Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:14

REAL-ın təmsilçisi: «Biz separat danışıq aparmamışıq...»


Natiq Cəfərli
Natiq Cəfərli

-

Son illərin qovğalarından yıpranan, üstəlik, axır vaxtlar partiyadaxili çəkişmələrdən ikiyə bölünən Müsavat, Azərbaycan siyasi səhnəsindəki müxalif qüvvələri fərasətsizlikdə qınayan REAL, həbslərdən sonra itkilərlə üzləşən, amma yenə, dörd namizədlə də olsa, seçkilərə qatılmağa özündə güc tapan NİDA... Bu üç siyasi qüvvə bir araya gəlib bəyanatla çıxış edir ki, parlament seçkiləri dövründə fəaliyyətlərini uzlaşdıracaq, yol verilən qanun pozuntularının birgə monitorinqini aparacaq və seçki günü birgə müşahidə aparacaqlar. Sual doğur: Bu üç siyasi qüvvəni hansı zərurət bir araya gətirib?

Bu və ya digər səbəbdən Müsavat və NİDA-dan həmin suala cavab ala bilməsək də, REAL-ın icra katibi Natiq Cəfərli öz fikirlərini AzadlıqRadiosu ilə bölüşüb. O, birgə bəyanatı «şərtlərdən doğan yaxınlıq» sayır:

- Əslində, bu, bir araya gəlmək və ya blok şəklində fəaliyyət kimi anlaşılmamalıdır. Biz anlayırdıq ki, nə REAL, nə NİDA, nə də Müsavat ayrı-ayrılıqda seçki prosesinə nəzarət edə, müşahidəçiləri məntəqələrdə yerləşdirə biləcək. Ona görə də seçkilərdən öncə kampaniya dövründə birgə monitorinqlə bağlı danışığımız olmuşdu. Birgə bəyanat da ancaq seçki dövrünü əhatə edir. Yəni seçki dövründə birgə müşahidələrin təşkili, seçkinin birgə qiymətləndirilməsi və s. həyata keçiriləcək. REAL hərəkatının da Müsavat Partiyası üzvlərinin namizədliyini verdiyi dairələrdən öz namizədləri var. Yəni biz namizədlərimizi belə bir-birimizlə məsləhətləşərək irəli sürməmişik. Təkcə NİDA hərəkatı ilə bağlı qərar fərqli olub, cəmi 4 nəfər namizədi və onlara könül borcumuz olduğu üçün (2013-cü il prezident seçkiləri zamanı İlqar Məmmədovla bağlı imzaların toplanmasında yardım etdikləri üçün) həmin dairələrdən namizəd irəli sürmədik. Həmin dörd nəfərin seçki kampaniyası zamanı müşahidənin təşkilində, imzatoplamada REAL-ın NİDA-ya yardım edəcəyinə dair danışığımız olmuşdu. Bir də deyirəm, bu, seçki bloku yaratmaq deyil. Seçki ab-havasının yetərincə aşağı səviyyədə olduğunu, seçkilərə marağın azaldığını, seçkilərə nəzarətlə bağlı problemləri nəzərə alaraq,birgə müşahidə aparmağa qərar verdik. AXCP və ya Milli Şura da iştirak haqda qərar versəydi, onlarla da eyni mövzuda danışıq aparılacaq, eyni mətn üzərində anlaşma olacaqdı.

- O zaman bunu zorən yaxınlıq, yəni şərtlərin yaratdığı yaxınlıq adlandırmalıyıq?

- Bəli.

- Bəs seçkilərə birgə nəzarət üçün bu üç siyasi qüvvənin yetərli imkanı var? Axı sanki Müsavatın əvvəlki potensialı yoxdur, REAL da tam təşkilatlanmayıb...

- REAL həmişə açıq danışıb. Bütün ölkə ərazisində seçkilərə nəzarət imkanımız da yoxdur, fikrimiz də. Sadəcə, bizim və dəstəklədiyimiz namizədlərlə bir yerdə 23 dairəyə göz qoyacağıq. Yeri gəlmişkən, sentyabrın 7-dək bu dairələrin sayı arta da bilər, bir neçə namizədlə bağlı qərar verə bilərik. Müsavatın da namizədlərini götürəndə, bu, 125 dairənin 25 faizi edir. Bu da seçkilərlə bağlı təsəvvür yaratmağa yetərlidir. Məqsədimiz REAL-ın qatılacağı dairələrdə monitorinqi yaxşı təşkil etmək, nəticələrlə bağlı ilkin rəy hazırlamaqdır. Bunu bacaracağıq. Amma təbii ki, bütün ölkə ərazisində monitorinq aparmaq, bütün seçkilərə rəy vermək, açığı, indiki şəraitdə imkansız görünür.

- Sentyabrın 3-də virtualaz.org-da Eynulla Fətullayevin imzasıyla belə yazı getmişdi ki, Müsavat, REAL, NİDA Britaniya səfirinin istəyi, sifarişi ilə bir araya gəlir. Ertəsi gün belə bir bəyanat ortaya çıxır, «sifariş» görüntüsü təsdiqlənmiş kimi görünür. Bu təsadüfdür, yoxsa diplomatik dairələrin belə bir istəyi var?

- Əslində, o saytlarda gedən, həddən artıq populist, əsassız yazılara cavab vermək istəməzdim. Sadəcə, onu deyim ki, Britaniya səfiri bu həftə Yeni Azərbaycan Partiyası təmsilçiləriylə də görüşüb, müdafiə naziriylə də. Yəni həm hakim partiyayla, həm də dövlət qurumuyla. Onda həmin şikəst məntiqə görə, bu təşkilatlar da hər hansı formada Britaniya səfirliyinin təsiri altındadır? Bu xəstə təxəyyülün məhsuludur. Buna nə cavab verək ki? Əsası, sübutu olmayan, fantaziyalara əsaslanan fikirlərdir.

- Natiq bəy, Milli Şura seçkilərə qatılmır. Bunu ölkədə seçki ab-havasının olmamasıyla izah edir. Sizi seçkiyə getməyə, optimist düşünməyə vadar edən səbəb və ya səbəblər nədir?

- REAL seçkilərlə bağlı mətbuat konfransında da açıq-aşkar, səmimi şəkildə etiraf etdi ki, ölkədə seçkilərlə bağlı şərait minimuma yaxındır. Amma seçki dönəmi müəyyən fürsətlər pəncərəsi açır, yəni seçicilərlə görüşə, onları dinləyə bilərik. Başqa zaman bu cür görüşlər keçirmək mümkünsüzdür. Regionlarda görüş keçirməksə daha böyük problemdir. Biz aydın bilirik ki, Azərbaycanda seçki hansı şəraitdə keçib, indiyədək bir dəfə də normal, demokratik seçki keçirilməyib. Parlamentə düşənlər də siyasi razılaşma nəticəsində orda təmsil olunublar. REAL bu cür separat danışıq aparmayıb, bundan sonra da aparmaq fikri yoxdur. Sadəcə, seçki dövründə yaranacaq fürsəti dəyərləndirmək istəyirik.Bu qədər...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG