Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:25

Erdoğan: 'Bacardığınız qədər tez baxın'


R.T.Erdoğan
R.T.Erdoğan

«The Los Angeles Times» qəzeti yazır ki, Avropa Birliyi bu dəfə Türkiyənin quruma üzv olmaq şansını sual altına salıb. Noyabrın 9-da AB rəhbərliyi Türkiyəni yenə mətbuata, ədliyyə və parlamentə göstərdiyi basqıya, kürd liderlərin təqibinə görə tənqid edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın cavabı daha sərt olub. O, qurumu Türkiyəylə bağlı birdəfəlik qərar verməyə çağırıb.

«QƏRARINIZI VERİN»

«Onlar utanmadan Türkiyə və AB danışıqlarına yenidən baxacaqlarını deyirlər. Baxın, bacardığınız qədər tez baxın. Amma, sadəcə, baxmayın, qərarınızı verin», - Erdoğan söyləyib.

Bu kəskin çıxışlara səbəb Türkiyədə son baş verənlər və bunların AB-nin Türkiyə haqda illik hesabatında əks olunmasıdır.

Keçən həftə Erdoğan hökuməti fövqəladə vəziyyətdən yararlanaraq, nüfuzlu «Cumhuriyet» qəzetinin redaktorları və jurnalistlərini, sonra da kürdlərin Xalq Demokratik Partiyasının (HDP) liderləri də daxil olmaqla, 10 üzvünü – deputatları həbs edib.

Erdoğan bildirib ki, xalqa xəyanət edən hər kəs cəzasını alacaq. Baş nazir Binali Yıldırım isə hökumətə ünvanlanan tənqidlərin «alçaqlıq» olduğunu deyib.

Diyarbəkirdəki partlayış isə Türkiyədə təhlükəsizliklə bağlı durumun pisləşdiyini göstərib.

GERİLƏMƏ

AB-nin illik hesabatında bütün bunlarla yanaşı, Erdoğan-nın çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatı və vətəndaş cəmiyyətinə basqısına ayrıca yer verilib. Birliyin genişlənmə siyasəti üzrə baş rəsmisi Johannes Hahn deyib ki, çevriliş cəhdi özlüyündə demokratiyaya həmlə olub və vəziyyət ciddi olduğu halda buna dərhal reaksiya verilməsi qanunidir. «Bununla belə, son aylar müşahidə etdiyimiz əməliyyatların miqyasının genişliyi və kollektiv xarakter daşıması ciddi suallar doğurur», - J.Hahn belə deyib.

Johannes Hahn
Johannes Hahn

Hesabatda «geriləmə» sözü 103 dəfə işlədilib, qanunun aliliyinin təmin olunmaması, insan haqları, söz azadlığı, ədliyyə sisteminin müstəqilliyi ilə bağlı fikirlər tez-tez bu sözlə ifadə edilib.

Sənəddə vurğulanır ki, Türkiyə konstitusiyasına düzəlişlər Erdoğan-ın AK Partiyasına üstünlük verib, kasasiya məhkəməsi, apellyasiya məhkəməsi və Dövlət Şurasını idarəetmə sisteminin alətlərinə çevirib.

AB Türkiyə həbsxanalarında siyasi məhbuslarla davranışın pisləşdiyini, məhbusların işgəncələrə məruz qalması hallarının artdığını, həmçinin ölüm hökmünün bərpası ideyasının AB-nin əsas prinsiplərinə zidd olduğunu vurğulayıb.

«ANKARA NƏ İSTƏYİR?»

AB-nin hesabatında Erdoğan-a hələ 2013-cü ildə irəli sürülmüş korrupsiya ittihamlarıyla bağlı araşdırma aparılmadığı da qeyd edilir.

«Bu müxtəlif addımlar… Türkiyənin AB-yə üzvlük arzusuyla bir araya sığmır. Ankaranın bizə real olaraq nə istədiyini deməyinin zamanı gəlib», - J.Hahn Brüsseldə çıxışında belə deyib.

Bütün bu çıxışlara baxmayaraq, «The Los Angeles Times» qəzeti hər iki tərəfin bir-birinə ehtiyacı olduğunu yazır. Müəllif bildirir ki, Avropa özəlliklə Suriya qaçqınlarının yaratdığı böhranı aradan qaldırmaqdan ötrü Türkiyəyə möhtac olduğunu anlayır. Ankara Türkiyə vətəndaşlarına vizasız rejimin tətbiqi və maddi yardım əvəzində 3 milyona yaxın qaçqını Avropaya buraxmamağa razılıq verib. Bu razılaşmasının pozulması heç bir tərəfə xeyir gətirməz.

Bu günlərdə AB rəsmiləri, o cümlədən qurumun xarici məsələlər üzrə ali nümayəndəsi Federica Mogherini Ankaraya gələcəklər.

XS
SM
MD
LG