Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:02

Alpay Azər. Mirmehdinin "Bu gün səbr elə" kitabı haqqında


Alpay Azər
Alpay Azər

- "Sadə dialoq dilində yazılmış bu epiloqda müəllif sanki oxucu qarşısında etirafda bulunur: bəli, belə bir şey olmayıb və bu həyatda gercəkdən kasıbçılığa dözən fədakar qadınlar var."

Alpay Azər

“Bu gün səbr elə” haqqında qısa qeydlər

Sosial yüklü romanların yazılmasını nəsrimizdə yaxşı hal hesab edirəm, ən azından, dövrün gercəkliklərini araşdırmaq baxımdan lazımlıdır.

Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu

Təbii ki, Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanı sosioloji tədqiqat mövzusu deyil, əsas olan oldur ki, müəllif bu əsərində paytaxta köçmüş, ehtiyac içində olan bir ailənin üzləşdiyi sosial problemlərin bədii təsvirini verə bilib.

Əsərin süjeti, müəllifin süjetqurma istedadı haqqında məndən öncə nasirlər kifayət qədər yazıblar və bu fikirləri bölüşürəm.

İstənilən realist yazıçını simvolik olaraq konstruktor kimi qiymətləndirsək, yəni informasiyası, savadı və ən əsası, fantaziyası hesabına süjeti qurma bacarığını nəzərə alsaq, Mirmehdinin bu kriteriyalar üzrə uğurlu mətn yazmaq bacarığını ortaya qoyduğunu deyə bilərəm.

Romanı oxuya-oxuya, qələmimi götürüb kitabın qeydlər yerində tənqidi fikirlərimi yazmışdım ki, ərini sevən, üstəlik, o cür çətinliklərə, kasıbçılığa dözən bir qadının ərini başqa bir qadınla müvəqqəti evləndirməsini təşkil eləməsi, plan qurması inandırıcı yazılmayıb, sonda epiloqu oxuyanda necə deyərlər, qələm əlimdən düşdü.

Sadə dialoq dilində yazılmış bu epiloqda müəllif sanki oxucu qarşısında etirafda bulunur: bəli, belə bir şey olmayıb və bu həyatda gercəkdən kasıbçılığa dözən fədakar qadınlar var.

Subyektiv də olsa deyim ki, mənimçün əsərin qəhrəmanı elə epiloqdakı “bibi” obrazıdır. Bu əsərin uğuru (filoloji terminlə desək, həm də uğurlu kulminasiyası) sözün həlledici mənasında onun epiloqundadır. Bir sözlə, postmedern priyomdan istifadə bu əsərdə yerinə düşüb.

Nəsimiylə Dilbərin sevgisinin məncə, bir az da dərindən işləmək olardı, dramatizmi vermək üçün bəzi həyat detallarını fikirləşib yazmaq olardı.

Oxucu kimi bir məqamla bağlı da fikirimi bildirim:

rayon yerində cavan, ərli qadının siqaret çəkməsinin mümkünlüyünü qəbul etsəm də, əsərdə inandırıcı gəlməyən məqam Dilbərin ərinin dostunun onların evində qonaq olarkən Dilbər üçün soyuducunun üstünə siqareti qoyması, Nəsiminin bacısıoğlu Səbuhinin siqaret qutusunu dayıcanına verməsidir.

Mənim nəsrlə bağlı belə bir qiymətləndirmə şkalam var:

  1. İnşa
  2. Zəif əsər
  3. Ortabab
  4. Yaxşı
  5. Əla
  6. Şedevr

Bu təsnifləşdirmə üzrə romana məncə, “yaxşı” qiyməti vermək olar.

Təbii ki, istənilən mətnlə bağlı verilən kriteriyalar nisbidir. Klassiklərin əsəri haqqında iki müxtəlif klassik yazar diametral ziddiyyətdə olan elə fikirlər söyləyir ki, adam bəzən məəttəl qalır.

İstənilən halda, Mirmehdi Ağaoğlunun romanı müasir nəsrimizdə uğurlu nümunə sayıla bilər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG