Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17

Türkiyə Krımla bağlı niyə susur?


İstanbulda Krım tatarlarının keçirdiyi aksiya

İstanbulda Krım tatarlarının keçirdiyi aksiya

-
Həftəsonu 300-ə yaxın tatar Türkiyədə, İstanbuldakı Rusiya konsulluğunun qarşısında etiraz aksiyası keçirirdilər. Onlar Rusiyanın yenidən Krımı işğal etməsinə və Krım tatarlarının haqlarını gözardı eləməsinə etiraz eləyirdi. Həm də Türkiyə hökumətini oradakı soydaşların müdafiəsinə çağırırdılar.

Aksiyaya gələnlərin çoxu – İT mühəndisi Serkan Sava kimi əslən Krımdan olanlardır. Serkanın əcdadları 150 il qabaq Krım müharibəsindən sonra Osmanlı Türkiyəsinə pənah gətiriblər.

TÜRKİYƏDƏKİ TATARLAR RUSİYAYA GÜVƏNMİR

Serkan deyir ki, onların Rusiya ilə bağlı bu mövqeyi təsadüfi deyil. Çünki Osmanlı zamanındakı uduzulan müharibədən sonra başlarına gələnlər bir yana – Sovet dövründə Stalinin tatarları Orta Asiyaya deportasiyası, və bu zaman 100 mindən çox taraın yollarda tələf olması da onlara dərs olub.

Odur ki, martın 16-na təyin olunan referendumla Krımın rusiyaya birləşməsinin onlar üçün yenidən pis nəticə verəcəyinə şübhə etmirlər.

Bu arada rəsmi Moskva Ukraynanın tərkibində qalmaq istəyən Krım tatarlarının haqlarının pozulacağıyla bağlı bütün ittihamları rədd eləsə də, artıq Krımdakı Rusiyameylli “özünümüdafiə” qüvvələrinin tatarların yaşadıqları evləri işarələməsi xəbərləri də gəlir. Tatarlar qorxurlar ki, Rusiyaya birləşmə olayından sonra sıra onlara da gələcək və Türkiyə bunun qarşısını almalıdır.

"NİYƏ ERDOGAN TATARLALRLA BAĞLI SUSUR?"

Aksiya iştirakçılarından biri - Erugrul Toksoy isə daha sərt danışır və Türkiyə Baş naziri R.T.Erdoganı açıqca ittiham edir. Deyir ki, “Necə olur ki, Misirdə, Suriyada, Liviyada və başqa ərəb dövlətlərində baş verən olaylar zamanı Erdogan açıqca o dövlətlərin liderləri, həmçinin müttəfiqləri ilə də kəllə-kəlləyə gəlməkdən çəkinmirdi, amma söhbət tatarlardan düşəndə səssiz qalır?

Bu suala – Vaşinqton İnstitutundan Türkiyə proqramları şöbəsinin rəhbəri Soner Cagaptay cavab verir. “21-ci əsrin ilk müsəlman gücü – Türkiyənin yüksəlişi” kitabının da müəllifi olan Cagaptay deyir ki, əslində Türkiyənin indi səssiz qalmasının iki səbəbi var.

"ANKARA MOSKVADAN NİYƏ ÇƏKİNİR?"

“Erdoganın siyasi stilinə fikir versəniz, görərsiz ki, o az qala bütün dövlət başçıları ilə amiranə dildə danışmağa cəhd eləsə də, söhbət İran və Rusiyadan düşəndə davranışı dəyişir. Ona görə yox ki, onları sevir, sadəcə Türkiyənin asılı olduğu qazın 3/4-ünü İran və Rusiya verir”.

Üstəlik, Cagaptay əlavə edir ki, məsələnin bir də tarixi tərəfi var. Çünki Türkiyə Osmanlı dönəmində Rusiya ilə düz 17 müharibə edib və hamısını da uduzub. Bu üzdən türklər sanki rus ayısını ayıtlmaqdan qorxurlar.

TÜRKİYƏ NƏYİ İTİRƏ BİLƏR?

Birinci Dünya müharibəsində də uduzan Osmanlı İmperiyası ancaq 1936-cı ildə imzalanan Monro sazişiylə yenidən İstanbuldakı boğazlara nəzarəti geri ala bilmişdi. Ancaq sazişə görə, boğazdan keçəcək gəmilərə həm ölçüləri, həm də xarici hərbi gəmilərə Qara dənizdə qalmaq müddətlərində məhdudiyyətlər qoyulub. Yəni, Türkiyə NATO ölkələrinə bu məsələdə çox yardım eləsə, Rusiyanın həmin sazişə qarşı çıxıb qüvvədən düşməsini tələb etmək kimi çağırışlarından da çəkinə bilərlər.

Türkiyə Krım Tatarları Federasiyasının İstanbul filialının prezidenti Celal İçten deyir ki, onun fikrincə rəsmi Ankara qorxduğundan yox, daxili siyasətə başı qarışdığından Ukraynada baş verənlərə müşahidəçi gözüylə baxır. İçtənin sözlərinə görə, Martdakı bələdiyyə seçkiləri, Erdogan və AKP-li məmurlarla bağlı korrupsiya qalmaqalları, Gülənçilərlə Erdogançılar arasında qarşıdurma üzündən Krımda baş verənlər sadəcə arxa planda qalsa da, Türkiyə dövləti tatarları yenə də dəstəkləyir.

Vaşiqntondan Soner Cagaptayın fikrincə isə, çox güman ki, Ankara NATO və Avropa Birliyinin Rusiyaya qarşı müəyyən sanksiyalarını dəstəkləyəcək, amma özünün hansısa təşəbüsslərlə çıxış edəcəyi ağlabatan görünmür.

Şərhləri göstər

XS
SM
MD
LG