Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:33

Əllərimdən tanıdım özümü...


Kiyan Xiyav
Kiyan Xiyav

-

Arazın o tayından

Kiyan Xiyav

Başımın üstündə durduğumu gördüm,
Mışı -mışıl uyumuşkən ordaydım.
Ağarmış saçlarım qaralmışdı,
Alnımın qırışları itmişdi.
Gözlərimin acısı şirin şirin,
Sıxı kipriklərimin arxasında yatmışdı...
Oyan!
Dədə oyan!
Sənin izini itirmişəm dedim,
Oyan, bu sonsuz ılğımda,
İzini itirmişəm dedim, eşidirmisən...

Əllərinin bıçağını verdi,
Əllərinin ağırlığını.
Barmaqlarının sıcaq tərini verdi,
Qardaşcasına görüşdü mənimlə,
Əllərimdən tanıdım özümü.

***

Adını söyləmədin
Dilindən dilimə.
Ağzından ağzıma
Dişindən dişimə girişdin.
Səni
Dodaqlarımda duydum açılırkən,
Gözlərimdə duydum yumulurkən.
Səni
Dərimin gərilməsində,
Qanımın qıvraqlaşmasında,
Ürəyimin boğazıma sıçramasında,
Səni gövdəmin instinkt çaxnaşmasında duydum.
Sən,
Hansı əsgiməz dənəyimdin sən
Adını söyləmədin.

***

Dəniz dalğalarıyla,
Ağac yarpaqlarıyla danışır.
Mən
Dilimi ağzımın boşluğuna sərmişəm dincəlsin,
Yalan bazarına qız buraxmıram.
Bu an qum dilində
Barmaqlarımla danışıram.
Bax,
Ovcumdan süzülən qumda sənin adın var.

***

Sevgili Elyada sunulmuşdur

Bir də düşün,
Sən yoxsan.
Yağış yağır,
Gömgöy baxışlarıyla.
Köynəyi islanmış bir oğlan,
Alma qoxuyan bir qızın
İslaq saçlarının alovundan əmir.
Püncünə odun yığırlar,
Qızındığın otaqda qızınırlar.
Bardağında çay içirlər,
Yatağında yatırlar.
Bir də
düşün,
Sən yoxsan,
Günəş var.
Ağac var,
yarpaq var.
Bir də
Yenicə ayılmış torpaqda
yeni sevgilər.

(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG