Keçid linkləri

Təcili xəbərlər

Xatirələr bünövrəsində ucalan göydələnlər


Xatirələrlə dolu kiçik daxmalar üzərindəki vahiməli göydələnlərdən batmaqda olan günəş görünər üfüqdə
Xatirələrlə dolu kiçik daxmalar üzərindəki vahiməli göydələnlərdən batmaqda olan günəş görünər üfüqdə
İnsan əslində eqoistdir, heç kimi və heç nəyi sevmir. O sadəcə özünü və yaşadığı xatirələri sevir. Sevilən nə varsa, onlar yaşamış xatirələrin yedəyində sevilir.

Biri «mən ailəmi sevirəm» deyərkən siz bu qənaətə gəlin ki, onun ailəsi ilə bağlı xoş xatirələri var.

O, «mən evimizi sevmirəm» deyəndə isə sadəcə nəzərə alın ki, onun həmin evdə yaşadığı maraqlı anı yoxdur.

Cütlüklərin tez-tez işlətdiyi «səni sevirəm» ifadəsinin açıqlaması da belədir: «mənim səninlə yaşadığım və yenə də yaşamaq istədiyim (xoş) xatirələrə ehtiyacım var».

Xatirələr prosesdir, nəyisə, kimisə, yəni nəticəni yenidən xatırladan və onu varedəndir.

«Absurd reallıqlarla dolu olan dünyada gözəl sadəcə «proses»dir», - deyirdi Kamyu.

Xatirələr də prosesdir, insanın keçmişini xronoloji ardıcıllıq tanımadan bəlgələyən şey.

Amneziya xəstələri ona görə yaxın ətrafını tanımır, çünki onlarla bağlı olan xatirələri silinib. Xatirə başqasını var edəndir.

İnsanın varlığı üçün ona xatirələr lazımdır. Gənc yaşlarında xatirələrini formalaşdırır, keçmişdəkilərə qarşı güclü immuniteti olur. Zamanla əldə edəcəyi xatirələr prosesi zəifləyir və insan yenilir.

Bu bir xəstəlikdir, adı «Nostalji»dir və bu xəstəliyə hamı yoluxur. Yaşlı insanın keçmişində yaşadığı hadisələri ehtirasla və yorulmadan nəql etməsinin, yaşanmışı yenidən yaşatmaq istəyinin səbəbidir bu. Çünki insan yaşamaq istəyir, xatirələrin bitdiyi yerdə isə həyat yoxdur.

Vaxtilə Osloda yaşayan bir ailə tanıyırdım – ata, ana və 2 gənc övlad - onlarda tez-tez olardım. Ata yaşadığı xatirələri böyüdüyü Bakının dar küçələri fonunda danışardı, oğlu isə Oslonun məşhur Karl Yohan küçəsindən.

Çox keçmədi ki, ata və ana geri qayıtdı, uşaqları isə hələ də orda Norveçdə mutlu həyat yaşayır.

Həmin atanın Bakıda da qonağı oldum. Uşaqlığını, gəncliyini saxladığı məhəlləsinin bir hissəsinin plana düşərək söküldüyündən danışdı yorulmadan. Bəlli idi ki, bu məhəllədə çox şey yaşamışdı. Sonralar anlamağa başladım ki, o kişi Oslodan Bakıya xatirələrinin kölgəsində yaşayan bu məhəllə üçün qayıtmışdı. Məhəllə isə yoxdur artıq.

Mən oxuduğum, ilk sevgimi yaşadığım, oturacaqlarına xoşlamadığım müəllimlərin karikaturalarını çəkdiyim, hər sütununda bir xatirə yatan orta məktəbimin söküldüyünü gördüm. Yerində nəhəng bir şey tikilirdi. Onda başa düşdüm ki, göyə boylanan göydələnlər baş daşına bənzəyir. O məktəblə xatirələrimi də unutmaq istərdim. Təəssüf ki, amneziya xəstəliyinə insan istədiyi vaxt yoluxa bilmir.

Oslodan tanıdığım o kişi isə belə demişdi: «uca binalar tikilir bizim kiçik məhəlləmizdə». Həqiqətən bu ölkədə hündür binalar ucalır insanın çöküşü üzərində.

Və onu da unutmayaq ki, xatirələrlə dolu kiçik daxmalar üzərindəki vahiməli göydələnlərdən batmaqda olan günəş görünər üfüqdə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG