Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Rusiyaya sanksiyalardan sonra Samux bağlarında üzüm qalmadı...


Foto: Arxiv
Foto: Arxiv

-

Qərb bölgəsi Azərbaycanda üzümçülüyün ən çox inkişaf etdiyi regiondur. Bu il bölgədə üzüm bağlarından ümumilikdə 20 min ton üzüm məhsulu əldə edilib. Əvvəlki illərlə müqayisədə bu il fermerlərin üzü gülür. Demələrinə görə, satış da yaxşıdır, elə qiymətlər də. Fermerlər canlanmanı Rusiya sanksiyaların tətbiqindən sonra bu ölkənin bazarlarına məhsul daşınmasının asanlaşması ilə əlaqələndirir.

«KEÇƏN İL ÜZÜMÜ 50 QƏPİYƏ SATIRDIQ, İNDİ 80 QƏPİYƏ»

Samuxda 10 hektar sahədə üzüm yetişdirən fermer Nəriman Məmmədov deyir ki, o, xaricə yox, Gəncə və Bakı bazarlarına məhsul satır. Əlavə edir ki, yığım tam oktyabrda yekunlaşacaq. Ancaq indiyədək yığdığı məhsulu satıb. Bağında dəymiş üzüm qalmayıb:

«Daxili bazara məhsul az gəlir deyə, məhsul işləyir. Artıq Tovuzda, Qazaxda üzümü xarici ölkələrə, Rusiya bazarlarına nəql edirlər. Gəncə bazarlarına üzüm az gəldiyinə görə oranın bazarlarına biz veririk. 10 hektara yaxın üzüm bağım var. Haradasa 50 faizini satmışıq. Yaxşı alıcımız var. Keçən il üzümü 50 qəpiyə satırdıq, indi 80 qəpiyə satırıq. Üzümü alan var. İndiyədək 1-2 adamla işləyirdik, amma indi alan çoxdur».

Fermerlər alıcılıq qabiliyyəti artmasından istifadə edib daha çox gəlir götürməyə çalışırlar. Məsələn, ötən il 50 qəpiyə satılan üzümü hazırda yerində 80 qəpikdən ucuz almaq olmur. Bəzi sortların qiyməti 1 manat 30 qəpiyədək yüksəlib.

«BU İL MƏHSULDARLIQ YAXŞI OLUB»

Başqa bir fermer Aydın Cəfərov deyir ki, üzümün qiymətini artırmayıb, ancaq alıcısı başının altındadır:

«Bu il yaxşı olub məhsuldarlıq. Alıcılıq qabiliyyəti də yaxşıdır. Qiyməti artırmamışam. Köhnə qaydada gedir».

Şəmkir-Qazaxda yetişdirilən üzümlər əsasən Moskva, Samux, Goranboy bağlarının məhsulları isə Gəncə, Bakı bazarlarının tələbatını ödəyir. Bir sözlə nə yığılırsa, hamısı satılır.

«QURAQLIQ OLDU DEYƏ, DİGƏR MEYVƏLƏR AZDIR, ÜZÜMƏ MARAQ ÇOXDUR»

Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov deyir ki, bu il müəssisələrin texniki sortları alması növbəti əkin ilində fermerlərin bu növə də olan marağını artıracaq:

«Bu il yığım davam edir və əlavə 2 min ton üzüm məhsulu gözlənilir. Satış yaxşıdır. Sürfə sortlarımız 80 qəpikdən 1 manat 30 qəpiyə qədər satılır. Digər texniki sortlar var ki, şərabçılıq üçün istifadə olunur. Onların da 30 qəpikdən başlayır qiymətləri. Ötən illə müqayisədə 30 qəpik artıq satılır. Rusiya bazarına satılması da təsir edir qiymətlərə... Bir də quraqlıq oldu deyə, digər meyvələr azdır, üzümə maraq çoxdur».

2010-cu ildə Qərb bölgəsində 60 min tonadək üzüm satılmadığından məhv olmuşdu. Bu hadisə əsasən də texniki üzüm sortlarının becərildiyi sahələri azaltmışdı. Canpolad Qəhrəmanov əlavə edir ki, dövlət proqramına əsasən, bölgədə 2020-ci ilədək bir neçə müasirtipli şərab zavodları açılacaq. Bu da üzümçülüyü daha da inkişaf etdirəcək.

XS
SM
MD
LG