Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:26

Üzümçülər hökumətdən «ağlamaq üçün bir-iki yaylıq» istəyirlər...


Ötən əsrin 80-ci illəriylə müqayisədə üzüm istehsalı 16 dəfə azalıb.
Ötən əsrin 80-ci illəriylə müqayisədə üzüm istehsalı 16 dəfə azalıb.

-

«Süfrə sortunun arasına bir üzüm tənəyi düşüb. Texniki sort olduğundan, görürsünüz, hamısını yığmışıq, bircə bunu yığmamışıq».


Nəriman Ələkbərov 15 il əvvəl 30 hektarlıq bağda şərab üzümü yetişdirirdi. İndi o bağdan 10 hektar, bir də baxmağa təkcə bir üzüm tənəyi qala, ya qalmaya. Son 5 ildə qüvvəsini süfrə üzümünə yönəldib:

«Texniki üzümə yaxın duran olmadı. Şərab müəssisələri texniki sortu almadığına görə biz keçdik süfrə sortuna. İndi də bunu necə satmağı düşünürük».


Nəriman Ələkbərovun məhsulunu satmaq üçün baş sındırdığı bir vaxtda Gəncədə Beynəlxalq Şərab Festivalı təşkil olunub... Xarici və yerli qonaqlar, şıdırğı rəqslər, şərab və cingildəyən badələr bu festivala əsl şənlik görüntüsü verir...

«XARİCİ BAZARA MAL ÇIXARANLAR»...

«Tovuz Baltiya» MMC-nin direktoru Naik Məmmədhəsənov festivala – şərab şənliyinə dəvətli 20 yerli istehsalçıdan biridir. O da öz məhsulunu sərgiləyir:


«Bizə yaradılan əlverişli şəraitdən yararlanaraq, artıq Avropaya 58 adda şərab və şərab məhsulları satırıq. Eləcə də tünd içkiləri – məsələn, konyakı satışa çıxarırıq».


Salyan üzümçüsü Həsənağa Hüseynov Naik Məmmədhəsənov qədər nikbin deyil. O, əlinin qabarını göstərərək, bütün günü çalışsa da, xaric bir yana, heç yerli bazarda da özünə yer tapa bilmədiyini deyir:


«Mən, ya da bir başqa adi üzümçü kimdir ki, xarici bazara mal çıxarsın? Xarici bazara ancaq «yekələr» mal çıxara bilər».


DÖVLƏT PROQRAMI VAR, BƏS NƏTİCƏ?

Həsənağa Hüseynov 90 sotluq bağdan bu il 14 ton üzüm götürüb. Kilosunda 60 qəpik qazanır. Qazancının 30 faizini yenidən üzüm bağına yatırır:

xüsusi reportajlar - 2 mart 2014

Canlı müzakirə


«Bizim təsərrüfatda inkişaf yalnız öz hesabımızadır. Bizə gəlib kömək edən, təsərrüfatımızı artırmaqda vasitəçi olan - belə biri yoxdur. Bütün işimiz ancaq öz hesabımızadır. 10 il əvvəl də belə idi, bu gün də belədir».


Həsənağa Hüseynovun söylədiklərindən belə çıxır ki, «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafı»nı hədəfləyən dövlət proqramı yerinə yetirilməsində problemlər var. Həmin proqramın bir başlıca məqsədi də sahibkarlara yardım göstərmək, onların əziyyətini paylaşmaq idi.

Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov deyir ki, həmin proqramda göstərilənlər icra olunmursa, bu məsələ araşdırılmalıdır:


«Bu proqramda üzümçülük və şərabçılığın inkişaf yolları əksini tapıb. Görüləcək tədbirlər də məlumdur. Amma mexanizmin necə çalışdığını ayrıca təhlil etmək lazımdır, çünki bu, çox ciddi məsələdir».

Pirverdi Hüseynov
Pirverdi Hüseynov

BOŞ QALAN SOYUDUCU ANBARLAR...

Azərbaycanda məhsulu uzun müddət saxlaya bilmək üçün soyuducu anbarları tikilib. Bu araşdırma müəlliflərinin baş çəkdiyi anbarların çoxu istifadəsiz idi. İşləyən anbarın da cəmi bir neçə otağında məhsul gözə dəyirdi.

Soyuducuların bir faydası da odur ki, məhsulu burada saxlayıb üzümün baha vaxtında bazara çıxarmaq olur. Amma reallıq belədir ki, məhsul xarab olmasın deyə, dəyər-dəyməzinə satılır, – üzümçülər belə deyirlər.

