Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

Qurbağa qurultusundan qulaq tutulan keçmiş «Südçülük sovxozu»


Arxiv fotosu
Arxiv fotosu

-

“Yay gəlir. Üfunətdən məhəllələrə girmək mümkün deyil. Gələn qonaq-qara qarşısında da üzü qara oluruq. Bu tərəflərə gələn bir də gəlmək istəmir. Məhəllələrimizdə yığılıb qalan sulardan gölməçələr əmələ gəlib. Gündüzlər üfunət, gecələr qurbağa qurultusu...”

"UŞAQLARI ÇÖLƏ BURAXMIRIQ"

Ramana qəsəbəsindəki keçmiş Südçülük sovxozu ərazisində ev tikib yaşayanlar AzadlıqRadiosunun “Qaynar xətt”inə ərazidəki vəziyyətdən şikayətləniblər.

Vaxtilə kolxoz və sovxozlar özəlləşdirilərkən Südçülük sovxozu da özəlləşdirilib. Hektarlarla sahəsi olan ərazi müxtəlif insanlara satılıb. Uzun illərdir ki, burada fərdi evlər tikilsə də, insan yaşayışı üçün heç bir şərait yaradılmayıb.

İnternetdə bu ərazidəki evlərin təcili və ucuz qiymətə satılması ilə bağlı saysız-hesabsız elanlarta rast gəlmək olar. Sakinlər deyirlər, tikdikləri evləri dəyər-dəyməzinə satıb buradan qaçmaqdan başqa çıxış yolu görmürlər.

"Yağışlardan sonra üzə çıxan qurunt suları həyət-bacalarda, yollarda hərəkətlərini məhdudlaşdırır. Böyüklər uzunboğaz çəkmələrdə gəzir, uşaqları isə qışboyu evdən çölə buraxmırıq.

Sakin Fəridə Salmanova:

“Qış gəldi, küçəyə çıxmaq mümkün deyil, su evləri, həyətləri basır. Düzdür, yayda gölməçələr quruyur, ancaq iyi çəkilmir. Bir sözlə, yayını bir cür zülmdəyik, qışını başqa cür..”

Deyirlər, səbəb odur ki, məhəllələrdə yığılan suyun axar yeri yoxdur. Su təkcə həyətlərə yox, həm də evlərin altına yığılır.

“Evi tikdirdiyim heç 5 il deyil. Ancaq dağılmaq üzrədir. Altı sudur. Özül suyun içindədir, yay-qış divarlarda rütubətdən mamır bitir. İki azyaşlı övladım var, bütün qışı ikisinin də ciyərlərini müalicə etdirmişəm. İndi ikisini də Bakıxanovda yaşayan qohumun evinə ötürmüşəm ki, orada qalsınlar. Bu gedişlə gələcəyə bircə salamat adam qalmayacaq”.

Son 3 ildə ərazidə evlərin sayı sürətlə artdığından vəziyyət daha dözülməz həddə çatıb.

Sakin Füzuli İbadov:

"Gölməçələrdən keçmək üçün yollara düzməyə daş da tapmırıq. Qurbağa qurultusundan qulaq tutulur. Bu yaxınlarda qonağımız gəlirdi, məhəlləni tapa bilmirdi, dedim qurbağalar quruldayan tərəfə gəl. Məhəlləni 5 dəqiqəyə tapdı".

DÖVLƏT PROQRAMINDAN SƏS-SORAQ YOXDUR

Sakinlər məhəllələrdəki antinasitariya vəziyyətindən xəstəliklərə yoluxmaqdan ehtiyat edirlər. Onlar əlaqədar qurumlardan əraziyə diqqət ayrılmasını istəyirlər.

"Kanalizasiya yoxdur. Hərə öz qapısında bir quyu qazdırıb, çalışır ki, suyu ora axıtsın. ancaq quyu da dolub daşır axı... Demişdilər 2013-cü ildə su-kanalizasiya xətti çəkiləcək. 2015-ci ilin yarısını başa vururuq, hələ də səs-soraq yoxdur".

Yerli bələdiyyədən bildiriblər ki, keçmiş Südçülük sovxozu ərazisindəki vəziyyətdən xəbərdardılar. Ancaq bələdiyyənin orada vəziyyəti düzəltmək imkanı yoxdur. Su-kanalizasiya sisteminin yaşılaşdırılması məsələsi 2015-2016 illərin dövlət proqramına salınıb.

XS
SM
MD
LG