaradılıb. Və Avropadakı ali məktəblər bu qurumdan müsbət qərar alanda, onda öz ölkələrində qəbul edilmiş sayılırlar. H.İsaxanlı hesab edir ki, təhsil müəssisəsi bir nəfər tərəfindən idarə oluna bilməz.

«Rektor ali təhsil məktəbinin sahibi deyil. Mütləq Qəyyumlar Şurası da olmalıdır. Mühüm qərarlar kollegial şəkildə qəbul edilməlidir. Yeni qanunda korporativ idarəetmə barədə heç bir maddə yoxdur. Mən təklif edirəm ki, Azərbaycanda ali məktəblər yox, ora daxil olan tələbələr maliyyələşdirilsin. Onda dövlət ali məktəbləri arasında rəqabət yaranacaq. Hər birisi əlində pul olan yaxşı tələbəni özünə cəlb etməyə çalışacaq».

Şərhləri göstər

XS
SM
MD
LG