Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:40

Mirmehdinin yeni romanından bir parça


- "Hələ nişanlıykən, Nəsimi toy eləməyə pul tapa bilməyəndə Dilbər iki ayağını bir başmağa dirəməmişdi. Evlənəndən sonra da qanmazlıq edib ərindən imkanı xaricində bir şey tələb eləməmişdi."

Mirmehdi Ağaoğlu

"Bu gün səbr elə” romanından bir hissə

Mirmehdi
Mirmehdi

Axşam Dilbər evə gələndə Nəsimi ayağının birini altına alıb divanda oturmuşdu.

Səbuhi ilə maşın barədə danışırdılar. Artıq ərizə yazıb işdən çıxmışdı.

Ramazan ayı qurtarsa da elə bil iş-gücdən əl-ayağı soyuduğundan daha toya da getmirdi.

Əgər arabir bacısı oğlu ilə banka və ya maşını satmaq üçün Badamdar bazarına getmirdisə günün çox hissəsini evdə olurdu.

Bir də Məlahətlə görüşürdü. Bu barədə Dilbərə heç nə deməsə də gec gələndə aydın olurdu ki, onunla şam edib. Dilbər bundan artığını ağlına gətirmək istəmirdi.

Şamdan sonra bacıoğlu getdi. Leyla ana da evdə yox idi. Dünən böyük oğlu aparmışdı. Dilbər iki stəkan çay süzüb gətirdi. Qız mətbəxdə boşqabları yuyur, oğlu isə həyətdə tay-tuşları ilə laqqırtı vururdu.

Guya televizora baxırdılar, amma fikirləri bir-birində idi. Danışmaq, ünsiyyət qurmaq istəsələr də alınmırdı. Nədən danışmağa başlasalar yenə gəlib Nəsiminin Amerikaya getməyinin üstünə çıxacaqdılar.

İqtisadi xəbərlər bölməsində maşın bazarından reportaj verilməsi lap yerinə düşdü. Dilbər sözə başladı:

- Maşının işini nə elədin?

- Sabah gedirik alqı-satqıya.

- Neçəyə razılaşdız?

- 3500 dollara. Bankın qalan kreditini özü ödəyəcək.

- Nə ucuz?

- Vaxt da daralır. Başqa almaq istəyən də yoxdu. Ya gərək Səbuhinin adına keçirəm, mən gedəndən sonra o sata. Ya da yüz, iki yüz aşağı verəm. Yaxşısı budu, özüm satıb borcları zadı bağlayım ki, arxayın gedim.

- Nə vaxt gedirsən?

- Uzağı bir həftəyə.

- Toy etmirsiz bəs?

- Kəbin orda kəsiləcək. Məlahət istəsə də, mən toy eləmərəm. O deyir, istəyirəm qohumlarım bilsin ki, toyumdu. Şadlıq evində eləmək fikrindədi. Kimi çağıracam ora? Eşidib bilərlər, sonra biabır olarıq.

- Çağırarsan biz gələrik də.

- Dilbər, dolamısan məni?

- Dolamıram, ciddi deyirəm. Uşaqlar da olmasa özüm gələrəm. Çoxdandı səni bəy stolunda görmürəm.

- Yaxşı, bəsdi, Səbinə eşidər.

Dilbər daha heç nə demədi. Araya sükut çökdü. Amerikalı xanımla evlənmək söhbəti başlayandan münasibətlərində yaranmış soyuqluğu heç cür aradan qaldıra bilmirdilər.

- Gör nə deyirəm. Sabah satıram maşını. Heç olmaya axırıncı dəfə gəzək onda. Heç qismət olmadı bizə o maşında əylənmək. Ancaq elə dərd-sərimizə sürdük.

- Guya nə qismət olub bizə? Evlənən gündən problemlərlə boğuşuruq.

On yeddi illik evlilikləri boyu Dilbər həmişə Nəsiminin yanında olmuşdu. Həmişə ailələrinin işləri qəlizə düşəndə Dilbər ona toxtaqlıq vermişdi. Arxayın etmişdi ki, hər şey qaydasına düşəcək. Nəsiminin yadına gəlmirdi ki, Dilbər bir dəfə nədənsə şikayət etsin.

Hələ nişanlıykən, Nəsimi toy eləməyə pul tapa bilməyəndə Dilbər iki ayağını bir başmağa dirəməmişdi. Evlənəndən sonra da qanmazlıq edib ərindən imkanı xaricində bir şey tələb eləməmişdi.

Nəsimi işsiz qalanda toxtaqlıq vermişdi. Hər gecə aynabənddə oturub əri ilə birgə siqaret tüstülədəndə təkcə onun siqaretlərinə şərik olmamışdı, dərdinə də şərik çıxmışdı. Gecədən keçmişə qədər oturub plan cızmışdılar.

Evlərini girov qoyub pul götürəndə də, müflis olub ev qarışıq cehizləri əllərindən çıxanda da, gəmi kimi nəhəng evi buraxıb Bakıda göyərçin hücrəsi boyda iç-içə, günəşsiz, bürkülü, kiçik kirayə mənzilə yerləşəndə də, ailənin dolanışığı üçün işləməyə qərar verəndə də, əri işsiz qaldığı günlərdə də, uşaqlar üçün məktəb forması almağa imkanı olmayanda da, yay gecələri bürküdən yata bilmədikləri halda kondisioner almağa pul tapmayanda da, Nəsibin apendisit əməliyyatına pul axtaranda da, xəstəlik tapıb sızıldayan ayaqları gecələr yatmağa imkan verməyəndə də, uşaqları fikirləşib dumanlı gələcəklə üz-üzə qalanda da, oğlanı hazırlığa qoymaq üçün müəllimin aylıq pulunu düzəldə bilməyəndə də, bank kreditlərinin aybaay ödəmə vaxtı çatanda da, Nəsiminin gündüz zavodda, axşamlar toyda işləməkdən ailəsinə ayırmağa vaxtı olmayanda da, qardaş, bacı uşaqlarının toyuna getməyə pul, pul tapanda toyda geyinməyə paltar tapmayanda da, ilin on iki ayı evləri qohum-əqrəba ilə dolu olanda da... heç vaxt, heç vaxt Nəsimidən, qismətindən şikayət etməmişdi. Həmişə ömür-gün yoldaşına ürək-dirək vermişdi, ən çətin anlarında da üzündən gülüş əskik olmamışdı.

Nəsimi ilk dəfəydi ki, Dilbərdən şikayət eşidirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG