Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:25

Nizaminin Allah və peyğəmbər haqda beytlərinin biabırçı tərcüməsi


"Xəmsə"nin Azərbaycan dilinə tərcüməsi haqda (Xəlil Yusiflinin məqaləsi, 1-ci hissə)

-

Nizami həkim deyə allahı nəzərdə tutur, mütərcim həkim sözünün sonuna "lər" şəkilçisi artırmaqla şairin fikrini alt-üst etmişdir,


Xəlil Yusifli


NİZAMİ ƏSƏRLƏRİNİN TƏRCÜMƏ VƏ TƏDQİQİ HAQQINDA

(ixtisarla)

...Filoloji tərcümələr içərisində ilk çap olunan "Sirlər xəzinəsi" poemasının tərcüməsidir. Bu əsərin filoloji tərcüməsi və şərhləri Rüstəm Əliyevə məxsusdur. Tərcüməni Vaqif Aslanov və Əziz Mirəhmədov redaktə etmişdir. Açıq etiraf etmək lazımdır ki, bu tərcümə gözlənilən, qarşıya qoyulan tələblər səviyyəsindən çox-çox aşağıda dayanan tərzdə yerinə yetirilmişdir...

Poemanın elə ilk beytinə diqqət yetirək. Orijinalda beyt belədir:

Bismillah ir-rəhman ir-rəhim
Həst kəlide-dəre-gənce-həkim.


Filoloji tərcümədə çox doğru olaraq ilk misra olduğu kimi saxlanılmış, arxada şərhi verilmişdir. İkinci misra isə tərcümə edilərkən bütün sözlərin qarşılığı düzgün verilsə də, orijinalda tək halda işlənmiş "həkim" sözünün tərcümədə cəm halında verilməsi ilə məna təhrif edilmişdir. Nizami həkim deyə allahı nəzərdə tutur, mütərcim həkim sözünün sonuna "lər" şəkilçisi artırmaqla şairin fikrini alt-üst etmişdir, söhbətin nədən getdiyini anlamadığını bildirmişdir. Hətta şərhdə bu barədəki yanlış qənaətini bir az da möhkəmləndirərək yazmışdır: "Misrada Nizami həkim deyərkən özünü və özü kimi şairləri nəzərdə tutmuşdur". ("Nizami Gəncəvi. Sirlər xəzinəsi (filoloji tərcümə)", Bakı, 1981, səh.187) Halbuki elə həmin misranın şərhində mütərcim "Allahın ərşin altındakı xəzinəsi və onun açarının şairlərin dili altında olması haqqında" məlum əfsanəni xatırladır. Bu hədisdən də aydındır ki, Nizaminin xatırlatdığı xəzinənin sahibi allahdır və həkim sözü ilə şair allahı nəzərdə tutur. Ona görə də filoloji tərcümədə həkim sözünün həkimlər şəklində verilməsi ciddi məna təhrifindən başqa bir şey deyildir...

Məhəmmədin meracından danışarkən Nizami belə bir fikir yürüdür:

Bəhre-zəmin kan şode, u qouhərəş,
Bord sepehr əz peye-tace-sərəş.


Filoloji tərcümədə bu beyt belə çevrilmişdir: "Yer dəryası mədən oldu, o isə onun gövhəri, başına tac qoymaq üçün daha yuxarılara apardılar". Tərcüməyə görə, peyğəmbəri göylər ona görə aparmışdır ki, onun başına tac qoysun, orijinala görə isə, onu özünün başına tac etmək üçün aparmışdır. İlk misrada yerin mədən, onun həmin mədəndən çıxarılan gövhər adlandırılması da bu fikri təsdiq etməkdədir.

Nizami orijinalda yazır:

Zolmətiyanra bone bi nur kon,
Couhəriyan ra ze ərəz dur kon.


Tərcümədə bu beyt aşağıdakı kimi çevrilmişdir: "Zülmətə pərəstiş edənlərin yurdunu işıqdan məhrum et, cövhərpərəstləri nümayişdən qov". Gördüyümüz kimi, beytin simmetrik məna və quruluşu tərcümədə büsbütün itmişdir. Şair birinci misrada zülmət və nur, ikinci misrada cövhər və ərəz sözlərini qarşılaşdırmışdır. Cövhər və ərəz sözləri elmi, fəlsəfi terminlərdir. Cövhər - mahiyyət, substansiya, əsas keyfiyyət deməkdir.
"Sirlər xəzinəsi"nə illüstrasiya
"Sirlər xəzinəsi"nə illüstrasiya
Şair birinci misrada qaranlıq, zülmət sevənləri işıqdan məhrum etməyə çağırdığı kimi, ikinci misrada da mahiyyəti, cövhəri sevənləri formadan, əlamətdən, aksidensiyadan məhrum etməyə, uzaqlaşdırmağa çağırır. Tərcümədə isə cövhərpərəstləri nümayişdən qovmaq kimi qəribə bir fikir yürüdülür...

Nizami tanrının maddi varlıqla münasibətindən danışarkən yazır:

Didəne-biərəzo couhər əst,
K-əz ərəzo couhər əzan su tər əst.


Bu beyt filoloji tərcümədə belə verilmişdir: "Lakin onu görməyin məkan və zamanı yoxdur, çünki o, zaman və məkandan çox ucadır". Burada ərəz və cövhər sözlərinin məkan və zaman sözləri ilə əvəz edilməsinin səbəbləri bizə aydın deyildir. Heç bir nüsxədə bu beytdə məkan və zaman sözləri yoxdur. Zaman və məkan sözləri həmin hissədə bir neçə beyt sonra gəlir. Halbuki zaman və məkan başqa fəlsəfi termin, ərəz və cövhər isə başqa terminlərdir. Belə özbaşınalığın tərcümədə, özü də filoloji tərcümədə nə demək olduğunu izah etməyə ehtiyac görmürük...

...Nizami Məhəmmədin gedib allahı görməsindən danışarkən allahın görülməsinin mümkünlüyündən söhbət açır və yazır:

Motləq əz anca ke pəsəndidənist
Did xodara və xoda didənist.
Didəne-məbud pəsəndidənist,
Didəniyo didəniyo didənist.


Bu beytlərin tərcüməsində səhvlər daha çox pəsəndidənist, didəni və didənist sözlərinin qarşılığının düzgün verilməməsi ilə bağlıdır. Tərcümədə bu beytlərin qarşılığında oxuyuruq: "Bu yerdə təqdirəlayiqdir ki, (deyim) mütləq o, tanrını gördü və tanrı görülməlidir. İbadət etdiyimizi görmək səadətdir, o görülməli, görülməli və görülməlidir". Burada "görülməlidir" sözü Nizami fikrini düz ifadə etmir. Tərcümədən belə çıxır ki, Nizami allahı görməyin zəruriliyindən, vacibliyindən, lazımlılığından danışır. Halbuki orijinalda onu görməyin mümkün olmasından, allahın görülməsinin mümkünlüyündən söhbət gedir. Ona görə də göstərilən beytlərin tərcüməsini uğurlu saymaq olmaz. Buradakı "görülməlidir" sözünü "görüləndir" şəklində çevirmək mənaya daha uyğundur.

Eyni parçanın sonunda başqa bir ciddi qüsura yol verilmişdir. Nizami peyğəmbərə müraciətlə yazır:

Doure-səxa ra be təmami rəsan,
Xətme-soxən ra be Nezami rəsan.


Tərcümədə bu beyt belə verilir: "Öz səxavətinin dövrəsini axıra çatdır, öz sözlərini axıra çatdırmağa Nizamiyə imkan ver". Tərcüməçiyə görə, Nizami xahiş edir ki, peyğəmbər öz əsərini axıra çatdırmaq üçün Nizamiyə imkan versin. Halbuki orijinalda söhbət başqa mətləbdən gedir. Nizami peyğəmbərdən xahiş edir ki, sözün qurtarılmaq, son həddə, ən yüksək zirvəyə çatmaq şərəfini ona qismət eləsin. Başqa sözlə, o, sözdə, şeirdə ən uca zirvə, son, yekun olsun. Şeir aləmində ən yüksək mövqe ona qismət olsun. "Sirlər xəzinəsi"ndə hələ arzu olan bu fikir "Leyli və Məcnun"da artıq təsdiq olunmuş bir həqiqət kimi xatırlanır. "Şeirdən ucalıq umma dünyada, çünki Nizamiylə qurtardı o da". Buna görə də beyt aşağıdakı kimi çevrilməli idi: Öz səxavətinin dairəsini tamama çatdır, sözün qurtarılmağını (xətmini) Nizamiyə qismət elə". Belə bir tərcümədən sonra izahlarda bunun mahiyyətini aydınlaşdırmaq olardı...

ardı

("Nizami Gəncəvi-850" kitabından)
XS
SM
MD
LG