Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:42

Çingiz İsmayılov: «Adamlar məni səsimdən tanıyır»


Çingiz İsmayılov
Çingiz İsmayılov

-

Azərbaycan futbolunun veteranı, uzun müddət idman şərhçisi olmuş Çingiz İsmayılov 80 yaşını qeyd edir. Veteran futbolçu 80 yaşı və həyatı saydığı futbolla bağlı AzadlıqRadiosuna müsahibə verib.

– Çingiz bəy, 80 yaşınızı təbrik edirik. Ancaq sizə bu yaşı vermək olmur...

- Çox sağ olun. Hə, mənim 80 yaşım tamam oldu. Bu 80 ilin 60 ilini futbola, idmana həsr etmişəm. Yəqin ondandır. Mən heç vaxt deməmişəm ki, 80 il, ya da 100 il yaşayım. Allah bilən məsləhətdir. Nəfəsim gedib gəlir, özümdə də güc var, həyətdə də qurdalanam. Ancaq həmişə onu arzulayıram ki, adam həyatdan gedəndə gərək heç kəsə əziyyət verməsin.

– Yaşlılarla çox ünsiyyətdə olursunuz, yoxsa gənclərlə?

- Gənclərlə də dostluq edirəm, qocalarla da. Hər iki nəsillə ünsiyyətim, sözüm-söhbətim tutur.

– 80 yaşlı veteranın futbol karyerası nə vaxtdan başlayıb?

- Mənim idman tarixim 1955-ci ildən başlayır. 1955-ci ildən 1963-cü ilə qədər Bakının «Neftyanik» komandasında qapıçı olmuşam, Bakının və Gəncənin «Dinamo» komandalarında çıxış etmişəm. 1967-ci ildən Dövlət Televiziya Radio Verilişləri Komitəsinin idman redaksiyasına qəbul olunmuşam. Kiçik redaktordan baş redaktor müavininə qədər işləmişəm. 1987-ci ildə «Neftçi» komandasına rəis təyin olunmuşam. «Neftçi» də 1995-ci ilə qədər çalışdım. 1995-ci ildən 2002-ci ilə qədər AFFA-nın baş katibi vəzifəsində çalışmışam. 2002-ci ildən pensiyadayam, evdə oturmuşam.

– Futbol Sizin üçün nədir, bu illər ərzində Sizə nə verdi?

- Mən bütün həyatımı futbola həsr etmişəm. Futbol oynayanda, ilin yarısından çoxunu evdə keçirmirdim. Ezamiyyətlər, məşqlər, toplantılar. Futbol mənə dünyanı göstərdi, yeni-yeni insanlarla tanış etdi. Dünyanın əksər ölkələrində olmuşam. Yubiley mərasimlərində iştirak etmişəm. Bir dəfə Norveçdə iştirak etdiyim tədbirə Norveç kralı da gəlmişdi. Tədbirə gecikmişdi, gecikdiyinə görə üzr istədi. Dedi ki, «məni yol polisi maşını sürətlə sürdüyümə görə saxlayıb cərimə etdi, ona görə gecikdim». Maraqlı adamlarla tanış olmuşam. Mən indi çox şadam ki, 80 illik yubileyimdə 50-60-cı illərdə oynadığım insanlar zəng vurub təbrik edirdilər. Futbol sevinc də gətirib, kədər də. Futbol mənim həyatım olub.

– Futbol karyeranızda ən çox yaddaqalan nə olub?

- 1966-cı ildə «Neftçi»nin SSRİ çempionatında bürünc medal qazanması. Bir də 1956-cı ildə Bakıda İranın milli komandasına 1-2 hesabı ilə uduzmuşduq. 1957-ci ilin aprelində Tehranda uduzduğumuz komandaya 3-0 hesabı ilə qalib gəldik.

– Azərbaycan futbolunun bu günü ilə bağlı fikirləriniz necədir?

- Həmişə arzulayırdım ki, komandamız beynəlxalq oyunlarda iştirak etsin. Mənə qismət olmadı. İndi Azərbaycan millisi Avropa, dünya çempionatlarında, komandalarımız Avropa liqalarında çıxış edirlər. İndi arzulayıram ki, komandalarımız bu turnirlərdə uğurla çıxış etsinlər. Komandalarda legionerlərin çox olmasından, yerli futbolçulara əsas heyətdə az yer verilməsindən gileylənirəm. Ona görə də bizim milli komandamız istənilən nəticəni göstərə bilmir. Kütləvi futbol inkişaf etsin. Olimpiya mərkəzləri, yeni idman qurğuları yaradılır. Kütləvi futbol isə inkişaf etmir.

– Niyə inkişaf etmir, səbəbi nədir?

- Həmişə demişəm. Əsas uşaq futbolunu inkişaf etdirmək lazımdır. Bütün klublarda uşaq futbol məktəbləri açılıb. Ancaq bu uşaqlarla axıra qədər maraqlananlar azdır. 17-18 yaşına çatmış həmin uşaqlar ölkənin milli komandalarına düşmürlərsə, itib-batırlar. Komandalar özünə 25-30 əsas oyunçu götürür. Yerdə qalanlar itib-batır. Uşaq futbol məktəbini qurtaranların əksəriyyətinin aqibəti heç kimi maraqlandırmır. Komanda olmadığından həmin uşaqlar futbolla vidalaşırlar. Problemlərdən biri də stadionlara tamaşaçının az gəlməsidir. Deyirlər, kompüter, televiziya var. Məgər Almaniyada, İtaliyada, Türkiyədə kompüter, televiziya yoxdur? Niyə onlarda stadionlar dolu olur, bizdə isə 200-300 nəfər gəlir. Düzdür, «Qarabağ»ın, «Neftçi»nin beynəlxalq turnirlərdəki oyunlarına 20-30 min adam gəlir. Ancaq ölkə çempionatının oyunlarında bunu görmürsən. Öz futbolumuzu təbliğ etməliyik. AFFA xaricdən məşqçilər dəvət edir. Onu bilirəm ki, öz məşqçilərimizdən də səmərəli istifadə etmək lazımdır. Bizdə 5-6 məşqçi var ki, onlar heç də Avropa məşqçilərindən geri qalmırlar. Elə Qurban Qurbanovu götürək. Qazandığı uğurlar göz qabağındadır.

– Özünüz necə, stadiona futbola baxmağa gedirsiniz?

- «Neftçi»nin oyunlarının əksəriyyətinə gedirəm. Bəzən veteran kimi dəvət edirlər.

– Siz uzun müddət şərhçi olmusunuz. Bu sahə ilə bağlı fikirləriniz necədir?

- Bu saat şərhçilər arasında əsl peşəkar görmürəm. Ola bilməz ki, bir insan həm atçılıq idman növünü, həm ağırlıqqaldırmanı, həm də futbolu mükəmməl bilsin. Televiziyalarda bir gündə bir nəfərin 3-4 dəfə ekrandan səsi gəlir, ixtisaslaşma yoxdur. Şərhçiləri hazırlamaq lazımdır. Ya da ləhcə ilə danışırlar. Mən televiziyaya gələndə birbaşa efirə buraxmırdılar. Aylarla stadionda oturub səsimi mikrofona yazırdım, gətirirdim, qulaq asırdılar, səhvləri deyirdilər. Neçə aydan sonra radioya, televiziyaya buraxdılar. Azərbaycan dilində təmiz danışmaq lazımdır, indi elə deyil, hay-küydür. Bir şərhçi oyunun əvvəlində deyir ki, «futbolçularımız azarkeşləri qələbə ilə sevindirəcəklər», oyunun axırında isə deyir ki, «ilahi, bu oyun nə vaxt qurtaracaq ki, biabır olmayaq». İrad tutanda yəqin deyirlər, qocadır. Ancaq belə olmaz. Mütləq ixtisaslaşma olmalıdır. Başqa ölkələrdə ayrı-ayrı ölkə çempionatlarının oyunlarını belə ayrı-ayrı adamlar şərh edir. İndi internet var, bütün məlumatlar var. Mənim vaxtımda gərək özün axtarıb tapaydın. İndiki imkanları qiymətləndirib öz üzərlərində çox işləməlidirlər. Telekanallar futbol verilişlərini gecə saat 12-də, 1-də göstərirlər. Həmin vaxt kimin üçün göstərirlər? Ancaq yatmayanlar üçün.

– Sizə olan münasibətdən razısınızmı?

- Tədbirlərə dəvət edirlər. Bu yaxınlarda, gec də olsa, fəxri ad verdilər. Prezident mənə «Bədən tərbiyəsi və idman xadimi» adını verdi. Əsas odur ki, xalq yaddan çıxarmır. Elə gün olmur ki, yolda görəndə soruşmasınlar ki, «siz Çingiz İsmayılovsuz?». Bəzi adamlarsəsimdən tanıyırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG