Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:57

Tələbələrin şirin yuxusu: Boloniya sistemi


Foto: Arxiv
Foto: Arxiv
«Azərbaycanda Boloniya sistemini istədikləri formada dəyişib tələbələrə təqdim ediblər. Ona görə də tələbələr arasında biz ona Boloniya yox, «koloniya sistemi» deyirik. Boloniya sistemində dərslər interaktiv üsulla keçilməlidir. Bizdə isə hələ də mühazirələr imla şəklində olur, heç bir yeni avadanlıqlardan istifadə olunmur».

Orxan Abdulla İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Deyir 3 ildir Boloniya sistemində təhsil alsa da, hələ də xaricdə bu sistemlə təhsil alan dostlarına həsəd aparır. Həmin dostlarından fərqli olaraq, fənn seçimindən tutmuş elektron kitabxanalardan istifadəyədək Boloniya sisteminin bir çox imkanlarından məhrumdur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Asim Əhmədzadə də deyir ki, Boloniya sistemi deyiləndə, yalnız 100 ballıq sistemə keçiddən başqa ağlına bir fikir gəlmir:

«100 ballıq sistemdir. Başqa heç nə Boloniya sisteminin olduğunu göstərmir. Nə tələbənin dərs seçimi, nə də başqa məsələlər. Boloniya sistemində tələbə dərsini, dekanını da özü seçməlidir, dəftərdə qiymət olmamalıdır».

BİR QAYIB – BİR MANAT

Asim Əhmədzadə deyir ki, Azərbaycan ali məktəblərində yeni sistemə keçid təhsildə korrupsiyanı da artırıb. Məsələn, hazırkı bal sistemində dərsə davamiyyət də nəzərə alındığından Asim Əhmədzadənin dediyinə görə, bəzi ali məktəblərdə qayıbın konkret qiyməti var. Məsələn, bir qayıbı pozdurmaq tələbəyə bir manata başa gəlir.

Asim Əhmədzadə hesab edir ki, Boloniya sisteminin azərbaycanlı tələbələrə yalnız bir müsbət təsiri olub, o da, kəsirə görə kursda qalmaq məsələsinin ləğvidir. Başqa sözlə, yeni sistemə görə, bir fənnin imtahanından keçə bilmirsənsə, təkrar kursda qalmırsan. Sadəcə, növbəti tədris ilində kəsildiyin fəndən də imtahan verməli olursan.

Azərbaycanda Boloniya təhsil sisteminin tətbiqinə 2005-ci ildən başlanıb. Artıq 20-dən çox ali məktəb bu sistemə keçib. Boloniya təhsil sisteminin sovet təhsil sistemindən bir sıra fərqli cəhətləri var. Məsələn, kompyuterləşmiş auditoriyalardan və elektron kitabxanalardan istifadə, fəndən tutmuş müəllimədək seçim azadlığının olması və s.
Zeynal Məmmədli
Zeynal Məmmədli
Bundan başqa, tələbə heç də mühazirələrdə mütəmadi iştirak etmək və deyilənləri dəftərə yazmaq məcburiyyətində deyil. Mühazirələr hətta e-mail vasitəsilə tələbəyə göndərilə də bilər.

Amma söhbət etdiyimiz tələbələr deyir ki, Azərbaycanda nəinki kompyuterləşmiş auditoriyalar, elektron kitabxanalar lazımi səviyyədə deyil, tələbələrin seçim imkanları yoxdur. Hətta dərsə davamiyyəti pozduğuna görə universitetdən qovulmaq təcrübəsi də qorunub saxlanır. Məsələn, 3 fənnin hər birində 30 faiz davamiyyəti pozmusansa, qovulmaq təhlükəsi ilə üz-üzəsən.

«AZƏRBAYCAN TƏHSİL SİSTEMİ BÖHRAN DÖVRÜNÜ YAŞAYIR»

BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli də hesab edir ki, Azərbaycan Boloniya təhsil sisteminə formal olaraq keçib:

«Boloniya sistemində çox mühüm bir amil rektorun da, dekanın da bir menecerə çevrilməsidir. Yəni, onlar təhsilin maliyyəsini axtarır, maddi texniki bazanın təkmilləşməsinə çalışır, rəqabət mühiti yaradır. Bu təhsil sistemində tələbə ilə müəllim ən yüksəkdə dayanırsa, ən aşağıda dayanan rektorla dekan olur. Azərbaycan reallığında isə Boloniya sistemi çox eybəcər bir formaya çevrilib. Bürokratik bir şey yaradılıb. Hansı fənlər keçilir, necə keçilir, fənlərin modulları dəqiqləşdirilmir».

Zeynal Məmmədlinin fikrincə, sovet təhsil sistemi ilə müqayisədə Azərbaycanda yeni təhsil sisteminin tətbiqi tələbəyə müsbət nəsə qazandırmadı. Əksinə, əvvəlki təhsil sistemi öz dövrünün tələbinə uyğun kadr yetişdirə bilirdisə, indi heç bu da baş vermir, təhsil sistemi özünün böhran dövrünü yaşayır.

Zeynal Məmmədli hesab edir ki, ümumiyyətlə, Azərbaycan təhsil sistemində Boloniya sisteminin tətbiqi vaxtından tez atılmış addımdır. Bunun üçün baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar, kompyuterləşmə sistemi, o cümlədən
İbrahim Əliyev
İbrahim Əliyev
sərbəst bazar olmalıdır.

«AZAD DAVAMİYYƏT OLSA...»

Turizm İnstitutunun müəllimi, «Avropada Boloniya prosesi və onun Azərbaycanda perspektivləri» kitabının müəllifi, tarixçi-alim İbrahim Əliyev isə fərqli fikirdədir. O hesab edir ki, Azərbaycan Boloniya sisteminə keçməklə təhsil sisteminin inkişafı istiqamətində addım atmış olub. İbrahim Əliyevin fikrincə, Boloniya sisteminin tətbiq olunduğu 7 il ərzində təhsil sistemində bir sıra uğurlar əldə olunub. Məsələn, Avropa ölkələri ilə qarşılıqlı şəkildə diplomların tanınması, tələbə-müəllim mübadiləsi, tələbələrin informasiya mənbələrinin artması və s. O ki qaldı Boloniya sisteminin digər üstünlüklərinin tətbiqinə:

«Heç nə birdən-birə yaranmır. Həm də hər hansı bir iş görüləndə reallığı nəzərə almaq lazımdır. Azərbaycan ali təhsil müəssisəsində icazə versən ki. azad davamiyyət olsun, auditoriyada bir nəfər də tapmazsan. Ona görə də, biz konkret mühitdə fəaliyyət göstərdiyimizdən o şeylər nəzərə alınmalıdır. Tutaq ki, seçimlə bağlı qərar qəbul etdik. Tələbə kimi seçəcək? Axı əlimizdə olan budur. Axı seçim olan yerdə rəqabət olmalıdır. Rəqabət mühiti yoxdursa, təbiidir ki, seçim olmayacaq».

İbrahim Əliyev bu fikirdədir ki, Azərbaycanda Boloniya sisteminin bütün üstünlüklərindən yararlanmaq üçün müəyyən vaxta ehtiyac var.

RAMİZ MEHTİYEV DƏ TƏNQİD EDİR

«Bütün ali məktəblər Boloniya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb».

Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Bu fikirlər isə Prezident yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsusdur. O bildirib ki, hazırda məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər. Ramiz Mehdiyevin fikrincə, bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir.

Məsələyə Təhsil Nazirliyinin münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı, nazirlikdən zənglərimizə cavab verən olmadı.

Prezident İlham Əliyev 2009-cu ildə «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı»nın təsdiq olunması barədə sərəncam imzalayıb. Sərəncamda ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun qurulması məsələsi də qeyd olunub. Amma ekspertlər hesab edirlər ki, bu sərəncama əməl olunmayıb. Mütəxəssislərin fikrincə, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası üçün ali məktəblərə müstəqillik verilməli, rəqabət mühiti yaradılmalıdır.
XS
SM
MD
LG