Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:02

Türkiyə Rusiyanın “Montrö iddialarını” rədd edir


Arxiv foto: Fransanın Dupuy-de-Lome hərbi kəşfiyyat gəmisi Bosfor boğaını keçərkən. 10 aprel 2014
Arxiv foto: Fransanın Dupuy-de-Lome hərbi kəşfiyyat gəmisi Bosfor boğaını keçərkən. 10 aprel 2014
Rusiya Ankaranı "Montrö Konvensiyası"nı pozmaqda ittiham edən bir neçə nota verib.
Bu notalarda bildirilir ki, NATO ölkələrinə məxsus gəmilər Qara dəniz sularında bu konvensiyada göstərilən müddətdən çox qalmaqla beynəlxalq qanunları pozublar.

Mətbuat yazır ki, Rusiya Ukraynada davam edən böhran şəraitində bu məsələyə daha böyük həssaslıq və əsəbiliklə yanaşır.

Türkiyənin Yaponiyada səfərdə olan xarici işlər naziri Ahmet Davutoğlu Rusiyanın iddialarını rədd edərək bildirib ki, Ankara "Montrö konvensiyası"nın pozulmasına heç bir şəraitdə yol verə bilməz.

Nazir ümid etdiyini bildirib ki, başqa böhranlar zamanı olduğu kimi Ankara bu dəfə də Moskva ilə arasında yaranmış anlaşılmazlığı diplomatik dialoq vasitəsilə çözə biləcək.

Ahmet Davutoğlu bir daha təsdiq edib ki, Türkiyə bundan sonra da "Montrö Konvensiyası"na ciddi riayət edəcək.

Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov Türkiyəni ittiham etmişdi ki, Ankara Qara dənizdə 21 gündən artıq qalaraq konvensiyanı pozan ABŞ hərbi gəmilərinə göz yumur.

Öz növbəsində Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Federasiyasiyasının "Montrö Konvensiyası" ilə bağlı ittihamlarından məyusluq keçirdiyini bəyan edib.

Rusiya konkret olaraq ABŞ-a məxsus USS Taylor hərbi gəmisinin Qara dənizdə 21 gündən artıq qalmasına etiraz etmişdi.

Bununla əlaqədar Türkiyə izahat verib ki, adı çəkilən gəmi Samsun limanına daxil olarkən pərləri zədələndiyindən təmirə dayanıb və gecikmə də məhz bununla əlaqədar olub.

"Montrö Konvensiyası"

1936-cı ildə imzalanmış və Türkiyəyə Bosfor və Dardanel boğazları üzərində tam nəzarət hüququ verən "Montrö Konvensiyası" Qara dənizdə sahilləri olmayan ölkələrin hərbi gəmiləri üçün xüsusi rejim nəzərdə tutur.

Konvensiyaya görə sahilyanı olmayan ölkələrin hərbi gəmiləri Qara dənizdə 21 gün müddətindən çox qala bilməz.

Ankara Rusiyanın bu xüsusda nota verdiyi barədə xəbərləri əvvəlcə təkzib etsə də, Moskva Türkiyənin bu təkzibindən təəccübləndiyini bildirib.

Rusiya tərəfinin notasında deyilir ki, ABŞ-a məxsus USS Taylor freqatı Qara dənizdə icazəli müddətdən 11 gün çox qalıb və Ankara bu barədə Moskvanı xəbərdar etməyib.
Rusiya ABŞ tərəfinə də “şifahi nota” verildiyini bildirir.

ABŞ Qara dənizdə fəallığını artırır

Bu arada ABŞ hərbi dəniz donanması Qara dənizdəki fəallığını artırmaqda davam edir.
Aegis Ballistik Raketlərdən Müdafiə sistemi ilə təchiz olunmuş USS Donald Cook hərbi gəmisi bir neçə gün bundan əvvəl Qara dənizə daxil olub.

Bu gəmi ABŞ-ın Türkiyə, Rumıniya və Bolqarıstanla birgə keçirdiyi hərbi manevrlərdə iştirak edir.

Bundan əlavə Fransanın hərbi “Dupuy de Lôme” gəmisi də Dardanel boğazından keçərək Qara dənizə gəlib.

Pentaqonun sözçüsü polkovnik Steve Warren bundan əvvəl jurnalistlərə bildirmişdi ki, ABŞ gəmiləri Qara dənizə ABŞ-ın region üzrə müttəfiqlərinə dəstəyinin nümayişi kimi göndərilib.

Türkiyəni ilk növbədə enerji maraqlandırır

Cənab Davutoğlu Ukraynadakı böhran şəraitində Rusiya ilə Türkiyə arasındakı enerji əməkldaşlığı barədə narahatlığa dair sualları da cavablandırıb.

O deyib ki, Türkiyə bu əməkdaşlığın rəvan şəkildə dəvam etdirilməsində maraqlıdır.
Davutoğlu əlavə edib ki, Türkiyə enerji sahəsində qonşularından asılı ölkədir və buna görə də bütün böhranlara rəğmən Transanadolu (TANAL) və Transadriatik kəməri (TAP) layihələrini inkişaf etdirir.

Türkiyə Xarici İşlər naziri Azərbaycanla birgə enerji layihələrinin və Kürdüstan Regional hökuməti ilə kəmər layihəsinə dair danışıqların son dərəcə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG