Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16

Fikrət Sadıq Şəhriyarın şeirinə özündən beyt əlavə edib...


"Fikrət Sadıq Şəhriyarın “Azərbaycan” seirini fars dilindən tərcümə edərkən açıq təhrifə yol verib.

O tamamilə orjinalda olmayan bir beyti seirə özündən əlavə edib. Sondan əvvəlki beyti:


Yetər fəraq odlarından od ələndi başımıza,
Dur ayağa ! Ya azad ol, ya tamam yan, Azərbaycan!


Bu beyt orjinalda yoxdur. Bu artıq açıq təhrifdir. Əlbəttə ki, burada söhbət milli məzmun daşıma baxımından yox, sırf peşəkar tərcümə baxımından təhrifdən gedir.

Şeir tərcümə kimi kifayət qədər yaxşı təsir bağışlayır".



"Yəni hətta naqis, kifayət qədər sərbəst tərcümələrin də dünya xalqlarının mədəniyyətində və onların biri-birini tanımasında bu şəkildə nəticələri olur".
Bunu AzadlıqRadiosunun “Pen Klub” proqramında şərqşünas alim Məsiağa Məhəmmədi deyib.

Mövzu belə olub: Azərbaycan ədəbiyyatı klassiklərinin fars və ərəb dillərində yazdıqları əsərlərin Azərbaycan dilinə tərcüməsinin keyfiyyəti necədir?

Məsiağa M:

- Vaxtaşırı mətbuatda o tərcümələr haqqında mənfi fikirlər səslənir ki, onlar naqisdirlər, ideoloji təsirlərə məruz qalıblar, yaxud köhnəliblər və sair.

Bunlar tamamilə yanlış fikirlərdir.

Doğrudan da ötən yüzillikdə bu sahədə çox böyük işlər görülüb.

Bu boyda zəhməti kökündən pisləmək həm qədirqanlıq meyarları, həm də ümumi mədəniyyətimiz baxımından mənim fikrimcə məqbul sayıla bilməz.

İlqar R:

- Əjdər Olun “Oxu zalı”na müsahibəsində səsləndirdiyi fikirlərə münasibətinizi bilmək istəyirik. O deyir ki,

“Mən qərara gəlmişəm ki, şeirlərimin tərcüməsi ilə qətiyyən məşğul olmayım. Bu, çox

mənasız bir işdir. Şeir öz dilin üçündür. Məsələn, Puşkin, Lermontov, Dante və digərləri Azərbaycan dilində ən zəif şairlərdəndir. Bəzən deyirlər ki, "filan şeir yaxşı tərcümə olunub.

Tərcümə zamanı əslində müəllif həmin mövzuda öz dilində gözəl bir şeir yazmış olur. Amma o şeir orijinalın iyirmi, otuz faizi də deyil. Bununla belə mən sətri tərcümənin leyhinəyəm - qoy məzmun aydın olsun.

Nizamini oxuyanda adamın gülməyi gəlir, tərcümədə o ən zəif şairdir. O nə ifadələr, o nə məzmunsuz misralardır? Amma o, dastançıdır deyə, süjeti izləmək olur. Şeirlər isə çox zəyifdir”.


Məsiağa M:

- Burada bir neçə məsələ qoyulub və onların bir qismi ilə doğrudan da razılaşmaq olar.

Tərcümə ilə bağlı bu cür fikirlər nəzəri düşüncədə mövcuddur. Nizami ilə bağlı deyilən fikirsə qətiyyən məqbul sayılası fikir deyil.

Hər halda “gülməli” sözü heç yerinə düşmür.

"Xəmsə"nin tərcüməsi yetərincə professional insanların əməyinin məhsuludur.

Yalnız "Sirlər xəzinəsi"nin tərcüməsi ilə bağlı müəyyən problemlər olmuşdu.

Nizaminin “Sirlər xəzinəsi”ni Süleyman Rüstəm tərcümə etmişdi – filoloji tərcümə əsasında. Sonradan onun əsərin orijinalının formasından uzaqlaşdığı deyildi. Və Abbasəli Sarovlu yeni bir tərcümə qoydu ortaya.

Düzdür, orada S.Rüstəmin tərcüməsi təkmilləşdirilib bir qədər. Amma Sarovlu ora yersiz, kobud ifadələr də əlavə edib.

Ona görə mən birinci tərcüməni qüsurlarına baxmayaraq daha üstün sayıram. Məsələn, ikinci tərcümədə Harun ər-Rəşidlə onun dəlləyinin əhvalatında belə beyt var.

Dəllək onun başını kəliməyə başladı,
Kəlidiyi tük qədər ləliməyə başladı.


Nizaminin əsərini belə dialekt sözləri ilə kobud şəkildə tərcümə etmək olmaz.

S.Rüstəm bir qədər formanı, misraların ölçüsünü genəltmişdi.

Məsələn, “Kərpickəsən kişinin dastanı”nın tərcüməsində deyilir:

Şam şəhərində xeyli qoca bir kişi vardı,
Pəri kimi, cin kimi insanlardan qaçardı.


Burda S.Rüstəm Nizaminin istifadə etdiyi yığcam bəhrə – səri bəhrinə nisbətən daha uzun ölçünü istifadə edib.

Orijinala yaxındı. Orijinalda yalnız “pəri kimi” var, “cin kimi” yoxdu. Amma məna ciddi təhrif edilməyib.

Şübhəsiz ki, o tərcümələrdə qüsurlar, naqisliklər var. amma bütövlükdə onları o şəkildə damğalamaq olmaz. Amma seirin tərcüməyə gəlməməsi barədə deyilən də bir baxışdır və burada müəyyən həqiqət var.

Şeir bir dil hadisəsidir və tərcümədə mütləq nələrsə itir. Amma dünya ədəbiyyatı ilə tanış olmaq üçün başqa yol da yoxdur axı. İnsanlar bundan ötrü neçə dil öyrənə bilərlər, 2-3-5?

Ona görə də burada ancaq tərcümənin əhəmiyyəti ön plana çıxır.

Bu mənada istənilən keyfiyyətdə poetik tərcümənin əhəmiyyətini danmaq olmaz.

Məsələn, Ömər Xəyyam ingiliscəyə tərcümə olunandan sonra Qərb oxucusu onu o qədər tanıdı və sevdi ki, bütöv cəmiyyətlər, xəyyamsevərlər klubları yarandı.

Dəfələrlə nəşrlər oldu. Hətta bu kitablar Amerikaya da ayaq açdı. Özü də bu, kifayət qədər sərbəst – yəni Əjdər Olun dediyi o orjinalın 30-40 faizi qismində tərcümə idi.

Və Avropadakı populyarlığı Xəyyamı öz vətənində və fars dilinin yayıldığı bölgədə təzədən məşhur etdi. Yəni hətta naqis, kifayət qədər sərbəst tərcümələrin də dünya xalqlarının mədəniyyətində və onların biri-birini tanımasında bu şəkildə nəticələri olur.

Dinləyici - Halaypozan:

“İmkan olsaydı, Məsiağa müəllim Əjdər Oldan bir soruşardı, görək, onu gülməyə vadar eləyən nə var Nizaminin tərcümələrində? Bəlkə o kişi dastannəvis olmayıb, lətifənəvis olub, xəbərimiz yoxdur?

Mən Nizamidə bircə "Xosrov və Şirin"də Şirinin zifaf gecəsində bəy otağına öz yerinə qoca bir qarını salmağı səhnəsindən başqa dodaq qaçırdası bir şey görməmişəm. Orda bir az yumor var - bu da Şirinin zarafatı idi. Qalan hamısı ciddi şeylərdir.

Tərcümələri də normaldır. Məsnəvini tərcümə eləmək olur. Azərbaycanda hətta məsnəvini orijinaldakı vəzndə də tərcümə eləyən mütərcimlər olub. Məsələn, Mübariz Əlizadə "Şahnamə"ni başdan-başa o şərtlərlə tərcümə eləmişdi.
Çətini söz oyunu üstündə qurulan şeirlərdir.

Bir dilin xüsusi, təkrarsız idiomları, qanadlı ifadələri üzərində qurulan şeirlərdir. Yaxud klassik ədəbiyyatda "hind üslubu" deyilən bir cərəyan vardı, onun nümunələrini tərcümə eləmək çətindir. Bunlar hər deyəndə alınmır”.

Məsiağa M:

- Ola bilər ki, klassiklərin tərcüməsində hansısa naqisliklər olsun. Əjdər bəy “sətri tərcümə” deyir, bizdə-akademik çevrələrdə ona “filoloji tərcümə” deyirlər.

Məhəmməd Hüseyn Şəhriyar

Ola bilər ki, filoloji tərcüməni edən mütəxəssis də hansısa tərcüməni nəzərdən qaçırtsın. Çünki burada çoxsaylı mənalar, çoxsaylı işarələr var.

Bu mümkündür. Amma ən pis, yəni etiraz doğurası fakt, məsələn Şəhriyarın şeirindəki kimi təhriflərdi. Əgər biz o tərcümələrə doğrudan da qiymət vermək iddiasında bulunuruqsa, bu cür faktlar əsasında danışmalıyıq.

Amma “küll halında bu tərcümələr naqisdir, gülməlidir, atılmalıdır, yaxud, ümumiyyətlə, sovet ideologiyasının redaktəsinin ələyindən keçib gəlib, Nizami, yaxud Xaqani bu deyil” - demək insafsızlıqdır.

İlqar R:

- Klassiklərin kiril əlifbasından latına çevrilməsi də bu tərcümələrə yenidən göz gəzdirmək üçün bir imkandır. Bu iş necə həyata keçirilir?

Məsiağa M:

- Dünya ədəbiyyatından, şərq ədəbiyyatından, eləcə də klassiklərdən latın qrafikası ilə nəşrlər oldu. Amma o köhnə tərcümələr bəzi istisnalarla elə olduğu kimi də latına çevrilib nəşr edildi.

Hətta bir qismində bu şairlər haqqında məlumat verən müqəddimələrin, ön sözlərin özünü də olduğu kimi saxlayıblar. Halbuki, bunlar yenilənməli idi.

Çünki, neçə illərdir tədqiqatlar aparılıb, yeni faktlar üzə çıxıb. Yeni mütəxəssislər var, heç olmasa bunlara indiki mühitə uyğun göz gəzdirilməli idi.

İlqar R:

- Sizcə niyə etmədilər bunu?

Məsiağa M:

- Bilmirəm. Məsələn Saib Təbrizinin respublikada tədqiqatçısı mənəm. Onun əsərlərinin ancaq nəşrindən sonra mənə dedilər ki, bəs belə bir iş görülüb və mənim kitabımı istədilər ki, orada istifadə etsinlər. Yəni bir az bu işlərdə pərakəndəlik var.

İlqar R:

- Bəlkə qısqanclıqdır bu?

Məsiağa M:

- Yox, deməzdim ki, qısqanclıqdır. Bu bir az rahat yol seçməkdir. Yəni bu mətn var, məsələn, Mirmehdi Seyidzadə Sədi Şirazini tərcümə edib. Bunları çevirdik latın əlifbasına.

Ora da tutalım elə o vaxt ya Mübariz Əlizadə, ya Məmmədağa Sultanov, ya Rəhim Sultanov bir ön söz yazıblar, elə onu da latına çevirib veririk gedir.

Bu ya rahatlıq, ya tələsiklik üzündən olur yəqin. Axı yenidən işləyəndə onun redaktəsi vaxt tələb edir.

İlqar R:

- Sizə qalırsa, klassiklərin ortada olan tərcümələrinə yenidən əl gəzdirilməlidir ya yox?

Məsiağa M:

- Düşünürəm ki, əlbəttə əl gəzdirməyə ehtiyac var. Hətta filoloji tərcümələrin özlərini də yenidən redaktə etmək lazımdır.

Məncə, bu çox da mühüm bir iş olardı. Çünki onlar sovet dövrü çap olunub.

Nizami Gəncəvi

Konkret olaraq Nizaminin poetik tərcümələri kimi filoloji tərcümələri də latın qrafikası ilə çap olunmalıdır. Tərcümələrdə boşluqlar çoxdur.

Hətta nəsrlə yazılmış və kənarda qalmış digər ədəbi abidələrimiz var ki, onları əhatə etmək çox vacibdir.

Dinləyici Günel Əhmədova:

"Mən BDU-nun “Şərqşünaslıq” fakültəsini bitirmişəm. Son vaxtlar tərcümələrə çox geniş yer ayrılır. Və tərcümələrlə bağlı bəzən çox böyük problemlər olur.

Mən hesab edirəm ki, seirin tərcüməsində şairlə yanaşı həm də mütəxəssis iştirak etməlidir. Xüsusilə redaktə işinə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb-fars dili məzunlarını cəlb etmək lazımdır.

Çünki şair ola bilsin ki, o şeiri hər hansı bir qəlibə, formaya salır. Tutaq ki, Nizaminin şeirlərini əruz vəznində verir.

Amma bu zaman bəzən şeir orjinaldan uzaqlaşır. Ona hər hansı bir əlavələr olunur.

Ona görə də şeiri orjinalda saxlamaq üçün məncə redaktə işində mütləq tərcüməçi də iştirak etməlidir. Bu qarşılıqlı olduqda çox peşəkar tərcümə alınar".

Məsiağa M:

- Razıyam ki, bu proses mütəxəssislərin iştirakı ilə olmalıdır. Məsələn, bizdə fars dilində ədəbiyyat 20-ci əsrədək davam edib.

Bayaq misal çəkdiyim Şəhriyar kimi böyük şairimizin bədii irsinin nəhəng bir hissəsi, mütləq əksəriyyəti fars dilindədir.

Onun da şeirlərinin müəyyən hissəsi Azərbaycan dilinə tərcümə olunub və dediyim kimi bu tərcümələrdə də təhriflər var.


Söhbəti tam olaraq BURADA dinləyə bilərsiniz...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG