Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:31

Bakı xəbərinə görə, ağır qar yağacaq


Kiyan Xiyav
Kiyan Xiyav

- Arazın o tayından

Kiyan Xiyav

POTUN

(hekayə)

Payızın ilk günləridir. Bakı xəbərinə görə, sabah ağır qar yağacaq. Təbrizə yetişən kimi birbaşa Şəms bazarına getməliyəm....

Taksinin içində "böyük ağa nə vaxt gələcək? böyük ağa nə vaxt gələcək?" tümcəsi ard-arda dodaqlarımın altında yenilənir.

Bu başlığı unutsam, Nazlıma potun* alacağımı da unudacağam. Nazlım bu qış da potunsuz qalacaq. Öz şəhərimizdən də bir potun ala bilərəm. Ancaq Təbrizdən alacağam deyə, Nazlıma söz vermişəm.

(Potun - buts çəkmələr - red.)

Təbriz Fəhimənin şəhəridir. Lap Fəhimənin dilədiyi potundan alacağam Nazlıma. Bunu özümlə qərar qılmışam. Görəsən, Fəhimənin istədiyi potun nə rəngdədir?

Bilsəydim, düz o rəngdə alardım. "Böyük ağa nə vaxt gələcək"dən bir anı olsun deyə....

İndi Şəms bazarındayam. Alt qatı, üst qatı, basamaqlı-basamaqsız dükanları bir-bir dolaşıram.

Burada oyuncaqla paltar dükanı var. Bir cüt belə, potun yoxdur. Şaşırıb qalmışam. Bildir Fəhimə öz potununu hardan alıb deyə düşünürəm....

Bir satıcı gənc oğlan “Ağa, buyurun” - deyir, “nə istəsəz, bizdə var”.

- Bağışlayın ağa, siz filim satırsız, mənsə potun axtarıram. Burada potun satan yoxdur?

- Niyəə? Bir az axtar, taparsan.

Bir daha alt qatı, üst qatı axtarıram. Yoxdur ki, yoxdur.

Fəhimə məni tanımır, yoxsa birtəhər telefonunu tapıb soruşardım. Hələ bir az da axtarım daaaa, deyirəm.

Buradan potunu almayınca çıxmayacağam. Nazlıma söz vermişəm, ağlama demişəm, bu qış özüm də ayaqyalın qalsam, sənin potununu alıb özüm geydirib, özüm bağını bağlayıb, özüm....

Oooooh, bu nə gözəl şort-corab! özü də qıp-qırmızı. Lap Nazlımın bəyəndiyi rəngdə. Bunu alsam, bunu geysə, potunu unuda bilər deyə düşünürəm.

- Xanım, bu şort-şalvarınıız neçəyədir?

- in? si tomən. əsle əsle. mostəqim əz torkiye xəridari şode.

- si tomən?!...məmnun xanom!

Şəms bazarından çıxım gərək. Bazar ağzından da tapa bilərəm. Yoxsa se rahe əmindən.

Demək, bu boyda Təbrizdə Nazlıma bir potun tapılmayacaq? Burada ən yasaq kitabları belə, mən tapıb alıb oxumuşam gənclik boyu.

Təbriz təkcə öyküdəki xalça şəhəri deyil ki. Gön şəhəri, başmaq şəhəri, yasaq kitablar şəhəridir də.

Gəl gör Fəhimə öz öyküsündə Təbrizdə potun varlığını özündən qondarıb! Yox, bu ola bilməz. Təbriz potunlar şəhəridir. Potunu almalıyam. Söz vermişəm. Nazlıma verdiyim sözü yerinə yetirməzsəm, artıq ölərəm.

Dağ döşündə, daş dibində olsa belə, yüz min tümənə də olsa, alacağam. Axırda Fəhimənin yaxın dostuna telefon açaram. Adı nəydi onun? Vay, onu da unutmuşam.

Onu özüm istəmədən unutduğumda yəqin o da məni unudubdur. Hələ mən "böyük ağa nə vaxt gələcək" öyküsünə, hansı veb-sitədəsə koment qoyanda, o mənə bir e-mail göndərib, Fəhimənin yerinə yanıtlamışdı.

Həəə, indi anımsadım. Orada bir taxma ad seçmişdi özünə: Dəniz. Telefonunu da yazmışdı. Bir sms atıram:

- Salam!... Balam, mən bu Şəms bazarında heç bir potun görmürəm axı. Hələ mən bir qoşuğumda, Şəms bazarından Fəhimə üçün bir cüt potun almağı düşünmüşəm....

- Salam! Təbrizdəsiz? Təkmi gəlmisiz, yoxsa ailəylə? İndi hardasız? Bizim də bir kasıb evimiz var haaaa!...

- Sağ olun. Bu gün Nazlıma bir potun almalıyam. Yoxsa yenə onun gözyaşını görsəm, bu qış daha yaza çıxmaz mənim üçün. Özü də Bakı xəbərinə görə, ağır qar yağacaq. Var olsun eviz də. Umud evimizdir....

- Başqa bir şeylər alırsızsa, adres verməklə yardım edə bilərəm ki, çox zəhmətə düşməyəsiz. Desəz, sabah ixtiyarınızda da ola bilərəm, əlbəttə, yardım üçün. Təarüfsüz evimi özünüzə aid bilin. Gələrsizsə, sevinərəm.

- Kökündə artıq nəsnə almağa bizlərdə pul-para olmaz. Yalnız Nazlıma bir potun, bu qədər. Sabah hava müsaid olarsa, siz müsaid olsanız, mən müsaid olsam, görüşərik.

- Bu gecə harda qalacaqsız? Lütfən deyin!

- Bu gecə saat doqquzda müəllim evində olacağam. Yəqin yaşam yoldaşım namaz qılacaq o saatda. Nazlımsa kartona baxıb, duş alıb, sonra yatacaq. Mənsə bunca yorğun-arğın-yuxusuz.

Ola bilər müəllim evinin üçüncü qatının balkonunda, anlar-anılarımı, ürəyim-diləyimi siqar tüstüsü halqalarından keçirəcəyəm.

İndisə həp buradayam. Üçüncü qatın balkonunda. Təbrizin tutqun qaşına dalmışam. Mənim öyküm Mirzə Cəlil Məmmədquluzadənin öyküsüdür.

"Gözümü açandan bəri dünyanı qaranlıq gördüm."

İndisə üçüncü qatın balkonunda gözlərimi qapayıb, təkcə Nazlımın qış potununu düşünürəm.

Bu sms'i alandan sonra sankı Dəniz xanım da öz gözlərini qapalı tutub, daha nəsə yazıb göndərmir.

Eləcə balkonda, oturduğum yerdə, siqarımın dumanı gözlərimə çökür. Kipriklərimin ucunda halqa-halqa burulur. Büsbütün yer qaranlıqdır.

Burası təndir damımız olmalıdır. Hə, oradır. Divarlarını sanki tüstüylə suvamışlar. Bu çizgilər nədir?

Bu qarma-qarışıqlıqlar, bu qoxular, bu qorxular? Burada cini də anımsamaq olur, cəhənnəmi də.

Bir bucaqda başmaq yeşikləri üst-üstə qalanıb. İçlərini arayıram. Bir potun bulmalıyam. Ola bilər anamın, bacılarımın uşaqlıq çağında bir potunları varmış.

Onu yuyub, arıtlayıb, yağlayıb Nazlıma apararam. Tər qoxusu içində başmaqları bir-bir alt-üst edirəm. Yoxdur ki, yoxdur.

Olsaydı da götürən deyildim. Mən artıq Fəhimənin potunundan Nazlıma almalıyam. Bunu özümə söz vermişəm.

O birisi bucaqda gözüm başqa bir yeşiyə düşür. Uzundur tabut kimi. Yaxşı tanıyıram bunu. Doqquz yaşımda içində yatmışam.

Atam istədiyim başmağı almadığı üçün evdən küsüb gəlib bu tabutun içində səhərin gözü açılınca tir-tir titrəmişəm.

Bununla bağlı Almaniyada olan əmoğlumun bir rəsimi olmalıdır. Almaniyanı da bir an anıb düşünürəm.

Axı ora da bir tür potun ölkəsidir. Almaniyanı buraxıb tabuta, tabutusa buraxıb divara baxıram. Qaranlıqda bir ağ çizgi görünməkdədir.

Özüdür. Otuz neçə ildən sonra hələ də əmoğlumun barmaq ucu izləri divarın üstündə durur. Tüstü içində ağaran bir şəkil.

Bir tabut içində yatmış bir ölünün başı üstündə bir bulud çəkilmiş, içindəsə yazılmış: potun!

Tarix yenilənir, gözlərim dolur.

Ürəyim az qalır partlasın. Bundan artıq dözə bilmərəm. Qaradamdan çıxmaq istəyəndə ayağım ilişir təndirin üstünə qoyulmuş saca. Yıxılıram.

Nəsə olmayıb. Təndirin içini yoxlayıram. Olduqca uçulub tökülmüş, daha çörək iyi gəlmir bu təndirdən.

İçində bir dəniz başmaq ölüsü. Bir təbərizcə ölünü bir təndirə necə sığışdırmaq olar? Bir fatihə oxuyub durmalıyam: Necəsiz yazıq ölülər?

Siz burada neyləyirsiz? Siz bunca pozğun yox, daha parlaq, daha şavaxlı, daha allıca-güllücə Şəms bazarında olmalıydız!

Ölülər, ay ölülər! Ölülər elə yatmışlar, heç şeyxanə onları dirildə bilməz.

Ölüləri daha incitmək istəmirəm. Qoy öz yatdıqları yerdə yatsınlar. Onlar yəqin bütün nəsnələri unutmuşlardır. Mənsə Nazlıma alacağım potunu heç unuda bilmirəm.

Təndir damımızın dumanlığından çıxıb, müəllim evinin balkonuna doğru gəlmişəm yenə.

Bir az gözüm qamaşır. Başıma quşbaşı qar dənəcikləri töküləndə oyanıram. Hələ qar çox da, Bakı xəbərində deyilən kimi ağırlaşmayıb.

Şəms bazarına dönməliyəm. Dönürəm. Şəms bazarında heç bir qış potunu yox. Bazar ağzına, tərbiətə, ümmət pasajına, olmazsa da gəcil ağzına getməliyəm.

Tələsik Şəms bazarından çıxarkən gənc bir qızla qol-qola toqquşuruq. Fəhimədir.

- Qız, sənmisən? Səni göylərdə axtarırdım, yerdə əlimə düşmüşsən. Bundan daha böyük sevinc ola bilməz. Keçən il o öyküdəki qış potununu hardan almışdın?

Fəhiməsə acıqlıdır. Qaşlarını düyünləyib, dişlərini sıxır:

- Mən Fəhimə deyiləm, ağa. Siz kimsiz? Özünüzü sərimisiz?

Burada özümə gəlirəm. Yuxuyla oyaqlığın arasındayam. Yatağımdan necə də uzaq düşmüşəm.

Döşəyim altımda, yorğanım üstümdə deyil. Soyuqdan bütün hüceyrələrim əsir.

Pəncərədən baxıram. Ağır qar yağır. Buraya yağan qarın belə sankı dişi var. Ətim-ürəyim xıncılır yağdıqca.

Bax buraya! Mən heç Təbrizdə deyiləm. Daha doğrusunu desəm, heç Təbrizə getməyə, yetərincə pulum yoxdur....

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG