Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

-

İnqilab Keşikçiləri iqtisadiyyata göz dikirlər; Terror riskini yalnız kəşfiyyat materiallarının paylaşılması azalda bilər – 23 mart Qərb mediasının icmalı.

«The Economist» dərgisi Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə əfv fərmanıyla«14 siyasi məhbusu» buraxmasından yazır və bu xəbərin ölkədə vətəndaş cəmiyyəti fəallarından ötrü çox az eşitdikləri yaxşı xəbər olduğunu vurğulayır.

«Bu əfvin səbəbləri barədə dərhal spekulyasiya başlandı. Əcəba, beynəlxalq təzyiqinmi nəticəsidir? Prezident Vaşinqtona - martın 31-nə planlaşdırılan səfərindən öncə təmizlik işlərimi aparır?

Xarici dairələr əfvi özlərinin fəaliyyətinə bağlayırlar. Yerli müşahidəçilərin fikrincə, əsas səbəb - neftin ucuzlaşmasıdır. Öz xarici tənqidçilərini satın aldığı «kürü diplomatiyası»na xərcləməyə nağd pulu azalan cənab Əliyev bunun əvəzedicisini tapmağa çalışır», - məqalədə belə deyilir.

Seçkilərin monitorinqiylə məşğul olan QHT rəhbəri Anar Məmmədli fəaliyyətinin bərpasına elə də inanmır: «Bu işi necə davam etdirə bilərəm? Fəallarımızın çoxu mühacirətdə, yaxud daha təhlükəsiz işə keçiblər, QHT-lərin fəaliyyəti qanunvericiliklə məhdudlaşdırılıb, xaricdən maliyyələşmə yasaqlanıb».

31 yaşlı Rəsul Cəfərov daha nikbindir. O, Bakıda 17-19 iyuna planlaşdırılan «Formula-1» yarışlarında insan haqlarıyla bağlı tədbir düzənləməyi planlaşdırır. Cəfərov Azərbaycan İnsan Haqları Klubunun qurucusudur.

Yazıda adı əfv siyahısına düşməyənlərdən siyasətçi İlqar Məmmədovdan, hüquq müdafiəçisi İntiqam Əliyev və jurnalist Xədicə İsmayılovadan da söz açılır. Qeyd olunur ki, əfv imzalanan gün onların ailələri üzülüb. Düzdür, bu ailələrin heç biri təslim olana oxşamır. İlqar Məmmədovun xanımı düşünür ki, hökumət ərini əfvə salmamaqla onu mənəvi baxımdan sındırmaq istəyir. Ancaq həyat yoldaşı sınan adam deyil. O, ərinin «fiziki məhvinə» qərar veriləcəyindən narahatdır.

Xədicənin anası Elmira Süleymanova övladının heç bir pis bir iş görmədiyinə əmindir. «The Economist» son durumu belə təsvir edir:

«Bakıdakı fəallar öz həmkarlarının hamısının azadlığa buraxılmasına nail olmaya bilərlər, amma geri çəkilən də deyillər. Bakının ən yaxşıları dəmir barmaqlıq arxasında qalsa da, təslim olmurlar: İntiqam Əliyev təcridxanadan hüquqqoruma işini davam etdirir, İlqar Məmmədov bloq yazır, Xədicə İsmayılova isə opera ariyaları oxuyur... Üstəlik, Sahar Delijani-nin «Cakaranda Ağacının uşaqları» əsərini Azərbaycan dilinə çevirib».

Ali Khamenei İran İnqilab Qvardiyasının zabitlərini salamlayır.

Ali Khamenei İran İnqilab Qvardiyasının zabitlərini salamlayır.

İNQİLAB KEŞİKÇİLƏRİ İQTİSADİYYATI GÖZALTILAYIR

İran İnqilab Qvardiyasının yüksəkrütbəli siması martın 22-də hökuməti, ali dini rəhbərin dediyi kimi, özünəgüvənən iqtisadiyyata üstünlük verməyə və bunda Qvardiyanın da daha böyük rol oynamasına çağırıb. Ayətulla Ali Khamenei bazar günü demişdi ki, «dirəniş iqtisadiyyatı» gəlişdirilməlidir, çünki ABŞ-ın İranla biznesi məhdudlaşdırma siyasəti yanvarda sanksiyaların qaldırılmasını faydasız edir. Prezident Hassan Rouhani isə ölkəyə xarici sərmayə cəlbinə, İran bazarlarının açılmasına çalışır. Silahlı qüvvələrin baş qərargah rəisinin müavini, briqada generalı Masoud Jazayeri «Fars» agentliyinə müsahibəsində Khamenei-nin sözlərinin, əsasən, hökumətə ünvanlandığını söyləyib.

«Reuters» agentliyindən Bozorgmehr Sharafedin yazır ki, Jazayeri İslam İnqilab Keşikçiləri Qvardiyasının üzvüdür və bu elit silahlı qüvvələr böyük biznes imperiyasını nəzarətdə saxlayır. İndi xaricdən rəqabətin artması onların iqtisadi maraqlarına təhlükə törədə bilər:

«Qvardiyanın iqtisadi rolunun hər hansı şəkildə artması İranı xarici investorlardan ötrü daha riskli bazara çevirərdi. Çünki qvardiya üzvlərinin və əsas şirkətlərin çoxuna ABŞ sanksiyaları qalır. Vaşinqton onların «terrorçuluq əməllərinə» dəstək verdiyini iddia edir».

Jazayeri-nin dediklərinə açıqca reaksiya verən vitse-prezident Eshaq Jahangiri isə Khamenei-nin çıxışının təkcə hökumətə ünvanlanmadığını söyləyib: «Bütün dövlət orqanlarına ünvanlanıb. Heç bir şəxs, fraksiya, yaxud təşkilat «dirəniş iqtisadiyyatını» istədiyi kimi yoza bilməz».

Brüssel metrosunda terror

Brüssel metrosunda terror

BRÜSSELDƏN SONRA

«Belçika hücumları bir daha yada saldı ki, hamımız cihadçıların hədəfinə çevrilə bilərik. Bu riski yalnız beynəlxalq əməkdaşlıq, kəşfiyyat materiallarının paylaşılması azalda bilər». «The Times» belə yazır və daha sonra bunlara diqqət çəkir:

«Brüsselin ilk dərsi ortalıqdadır. Dünyada insanların yemək, şənlənmək, gəzmək üçün toplaşdığı istənilən məkan cihadçıların potensial hədəfidir. Heç bir çimərlik, konsert zalı, aeroport «Allah adına qətl yerinə» çevrilməkdən sığortalanmayıb... Terror təhlükəsi qlobal və əlaqələndirilmiş şəkildədir, ona cavab da elə olmalıdır. Hər bir ölkə ayrılıqda vətəndaşlarını qorumaqla onların azadlıqlarını balanslaşdırmalıdır. Hücumlar bir tərəfdən iflas və uğursuzluqdursa, polis dövləti və ya əhalinin qorxu içində yaşaması məsələnin digər çətin tərəfidir».

Müəllif kəşfiyyat xidmətlərinin yeni texnologiyalara tam yiyələnməsini vacib sayır. ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) San- Bernardino hücumunu törətmiş silahlının «iPhone»nu oxuya bilsəydi, çoxları rahat nəfəs alardı. Hətta «Apple» şirkəti əməkdaşlıqdan boyun qaçırsa da: «Sadəcə, çoxları istəyir ki, təhlükəsizlik qüvvələri Syed Farook kimi qatillərin kimlə danışdığını öyrənsin. «Apple»ın bu məsələdə qəti mövqeyi isə dünənə -Brüssel hücumları törədilənədək haqlı görünə bilərdi».

«The Times» ötən ilin noyabrında Paris hücumlarından sonra Belçikanın kəşfiyyat və polisinin iş keyfiyyətinin sual doğurduğuna diqqət çəkir: «Daha yaxşı kəşfiyyat və polis Abdeslam-ı daha öncə saxlaya, aeroport və metro hücumlarını önləyə bilərdi. Önləməyə də bilərdi... Dost hökumətlər, təhlükəsizlik xidmətləri, texnologiya firmaları kəşfiyyatı paylaşmalıdırlar. Bunun alternativi - dünənin dönə-dönə təkrarlanmasıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG