Keçid linkləri

Təcili xəbərlər

İki bacının Gül Bayramı


Gülnar Aytəndən kiçik olsa da, bayramı daha çox arzu edən odur.
Gülnar Aytəndən kiçik olsa da, bayramı daha çox arzu edən odur.
Uşaqların bayram sevinci başqa olar. Həmişəki günlərindən bu günü fərqli edən məktəbə getməmələridir. Uşaq üçün bundan sevincli nə ola bilər ki?

Gülnar Aytəndən kiçik olsa da, bayramı daha çox arzu edən odur. Çünki o, rəssam olmaq istəyir və sadəcə belə bir gündə hər səhər pəncərələrinə girən çənə boyanmış, yazda isə xüsusi gözəlliyə bürünən Sirabın adsız dağlarına, Ana-Bala Qayasına çıxmaq imkanı var. Budur ona rəssamlıq zövqü aşılayan və bayramları sevdirən səbəb.

Azərbaycanda məşhur olan Sirab mineral sularının qaynadığı eyni adlı kənddə yaşayır bu bacılar.

Yenə günəş çıxmışdı, həmişəkindən fərqli idi bu gün. Çünki bu gün tətil idi. Bu gün Gül Bayramının mahiyyətindən xəbərsiz bayram dadı çıxaracaqlardı bu bacılar.
Mən də orda idim. Uşaqların sirri olmaz. Bunları göstərəcəkdim.

Lalə toplayanda çəkdim bu uşaqları, gülümsəyirdilər heç bir pislik düşünmədən, uşaqlıq dünyasında. Nədənsə fikir vermişəm, bütün uşaqlar bir-birinə bənzəyir, milli ayrı-seçkilik tanımadan. Bu uşaqların eynisini Tiflisdə, İstanbulun «gecəqondu»larında, Ankaranın kasıblar yaşadığı «Ulus»unda da gördüm. Hamısı eynidir. Əslində bütün dünya uşaqları kosmopolitdir.

Siz bu bacıların bayram günü 3 çəpiş, 1 quzu otarmasına, çöllükdə axşama yaxın pendir-çörəyi torpaqlı pomidor-xiyarla yeməsinə baxıb onları kiçiltməyin. Onlar uşaqlıqlarında qloballaşıblar, böyüklərin bacarmadıqlarını onlar bacarırlar.
Bir gün biri çıxıb deyəcək: «ey dünya uşaqları, birləşin!» Kaş ki, dünya heç böyüməyəydi, həp uşaq qalardı.

Quzuları dağın ətəyinə ötürüb zirvəyə qalxmalarına əngəl ola bilmirdim. Uzaqlardakı dağ zirvələrinə boylanırdılar, sanki onların zirvəsində də uşaq axtarırdılar əl sallamaq üçün. Kövrəlirdilər. Uşaq xatirələri onlardan tez böyüyür. O xatirələrə yaxşı düşəndir xoşbəxt insan. Lətifələr danışıb güldürürdüm, imkan tapıb arada bir çəkirdim onları və çalışırdım ki, onlar mənim fotoaparatımdakı yaddaşıma, mən də onların uşaqçığaz pak xatirələrinə səmimi həkk olunum.

Uşaqlar tez böyüyür və keçmişində yaşadıqlarını sonra başqalarına yaşadır.
XS
SM
MD
LG