Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

Südçü: 'Xeyir etməsəydi, bu işlə məşğul olmazdıq'


Bakının "28 May" qəsəbəsində yaşayan Ülviyyə Şükurova

Bakının "28 May" qəsəbəsində yaşayan Ülviyyə Şükurova

Səhər saat 6-da hamı yuxuda olanda 30 yaşlı Ülviyyə yerindən qalxıb tövləyə tələsir. Nə soyuq, nə isti onun bu rejiminə təsir etmir, çünki, Ülviyyə mal-qara yiyəsidir.

– Qolumu ağrıdır ancaq, – inəyin əmcəyini sağa-sağa danışır.

– Ağır işdir?

– Çox ağırdır.

– İstəyərsən qızın da böyüyüb sənin kimi....

Sözümü ağzımda qoyur:

– Yox, yox, istəyərəm, qızım oxusun, savadlı olsun, böyüyüb vətəninə xeyir versin.

Bakının "28 May" qəsəbəsində yaşayan Ülviyyə Şükurova 2 uşaq anasıdır, Şamaxıda böyüyüb-başa çatıb, Bakiya gəlin gəlib. Elə inək sağmağı da, mal-qaraya baxmağı da paytaxtda, ər evində öyrənib: “Yoldaşımgil də Şamaxıdandılar, amma çoxdan Bakıya köçmüşdülər. Rayonda heç heyvana baxmamışdım, gəlib burda öyrəndim. Qaynanam süd sağmağı, qatıq çalmağı, pendir tutmağı, şor düzəltməyi öyrətdi mənə”.

Buna da bax:​ «Südçülük sovxozu»nda işıq axtaranlar...

Süd sağımı

Süd sağımı

“İndikilər əfəldilər”

Onun 76 yaşlı qaynanası Zöhrə nənə söhbətimizə qoşulur, keçmişi xatırlayır, deyir ki, sovet dövründə Xırdalanda ər-arvad fermada işləyiblər: “Onlarla heyvanım vardı, sağırdım, qulluq eləyirdim, inəyim, qoyun-quzum vardı. Əvvəllər çox yaxşıydı, yaylağa gedərdik. Biz cavan yaşda daha çox iş görürdük, üstəlik, 6 uşaq böyütmüşəm, indikilər əfəldilər”. Amma o, heyvandarlığın ağır iş olduğunu da söyləyir: “Heyvana gecə-gündüz qulluq eləməlisən, altını təmizləməlisən, vedrə-vedrə süd sağmalısan”.

Ülviyyə işdən qorxmadığını, 10-20 heyvana birdən baxmaq gücündə olduğunu deyir, amma bu mal-qaranı almağa pulu yoxdur.

“Azərsun” şirkətinin rəhbəri Abdolbari Goozal bu günlərdə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda süd biznesi xeyir gətirmir, hətta məhsulu satmaq üçün dəridən-qabıqdan çıxırlar.

Buna da bax:​ Qurbağa qurultusundan qulaq tutulan keçmiş «Südçülük sovxozu»

“Pulum olsaydı...”

Ancaq Ülviyyə məhsulunu satmağa müştəri sarıdan korluq çəkmir, əksinə, vəsait axtarır ki, əlavə heyvan alıb gündəlik süd istehsalını artırsın:

– İndi gündə 20-30 litr süd sağıram.

– Bəs gün ərzində, tutalım, 200-300 litr süd sağdın, harda satacaqsan?

– Satmaq çətin deyil. Müştərilər qapıya gəlir, əvvəldən sifariş verirlər. Satdığımı satıb satmadığımdan da şor düzəldəcəm, qatıq çalacam, pendir tutacam. Buna da müştəri var.

“Rəqabətdən qorxmuram”

Onun yaşadığı ərazidə mal-qara saxlayanlar az deyil, amma bu, Ülviyyəni qorxuzmur. Deyir ki, illərdi onu tanıyırlar, hətta şəhərin özündən də gəlib ondan süd alırlar.

Amma Ülviyyə südü xammal kimi satmağın qazanclı olduğunu düşünür: “1 litr südü 1 manata verirəm, belə xeyir edir. O zaman heyvanın yediyi ot da xərcini çıxarır, gəlir də qalır. Amma yayda litri 70 qəpiyə düşür. Bu zaman gəlir çox azalır, çünki, heyvanı harasa otlamağa göndərə bilmirik, elə həyətdə nə olsa otlayır, əlavə də yem veririk”.

Buna da bax:​ “Səhərə kimi yandırılmış donuz leşlərinin iyini çəkirik”

“Kənddə südçülük xeyir eləməz”

Şamaxıda kənddə yay aylarında heyvana baxmağın daha rahat olduğunu söyləsə də, müsahibimiz deyir ki, kənddə alıcı yoxdur. Ona görə də kənddə heyvandarlıq südçülük kimi xeyir eləmir: “Kənd yerində süd çox ucuzdur, yayda litri 20-30 qəpiyə düşür, qışda 50 qəpiyə. Amma qışda heyvana verdiyin otun qiymətində elə də ciddi fərq yoxdur”.

Ailə təsərrüfatını artırmaq məqsədiylə güzəştli kredit üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edib. Ancaq girov qoymağa əmlakları olmadığından kredit arzusu xəyala çevrilib. Baxmayaraq ki, ailənin 100 min manatlıq ev-eşiyi var: “Evin “kupçası” olmadığından onu girov qoyub kredit ala bilmirik”.

Elə bu ev-eşiyi də ailə heyvandarlığın sayəsində tikib-başa gətirib: “Xeyir etməsəydi, bu işlə məşğul olmazdıq”, o, əlavə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG