Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:17

“Amnistiya ilə bağlı müraciət edəcəm”


►Əfvlə azadlığa çıxan Yadigar Sadıqov artıq hərəkətlərini “ölçüb-biçəcək”

Həbsxanaya başqan müşaviri kimi girib, başqan müavini kimi çıxıb. Deyir, gərək bundan sonra sosial şəbəkələrdə yazdığı statuslara, müsahibələrinə diqqət yetirə. Söhbət əfv sərəncamı ilə azadlığa çıxan müsavatçı Yadigar Sadıqovdan gedir.

Hazırda Lənkəranda olan Yadigar Sadıqov deyir ki, gözaydınlığına gələnlərin əlindən, hələ ki, şəhəri gəzib dolaşa bilməyib. Ancaq “Facebook”dan hər yerə nəzər yetirməyə vaxt tapıb:

– Həbsə düşəndə Facebook profilimi ələ keçirmişdilər. Dostlarıma dedim, sağ olsunlar, geri qaytara bildilər, sonra da dostlarımdan biri işlətdi ki, hesab bağlanmasın. Qayıdandan sonra profilimə girdim, salam yazdım, şəkillər paylaşıram. Bəyənirlər, şərhlər yazırlar. Çox xoşdur sosial şəbəkə dostlarını yenidən görmək.

– Yadigar bəy, səhv etmirəmsə, son illərdə Lənkərandan “siyasi məhbus” adını alan yalnız sizsiniz.

– Bəli, dinlə bağlı tutulanlar da var, amma sırf siyasi fəaliyyətinə görə hədəfə gələn mən idim.

– Sıravi adamların bu olaya münasibəti necədir?

– Qısa müddət olsa da, şəhərə gəzməyə çıxdım, tanımadığım adamlar yaxınlaşdılar, hal-əhval tutdular, bir az təvazökarlıqdan uzaq olsa da, heyranlıqlarını bildirdilər, əqidəmdən, davranışımdan məmnunluqlarını söylədilər.

– Həbsdə ola-ola Müsavatın başqan müavini seçildiz. Artıq siyasi vəzifələriniz var.

– Bəli, həm Divan üzvü, həm başqan müavini olmaq artıq Müsavat nəslinə daxil olmaq deməkdir. Bu, çox qürurverici hissdir. Həm də daha çox məsuliyyətli olmaq, ölçülü-biçili davranmaq deməkdir. Başqan müşaviri bir söz deyəndə, addım atanda partiya rəhbərliyi deyə bilər ki, müşavirin rəhbərliyə aidiyyəti yoxdur. Ancaq partiya başqanının müavini artıq siyasi vəzifədir və müəyyən məsuliyyət tələb edir.

– Ölçülü-biçili deyəndə, sosial şəbəkələrdə statusları, şərhlərimi nəzərdə tutursuz?

– Həm bu, həm də müsahibələrim, bəyanatlarım, hər hansı hadisəyə münasibətim, - bunları nəzərdə tuturam.

“Olduğum həbsxana “siyasi məhbus”a alışqan idi”

– Yadigar bəy, olduğunuz cəzaçəkmə müəssisəsi “siyasi məhbus”a vərdişkar imiş...

– Elədir, 14 saylı cəzaçəkmə müəssisəsindəydim. Məndən qabaq Arif Hacılı, Bəxtiyar Hacıyev, Adnan Hacızadə, Tural Abbaslı, Vidadi İsgəndərli, Pənah Hüseyn, Qurban Məmmədov o həbsxanada cəza çəkiblər. Mən gedəndə Qurban Məmmədov orda idi, o da 2014-ci il Yeni il öncəsi əfvlə çıxdım. Sonra tutulanları o həbsxanaya gətirmədilər, çünki Ağır Cinayətlər Məhkəməsindən hökm alanları oraya gətirmirdilər.

– Həbsxanada sizə münasibəti necə idi?

– Kifayət qədər normal idi. Penitensiar xidmətin mənə münasibətindən narazılığım yox idi. Məhbusların da münasibəti normal idi. Bizim bölgədən olanlar məni özlərinə ağsaqqal sayırdılar. Çalışırdım onları pis işlərdən uzaqlaşdırım. Nə dərəcədə nail ola bilirdim, bilmirəm. Xüsusilə, narkotik maddənin fəsadlarından, təhlükəli olmasından danışırdım, məsləhət görürdüm ki, uzaqlaşsınlar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Hökumət külli miqdarda vəsait ayırmalıdır”

– Narkotik maddələrdən uzaqlaşmaq istəyənlər həbsxana şəraitində müalicə ala bilirdilərmi?

– Birincisi, istəsələr belə, həbsxanada narkotik maddə əldə etmək müşkül məsələdir. İkincisi, əgər həbs olunan zaman onlarda narkotikdən asılılıq müəyyən edilirsə, məcburi müalicəyə göndərirdilər. Amma bunun üçün sosial, psixoloji reabilitasiya da lazımdır. Bu sahə ilə maraqlanmışam, fiziki asılılığı dəf etmək bəlkə də işin ən asan tərəfidir. Əsas sosial, psixoloji reabilitasiya lazımdır. Bizim də bu sahədə çalışan psixoloqlarımız yoxdur. Hökumət külli miqdarda vəsait ayırıb onların sosial reabilitasiyasını aparmalıdır, lazım olsa, bu adamları mənsub olduğu mühitdən uzaqlaşdırmalıdır. Bu olmadığından, narkotik maddədən uzaqlaşanların sayı həddindən aşağıdır.

– Yadigar bəy, planlarınız nədir?

– Əvvəlcə, ölkə rəhbərliyinə bir müraciət hazırlamağı düşünürəm. Əslində, həbsdə olarkən bunu düşünmüşdüm ki, bəzi işlərə amnistiya verilməsi ilə bağlı müraciət edim. Amma özüm içəridə idim, düzgün anlaşılmazdım, indisə azadlıqdayam, bunu edəcəm. Çünki həbsxanalar ağzına kimi doludur. Bu, indiki iqtisadi şəraitdə həm də hökumətin xərcinin artması deməkdir. Bəzi məhbusların azadlığa buraxılması, bəzilərinin həbsinin azaldılması lazımdır.

– Bəs başqan müavini kimi vəzifələrinizi Lənkərandanmı idarə etməyi düşünürsüz?

– Hələlik bu barədə qərar verməmişəm. Həbsimdən qabaq Lənkəran Dövlət Universitetindən çıxarıldım. Tutulandan sonra qızımı da işlədiyi bankdan çıxardılar. Yəni çətinliklər var. Divan üzvü kimi də Bakıda olmağım lazımdır, amma bunun maddi tərəflərini də düşünməliyəm. Şərait yaranarsa, Bakıda yaşamağı düşünürəm.

Buna da bax: Anar Məmmədli:"Soruşdu ki, "Google" kimdir?"

Günün bütün mövzuları

XS
SM
MD
LG