Keçid linkləri

Təcili xəbərlər

40 il əvvəl bu günlər...


Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi qeyd edildiyi gün bütün dünya Böyük Fransız İnqilabının 220 illiyini qeyd edəcək
Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi qeyd edildiyi gün bütün dünya Böyük Fransız İnqilabının 220 illiyini qeyd edəcək
İlham Əliyev: «İqtisadiyyatın və sosial sahənin inkişafında kobud səhvlərin doğurduğu mənfi meyllər dərin kök salmışdır. Ümumi həcm ardınca qaçmaq, coşqun irəliləyiş təsəvvürü yaratmaq iqtisadi yüksəlişin keyfiyyət cəhətlərinə diqqəti azaltmışdır. İnzibatı amirlik metodu zirvəyə qalxmışdır».

Yox, bu sözləri İlham Əliyev bu gün Azərbaycanda baş verənləri təsvir etmək üçün deməyib. O, 70-80-ci illər haqqında hazırlanmış ensiklopediya məqaləsindən sitat gətirirdi. Əslində isə, iqtisadi və siyasi kursu tənqid edən ekspertlər elə bu gün haqqında da təqribən eyni ifadələri işlədirlər. Ancaq atası Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə belə qiymət verilməsi İlham Əliyevi əməlli-başlı qəzəbləndirmişdi.

2004-cu il aprelin 8-də «Azərbaycan Milli Ensiklopediyası»nın redaksiya heyətinin ilk iclasında həmin məqalənin müəlliflərindən biri, eyni adlı nəşriyyatın direktoru İsmayıl Vəliyev işini itirdi. Üstəlik, İlham Əliyev onu iclasdan qovdu:

- Hələ mənimlə mübahisə edir, burda. Çıx get burdan!..

Əslində, bu iclası 40 illik Əliyevlər hakimiyyətinin simvolu kimi də qəbul etmək olar. Oradan qovulan isə tək İsmayıl Vəliyev yox, elə onun kimi bütün düşünənlər idi. Yəni müxalif, fərqli düşünənlərin hamısı…

Bu gün isə 70-80-ci illərin salnaməsi yenidən yazılır. Son günlərdə bu iş xeyli sürətlənib. Qarşıdan Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi gəlir.

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA BİRİNCİ KATİB SEÇİLMƏSİ

1969-cu ilin iyulun 14-də Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilib. Bu hadisəni Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyev belə qiymətləndirir:

«Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi, xalqımızı mili müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcına çevrilmişdir».

«Azərbaycan» qəzetinin 8 iyul tarixli sayında dərc olunan «Ədalət rəmzi» başlıqlı məqalədən gətirdiyimiz sitatın üslubunu olduğu kimi saxlamışıq.

Rəsmi qəzetləri bəzəyən belə yazılardakı ƏDALƏT sözünün isə xüsusi anlamı var. Heydər Əliyevin birinci katib seçiləndən sonra «Pravda» qəzetinə verdiyi ilk müsahibəsinin başlığı belə idi: «Qoy ədalət zəfər çalsın». Həmin müsahibədə o öz sələflərini rüşvətxorluqda ittiham edirdi. İndi «Qoy ədalət zəfər çalsın» şüarı «Səs» qəzetinin epiqrafıdır.

Hakim, nazir, icra başçısı və başqalarının Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyini qeyd etdiyi gün bütün dünya Böyük Fransız İnqilabının 220 illiyini qeyd edəcək. Bu da tarixin ironiyasıdır. Bəşəriyyətə hüquq və bərabərlik, hakimiyyətin xalqdan qaynaqlanması ideyasının qələbəsini daddıran bir gündə Azərbaycanda sovet totalitar rejiminin içində ata-oğul hakimiyyətinin əsası qoyulub.

1969-cu il iyulun 14-dən sonra, hətta sosializmin yarısözdə, yarıəməldə verdiyi hüquq və bərabərliyin özü belə şübhə altına alındı. Yeni avtoritar üsuli-idarənin gəlişi ilə 60-cı illərin coşqunluğu da az bir zaman kəsiyində sabun köpüyünə çevrildi.

Görəsən, Heydər Əliyevin hakimiyyətə gəlişini müstəqilliyə aparan yolun başlanğıcı kimi təqdim edən məqaləni oxuyarkən bu eranın dissidentləri nə düşünür? Axı onlardan bəziləri daha artıq milli hüquq tələb etdiyi üçün məhz o dövrdə təqiblərə məruz qalmışdılar.

Hər halda, 14 iyula fransızların bir, azərbaycanlıların başqa baxışları var. Elə tarixin yenidən yazılmasının da səbəbi bu baxışı «günün tələb etdiyi» istiqamətə yönəltməkdir:

- Köhnə material 99-cu ilə qədər hazırlanıb. İndi mən burda oturmasaydım, nə yazardın?

Əslində, kimin prezident olmasından asılı olmayaraq, həmin dövrü yaşamış insanlar sağ ikən tarixi dəyişdirmək olduqca çətindir.

70-80-Cİ İLLƏR

70-80-ci illərdə rüşvətsiz ali məktəblərə daxil olmaq Azərbaycanda tantan əzabına çevrilmişdi. Xüsusən hüquq, tarix, jurnalistika kimi ixtisaslar sadə insanlar üçün əlçatmaz olmuşdu. Bundan ötrü ya Əfqanıstanda xidmət etməliydin (bu, böyük güzəşt demək idi), ya 7-8 il qəbul imtahanlarında təpik döyməliydin, ya da dövrün qaydalarına uyğunlaşmalıydın.

Məktəblərin 4-cü sinifindən isə şagirdlər zorla pambıq, üzüm yığımına aparılırdılar. Azərbaycan kəndində isə bir kiloqram yağın qiyməti 10 rubula çıxmışdı. Halbuki, qonşu Ermənistanda bir kiloqram yağ elə öz qiymətinə, 5-6 rubula satılırdı. Qubadlı rayonunun Ermənistanla sərhəddə yerləşən bir kəndindən olan dostumun yağla bağlı çox acı xatirələri var. Dostumun deməsinə görə, azərbaycanlılar yağ almaq üçün o qədər qonşu kəndə gedib-gəlməli olmuşdular ki, axırda orda min bir təhqir eşitdilər.

Respublika rəhbərliyindən Moskvaya şikayət edənlərin yeri isə ən yaxşı halda ruhi xəstəxanalar olurdu…

40 İL SƏHRADA…

Belə rəvayət edirlər ki, Musa peyğəmbər yəhudiləri Fironun xofundan azad etmək üçün 40 il sərasər səhrada saxladı. Yalnız bundan sonra yalançı Allah xofu insanların canından çıxdı.

Bu 40 ildə isə hər bir azərbaycanlının içində bir firon doğulub. O insanları sosializmin üstün cəhətlərindən (hərçənd bu quruluşun mənfi cəhətləri də az deyildi) bəhrələnməyə qoymadı. İndi də müstəqilliyin…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Siz Heydər Əliyev erasını necə xatırlayırsınız. Bu barədə yazın.
XS
SM
MD
LG