Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03

Əsgər Abdullayev: «Futbolçu pul dalınca yox, pul futbolçunun dalınca qaçmalıdır»


Əsgər Abdullayev

Əsgər Abdullayev

-

Bu il «Araz-Naxçıvan» futbol klubu Azərbaycan premyer liqasında təmsil olunmaq hüququ əldə etdi. AzadlıqRadiosunun suallarını klubun baş məşqçisi Əsgər Abdullayev cavablandırır:
- «Araz-Naxçıvan» klubunun bu il ikinci liqada çempion olması və premyer liqaya vəsiqə qazanması nə dərəcədə gözlənilən idi?
- Çempionluğu gözləyəndən heç vaxt çempion olmaz. Çempionluğa doğru getmək lazımdır. Mövsüm yeni başlayanda komandanı yığdım və dedim ki, biz çempionluğa oynayacağıq. Kim inanmırsa çıxıb gedə bilər. Çempionluğu gözləmək yox, ona qarşı getmək lazımdır. Necə ki, futbolda da topun qəbulunu gözləmirlər. Topa qaçan topu əldə edir. Mən komandaya gələndə istəyim bu olub ki, çempion olaq. Bunu futbolçuların hər birinə aşıladım. Fərdi məşqlər, öz üzərində işləmək, bir də perspektivli futbolçularla bunu bacardıq.
- Növbəti mövsümü premyer liqada oynayacaqsınız. Məqsədiniz bu liqada qalmaq uğrunda mübarizə aparmaq, yoxsa daha yaxşı nəticə göstərməkdir?

İştaha yemək vaxtı gəlir. Ola bilsin ki, futbolçu qıtlığı öz təsirini göstərsin. Ancaq, çalışacağıq ki, orada da layiqli mübarizə aparaq.
- Bu liqada qalmaq üçün yetərincə bazanız varmı?
«Araz-Naxçıvan»ın oyunu

«Araz-Naxçıvan»ın oyunu

- Bizim məqsədimiz Naxçıvan futbolunu inkişaf etdirməkdir. İş gedir. Şərurda ünlü «Real» futbol məktəbinin bazası yaradılıb. Naxçıvanda istedadlı uşaqlar çoxdur, ancaq lazımi səviyyədə məktəb yox idi. Bu məktəbin yaradılması da futbolun inkişafına yönəldilib. Naxçıvanda camaat döyüşkəndir. Futbolçulardakı istəyi, həvəsi, əzmkarlığı görüb, onları məşqlərə dəvət edirdim. Bu cür 12-14 yaşlı uşaqlar çoxdur. «Real» məktəbinin Naxçıvanda yerləşdirilməsi bu uşaqların itməməsi deməkdir, onlar futbolun inkişafına xidmət edəcək.

- Komandaya yeni transferlər gözlənilirmi?
- Əslində bizim planımızda var ki, futbolçuların hamısı yerli olsun. Köhnə oyunçulardan, özünü doğruldanlar qalacaq. İndi mən yeni futbolçularla danışıram, gileylənirlər ki, legionerlərə üstünlük verilir. Onlara deyirəm ki, gəlin Naxçıvana, burada şərait var. Özünüzü göstərin, gedin qabağa. Bunu edə bilməyəcəksinizsə, gəlməyin. Bizdə qapıçı məsələsi böyük problem yaradır. Əsas qapıçımız «Neftçi»də oynayacaq. Bu, problemdir. Təkcə qapıçı deyil, hər bir mövqedə oynayacaq yeni nəfəs, yeni futbolçu axtarıram. Bizim komanda əsasən gənclərdən ibarətdir. Bizə həm də premyer liqada təcrübəsi olan futbolçular lazımdır ki, həmin gəncləri arxalarınca apara bilsinlər. Bu da asan deyil, çətindir. Mən elə bir futbolçu axtarıram ki, nə vaxtsa parlasın, bir müddət sonra sönsün. Biz həmin futbolçunu yenidən parladacağıq.
- Komandanın maliyyə vəziyyəti yeni oyunçuları transfer etməyə imkan verir?

- Maliyyə vəziyyəti pis deyil. Naxçıvanda bu vəziyyət yaxşıdır, heç bir problem yoxdur. Ancaq, mənə pul dalınca qaçan futbolçu lazım deyil. Birinci növbədə futbol oynayan lazımdır. Futbolçu pul dalınca yox, pul futbolçunun dalınca qaçmalıdır. Birinci futbolu, sonra maliyyəni fikirləşən oyunçu axtarırıq.

«Araz» klubu 1967-ci ildə yaradılıb. Klub 1968-ci ildən SSRİ birinciliyinin «B» qrupunda mübarizə aparıb. 1977-ci ildən 1989-cu ilə kimi qısa fasilələrlə futbol üzrə SSRİ çempionatının «A» qrupunun 2-ci dəstəsində təmsil olunub. Bu komandanın ilk baş məşqçisi Tofiq Axundov olub. SSRİ dağıldıqdan sonra «Araz» fəaliyyətini dayandırıb. 2001-ci ildə klub yenidən formalaşdırılıb və milli futbol çempionatının güclülər dəstəsinə qoşulub. Ancaq bu cəmi bir il çəkib. 2002-ci ildə «Araz» yenidən fəaliyyətini dayandırıb.

2013-cü ildə yenidən peşəkar futbola qayıdan «Araz» 2-ci dəstədə elə ilk mövsümdə də çempion olub.
XS
SM
MD
LG