Pirverdi Hüseynov üzüm bağını gəzə-gəzə təsərrüfatından danışır. Deyir ki, əslində, məhsulu sentyabrda yığılmalıydı. Amma həmin vaxt üzüm ucuz olur deyə, yığımı oktyabracan yubadır:


«Bu sort üzümlər sentyabrın 10-15-də yığılmalıdır. Onda yaxşı pula getmədiyinə görə, biz saxlayıb oktyabrda yığırıq. Dövlət soyuducular yaradıb - imkanlı adamlar aparıb ora qoyur».


Həsənağa Hüseynov yetişdirdiyi üzümü soyuducu anbarında saxlamağı ağlının ucundan da keçirmir:


«Bu gün soyuducuların qabağından keçdim. Qapısı qıfıllı, qarşısında da iki mühafizəçi. Düzü, inamım yoxdur soyuduculara. Üzümü bağda güclə saxlayıram. Orda xarab olsa, kimə şikayət edəcəyəm?».


MƏHSUL BAĞDA XARAB OLUR, SOYUDUCU BOŞ QALIR...

Salyan soyuducu anbarı 2010-cu ildə istifadəyə verilib. Buradakı 19 otaqdan cəmi 3-ü doludur. Həmin anbar Sahibkarlığa Kömək Milli Fondundan ayrılan güzəştli kredit hesabına tikilib. Anbardakı hər otağın 100-250 ton məhsul tutumu var. Anbarın işçisi Emil Əhədov deyir ki, burada malını saxlamaq istəyənin gərək, azı, 50 ton məhsulu olsun:


«Ən yaxşı halda 5-6 otaqda məhsul olur. Birinin 10 ton malı varsa, heç olmasa 4-5 nəfər yığılıb, hərəsi 10 ton gətirib bura qoya bilər. Gələcəkdə belə bir fikir var ki, otaqlar 10 və 20 tonluq kabinələrə bölünsün».

Salyanda soyuducu anbar
Salyanda soyuducu anbar

Anbar tikilərkən otaqların ölçüsünün gözdən qaçması sahibkarları soyuducusuz, anbarları boş qoyub.

Üzümçülərin fikrincə, dövlət proqramının necə yerinə yetirildiyini bilmək istəyənin bu anbara bircə dəfə baxması yetər.

Durumu dəqiq anlamaq üçün təsəvvür edin ki, adi üzümçü bir ilə maksimum 10 ton məhsul götürə bilər. Sözügedən anbarların bir otağı 100-150 ton məhsul tutur. Güzəştli kreditlə anbarı tikən sahibkar 10 tona görə, otağı işlətsə ziyana düşər. 10 tonluq məhsulun haqqı heç bir aylıq elektrik enerjisinin pulunu ödəmir. Adi üzümçünün də 10 tondan çox məhsul yetişdirməsi real deyil. Odur ki, sahibkar soyuducusunu boş saxlamağa, üzümçü isə məhsulunu nə qədər ki, xarab olmayıb, dəyər-dəyməzinə satmağa məcbur qalır.

Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov deyir ki, soyuducuların boş saxlanması yolverilməzidir və buna bir təsir mexanizmi olmalıdır.

ÜZÜMÇÜLÜYÜN DÖVLƏT BÜDCƏSİNDƏ PAYI...

2013-cü ildə Azərbaycanda 170 min ton üzüm yetişdirilib. İndi ölkədə 16 min hektar üzüm bağı var.

Ötən əsrin 80-ci illəriylə müqayisədə üzüm istehsalı 16 dəfə azalıb. Həmin vaxt 274 min hektar üzüm bağı, 2 mln 136 min ton məhsul olub.

Azərbaycan sovetlərin çöküşü ərəfəsində üzüm istehsalına və plantasiyaların sahəsinə görə 1-ci yerə çıxmışdı.

Büdcənin neftdən asılılığını azaltmaq üçün dövlət üstün diqqət yetirilməli sahələri müəyyənləşdirib. Neftdənkənar sektorun inkişafında xüsusi çəkisi olan kənd təsərrüfatı da bu sahələrdən biridir.

Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov azı 40 ildir bu sahədə çalışır. O, sovetlər dönəmində Azərbaycanda üzümçülüyün vəziyyətini yada salır:


«1980-ci illərin əvvəllərində dövlət büdcəsinin 45 faizi üzümçülükdən, şərabçılıqdan gəlirdi. İndi də bu işləri düzgün qura bilsək, dövlət büdcəsinin 1/3-ni üzümçülük verə bilər».


Üzümçülük ən çox gəlir gətirən sahələrdəndir - şərab, sirkə, kişmiş, abqora və neçə-neçə başqa məhsul hazırlamaq olur. Üstəgəl – üzüm sahəsinin hər hektarı 4 iş yeri deməkdir.

Bu qədər məhsulu Gəncə bazarında, ya da Bakıda satmaq olmur.
Bu qədər məhsulu Gəncə bazarında, ya da Bakıda satmaq olmur.


YERLİ MƏHSUL SATILMIR, XARİCDƏN ÜZÜM GƏLİR...

2012-ci ilin rəsmi məlumatına görə, Azərbaycana xaricdən təxminən 20 milyon dollarlıq üzüm məhsulu gətirilib. Bunun 370 min dekalitri şərab və spirtli içkilər, 1400 tonu qurudulmuş üzüm, 2 min 200 tonu təzə süfrə üzümü olub.

Təkcə süfrə üzümünü götürsək (2 min 200 ton), bu, üzümçü Özbək Əliyev kimi 220 fermerin birillik məhsulu deməkdir. İstər-istəməz sual doğur: Necə olur ki, xaricdən ölkəyə bu qədər üzüm gətirilir, amma yerli üzümçülər məhsullarını satmağa yer tapmır?


«Əvvəllər vaqon və soyuducularda məhsulu Rusiyaya göndərir, qalanını da şərab zavodlarına verirdik. Əvəzində xeyli pul qazanırdıq. İndi heç 1 hektar bağdan götürdüyümüz 10 ton məhsulu satmağa yer tapa bilmirik. Bu qədər məhsulu Gəncə bazarında, ya da Bakıda satmaq olmur».


Nəticədə illərin üzümçüsü Özbək Əliyev peşəsindən soyumaqdadır. Dövlətin üzümçülüyün inkişafına yaratdığı imkanlar - güzəştli torpaq, kredit və bu kimi imtiyazlar ondan yan ötür:


«Bizə aşağı faizlə, uzun müddətə kredit lazımdır. Yəni 5 illik, 15 illik kreditlər ki təsərrüfatımızı inkişaf etdirə bilək. Məhsulu sata bilmək üçün bazar yaradılmalıdır».


UĞURSUZLAR VƏ ÇİÇƏKLƏNƏNLƏR...

50 ilin sahibkarının 10 hektarlıq üzümlüyü bu işə yeni başlayanların ucsuz-bucaqsız plantasiyalarının yanında necə də kiçik görünür. İllərin təcrübəsi də onun köməyinə çatmır. Son 5 ildə işə başlayanların qazandıqları göz önündədir:


«Yüzlərlə hektar üzüm bağı, dövlətdən alınan güzəştli kredit, ildən-ilə artan istehsal, ixrac olunan məhsul. Hətta prezidentin gəlişi də onların payına düşür».


Qəbələdəki «ASPİ-Aqro» şirkəti 2007-ci ildə yaradılıb. 240 hektar üzüm bağı var. İldə 2 min ton üzüm götürür. Şirkətin baş aqronomu deyir ki, 7 il öncə işə yeni başlayanda 44 hektar torpaqları vardı:


«Bu gün torpaq sahəmiz 240 hektara çatıb. Əhalinin pay torpaqlarını öz razılıqları ilə alaraq üzüm bağları salmışıq. Torpağını bizə satanların çoxu elə bizim üzüm bağlarında işləyirlər. 7 ilə 240 ha-lıq bağ salmaq elə dövlət proqramına uyğun hərəkət etmək deməkdir.
İllərin üzümçüləri inhisarçıların onları bu sahədən sıxışdırıb çıxardığını deyirlər.
İllərin üzümçüləri inhisarçıların onları bu sahədən sıxışdırıb çıxardığını deyirlər.
Şərabı müəyyən sərgilərdə göstərir və reklam üçün ticarət mərkəzlərinə veririk. Hələ satış yoxdur. Maliyyə mənbəyimiz barədə nəsə deyə bilmərəm, çünki mən mühasib deyiləm».


«DÖVLƏT ÜZÜMÇÜLÜYÜN İNKİŞAFINA HƏR CÜR ŞƏRAİT YARADIR»

Tovuzdakı «Baltiya Tovuz MMC» dövlətdən həm 60 hektar güzəştli torpaq götürüb, həm də 3 milyon manat güzəştli kredit. Bu şirkətin direktoru Naik Məmmədhəsənovdan müsahibə alarkən, o, bank nümayəndələri ilə görüşdə 2014-cü ildə daha 100 hektar ərazini genişləndirmək üçün danışıqlar aparırdı:


«Biz dövlətdən aldığımız yardımla həm üzüm tingləri gətirdik, həm də müəssisəmizi yeni avadanlıqla təchiz etdik. 60 hektara yaxın sahəni 49 illiyinə dövlətdən icarəyə götürmüşük. Dövlət üzümçülüyün inkişafına hər cür şərait yaradır».


Azərbaycanın ən qədim və ən böyük Göygöl Şərab Zavodu. Bir vaxtlar yerli üzümçülər məhsullarını daha çox almanların inşa etdiyi bu müəssisəyə təhvil verirdilər. Amma son illər zavodun özü bağ saldığından yerli əhalidən üzüm almır. Aqronom Ramiz Ömərov deyir ki, tələb olunan məhsulu öz bağlarından götürə bilirlər:


«Öz üzümlüklərimiz tələbatımızı ödəyir. Artıqlamasıyla. Müəssisənin balansındakı üzüm sahələri 600 ha-ya yaxındır. Bu il biz 3 min 500 ton üzüm qəbul etmişik. 90 faizi texniki sort idi. Üstəlik, həm daxili, həm də xarici bazarlar üçün. Maliyyə və təchizat baxımından dövlətin qayğısı hər zaman bu müəssisənin üzərində olub».


Vaxtilə Göygöl Şərab Zavodu təkcə bu rayonun deyil, yaxınlıqdakı Samux üzümçülərinin də məhsulunu alırdı. İndi nəinki Göygölün, ətraf kəndlərin də üzümü elə bağda qalır.

MƏQSƏD İNHİSARDIR?

Üzümçülüyün inkişafına dair dövlət proqramının məqsədi bu sahədə çalışanları həvəsləndirmək, yeni başlayanlara şərait yaratmaqdır. Amma illərin üzümçüləri inhisarçıların onları bu sahədən sıxışdırıb çıxardığını deyirlər. Onların fikrincə, proqramın yaratdığı imkanlardan eyni şirkətlər yararlanır.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov da düşünür ki, dövlət proqramının açdığı imkanlardan ancaq bəlli şəxslər faydalanır və beləcə, üzümçülük tədricən bir əldə cəmləşir:


«Nəzərdən keçirəndə ağlına gəlir ki, bu proqram müəyyən adamlara üstünlük verəcək, onların biznesini genişləndirəcək. Yəni inhisarçıların».


Üzümçülüyün inkişafına dair dövlət proqramına kənd təsərrüfatı, iqtisadiyyat və sənaye nazirlikləri ayrıca məsuliyyət daşıyır.

DÖVLƏT PROQRAMININ İCRA MƏSULİYYƏTİ...

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, onlar ancaq ölkədə məhsulun istehsalı ilə bağlı məsələlərə məsuliyyət daşıyırlar:

Salyanda üzümçülük
Salyanda üzümçülük


«Dövlət proqramının icraçısı tapşırılıb İqtisadiyyat və Sənaye Nazirliyinə. Nə qədər əkilib, nə qədər məhsul istehsal olunub, fermerə üzümün becərilməsi ilə bağlı nə tövsiyələr olub - bütün bunlar bizim nazirliyə – Kənd Təsərrüfatı Nazirliyinə aiddir. Dövlət proqramının digər hissələrinin icrası İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür».


İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Zaur Qasımov sözügedən proqramın inhisara yol açmasına, güzəşt və imkanların ancaq eyni şirkətlərə verilməsinə dair fikirlərlə razılaşmır:


«Bizim Sahibkarlığa Kömək Milli Fonduna elektron müraciət də etmək olar. Bu, tam şəffaf şəkildə həyata keçirilir. Özünüz daxil ola və əyani şəkildə görə bilərsiniz ki, sizin müraciətiniz necə nəticələndi. Bu, bürokratik əngəllərin qarşısını almaq, prosesi tam şəffaflaşdırmaq üçündür».


AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ DURUMU...

– Quba ağ alması ilə məşhurdur. Amma Qubada alma qəbiristanlıqları yaranıb. Satış yoxdur deyə, camaatın malı tökülüb qalıb...
– Məhsulu becərmişik. Amma meyvədaşıyanlar almır ki, sərf eləmir. Üstəlik, gömrükdə də problemlər var. Məhsulu keçirə bilmirik.
– Astaranın feyxoası qalıb, beləcə xarab olur. Satış yoxdur.
– Bu il ölkədə kartof baha oldu, çünki ötən il camaat kartof əkmədi. Ondan öncəki il əkdikləri kartof qalmışdı əllərində. Xaricdən keyfiyyətsiz məhsul gətirib bizim bazarı öldürdülər. Xaricdir bizim belimizi qıran. Gədəbəyin də kartofu qalıb xarab oldu.

2014-cü ilin dövlət büdcəsindən kənd təsərrüfatına 536 milyon manat vəsait ayrılıb. Neftdən asılılığı minimuma endirməyə, bu sahəni inkişaf etdirməyə hər il milyonlar xərclənir. Amma xərc özünü doğruldurmu?

İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmisi deyir ki, nəticəni gündəlik həyatda görmək mümkündür.

58 yaşlı üzümçü Həsənağa Hüseynovsa bu sualı şeirlə cavablayır:

«Ağlamaq üçün bir-iki yaylıq, bir də qab istər könül.
Biz təqaüd əhliyik, bir növ yarıminsanlarıq,
İqtidardan duz-çörək, bir az da ab istər könül»...

XS
SM
MD
LG