Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Azərbaycanda şəxsi məlumatı yayanlar kimlərdi?


"Yazışma". Şerif. Karikatura
"Yazışma". Şerif. Karikatura

Türkiyədə şəxsi məlumatları qorumayan şirkət rəhbərləri həbs edilə bilər. Oktyabrın əvvəlində öz məlumat bazasını “Şəxsi məlumatların qorunması” qanununa uyğunlaşdırmaq üçün şirkətlərə verilən vaxt tamam olub.

Türkiyənin “Haberturk” saytı yazır ki, indən belə qanunu pozan şirkət rəhbərləri 5 milyon lirədən 1 milyon lirəyədək cərimələnə və ya 1 ildən 4 il yarımadək həbs edilə bilərlər.

Qanun şirkətlərin məlumatları üçüncü şəxsə və ya ölkə xaricinə ötürməsini yasaqlayır. Məlumatların istifadə müddəti bitəndən sonra onlar ya silinməli, ya da anonimləşdirilməlidir. Tutalım, şirkət əvvəllər fərqli bir məqsədlə müştərilərinə elektron məktub göndərir, həmin məqsədə çatandan sonra bu məlumatları silmir və ora email göndərməsə də, məlumat bazasında saxlayırdısa, yeni qanun bunu qadağan edir və cəza obyekti sayır.

Buna da bax:​ ‘’Milli-mənəvi dəyərlər’ adlı hüquqi termin yoxdur’

Avropa Birliyi bu normaları sərtləşdirməyə, şəxsi məlumatları daha sıx qorumağa hazırlaşır. Bu ilin yanvarında Brüsseldə keçirilən beynəlxalq konfransda “Məlumat Müdafiəsi” adlanan qanunun yenidən işlənməsi üçün təkliflər toplanıb.

Bəs Azərbaycanın müvafiq qanunları şəxsi məlumatları necə qoruyur? Axı ölkə vətəndaşları xidmətinə ehtiyac duyduğu bütün şirkətlərə şəxsi məlumatlarını ötürür. Belə məlumatlar səhiyyə və təhsil ocaqlarından tutmuş, müxtəlif bankları, dövlət qurumlarını və s.-i əhatə edir.

“İnanmıram ki, yüzlərlə, minlərlə nömrəni uydururlar”

Bakı sakini Təranə İbadova mobil nömrəsinin üçüncü şəxslərə ötürülməsindən şikayətçidir: “Mən “Azercell” abunəçisiyəm. Arada zəng gəlir ki, su təmizləyici qurğu satmaq istəyirik, ya da deyirlər, nömrəniz filan lotereyada qalib gəlib, sizə filan malları dəyərindən ucuz verəcəyik”. Təranə İbadova deyir, soruşanda ki, nömrəsini hardan alıblar, doğru-düzgün cavab almır: “İnanmıram ki, kimsə oturub özündən yüzlərlə, minlərlə nömrə uydursun. Onların əlində bu nömrələr olur ki, oturub zəng edirlər”.

Ələsgər Məmmədli: 'Kamera avtomobilin içindəki şəxslərin də görüntüsünü çəkir və sürücünün evinə göndərilir'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Buna da bax:​ Mobil reklam mesajlarından necə qurtulmalı

“Yol pozuntusunu da qeydə alır, içindəki sərnişini də”

Telefon nömrələrinin üçüncü şəxsə verilməsi məsələsi yeni deyil. Bu məsələ bir müddət öncə parlament iclaslarında da müzakirə mövzusu olmuşdu. Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, şəxsi məlumatların şəxsin icazəsi olmadan üçüncü tərəfə ötürülməsi qanunla qadağandır, ancaq təcrübədə əksini görmək mümkündür: “Bunu çox asanlıqla sübut etmək olar ki, məlumatlar ötürülür. Məsələn, siz Kürdəmirə gedirsiniz və sizə Kürdəmirdəki hansısa xidmətlə bağlı reklam gəlir, Ucara keçirsiniz, indi də ordan gəlir”.

Ələsgər Məmmədli şəxsi məlumatların ictimailəşdirilməsinə dair daha bir misal gətirir və deyir ki, ölkənin bir çox yollarında vedeokameralar quraşdırılıb:

“Bu kameralar, deyək ki, bir yol hərəkəti pozuntusunu qeydə alır, bu zaman avtomobilin içindəki şəxslərin də görüntüsünü çəkir və həmin görüntülər sürücünün evinə göndərilir. Ola bilsin, avtomobildə olan sərnişin sürücünün ailəsində arzulanmayan adamdır və sürücü də istəmir ki, ailəsi bunu bilsin. Amma evinə gedən görüntülərlə onun şəxsi məlumatı açıqlanmış olur. Əvvəllər bu məsələylə bağlı ailədaxili qalmaqallar çox olub. Amma son zamanlar müşahidə olunur ki, artıq bəzi yerlərdə maşının nömrəsi olan hissə kəsilərək göndərilir”.

Ələsgər Məmmədli bəzi sahələrdə şəxsi məlumatların paylaşıldığını və bunun qarşısının alınması üçün qanundakı boşluqlar aradan qaldırılmasının gərəkdiyini bildirir.

Buna da bax:​ Ən təhlükəsiz mesencer hansıdır?

“Biz yalnız texniki xidmət göstəririk”

Azercell Plaza
Azercell Plaza

Azərbaycanda fəaliyyət göstərən mobil telefon şirkətlərindən birindən – “Azercell”dən AzadlıqRadiosu-na deyirlər ki, onlar məlumatları üçüncü şəxsə ötürmürlər.

“Reklam xarakterli SMS-ləri birbaşa məzmun təminatçıları (3-cü tərəf) göndərir. “Azercell” şirkəti, şəbəkə təminatçısı kimi, bu şirkətlərə yalnız texniki dəstək göstərir. Abunəçilərə bu və ya digər xidmətə qoşulma haqqında təklif gəldikdə diqqətli olmaq tövsiyə edilir. Arzuolunmaz SMS-lərdən imtina etmək üçün STOP sözü 5010-a göndərilməlidir”, - şirkətin mətbuat xidmətindən AzadlıqRadiosu-na göndərilən açıqlamada belə deyilir.

Bəs şəxsi SMS yazışmaları, zənglərlə bağlı məlumatlar “data baza”da nə qədər saxlanır? “Azercell” bu suala belə cavab verir ki, müştəri xidmətləri ofislərində abunəçilərə “izahlı sənəd (istifadə etdiyi xidmətlər barədə daxil olanları çıxmaqla, zəng vurulan nömrələr, müddətlər, xidməthaqqı və s.) ən çoxu müraciət tarixindən yalnız əvvəlki 2 ay üçün təqdim edilir”. Şirkətin mətbuat xidmətinin açıqlamasında göstərilir ki, “telefon danışıqları, qısa mesaj, yaxud digər xidmətlərdən istifadə zamanı məzmunun əldə edilməsi, yazılması, saxlanması, eləcə də əldə edilməsi arzu olunan digər məlumatları (mobil internet xidmətindən yararlanarkən, baxılan internet səhifələri və yüklənən məlumatların məzmunu da daxil) özündə əks etdirən hər hansı xidmətin göstərilməsi Azercell tərəfindən nəzərdə tutulmayıb”.

Xalid Ağəliyev: 'Tənqidçi jurnalistə və ya müxalifətçiyə təzyiq göstərmək istərkən şəxsi məlumatlar çox asanlıqla toplanır'
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00
Direct-ə keçid

Buna da bax:​ Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

“Söhbət jurnalistdən, müxalifətçidən gedəndə…”

Azərbaycanda şəxsi məlumatlara çatımla bağlı müvafiq qanunlar sərtdir, ancaq baxır kimə qarşı. Media Hüququ İnstitutunun eksperti Xalid Ağəliyevin fikrincə: “Təcrübədə bir tənqidçi jurnalistin və ya müxalifətçinin şəxsi məlumatlarının qorunması ilə bir məmurun şəxsi məlumatlarının qorunması bir deyil”.

Ekspert deyir ki, tənqidçi jurnalistə və ya müxalifətçiyə təzyiq göstərmək istərkən şəxsi məlumatlar çox asanlıqla toplanır. O bildirir ki, 2009-cu ildə Konstitusiyada, ardınca qanunvericilikdə özəl bilgilərə çatımla bağlı müxtəlif dəyişikliklər aparıldı. Daha sonra - 2010-cu ildə ayrıca qanun qəbul edildi: “Qanunvericiliklə yox, təcrübədə tətbiqi ilə bağlı ciddi problemlər var”.

“İstintaq özəl məlumatlarımı yaydı”

Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl şəxsi məlumatının dövlət orqanı tərəfindən paylaşılması iddiası ilə Avropa Məhkəməsinə üz tutub. O, AzadlıqRadiosu-na müsahibəsində deyir ki, 2012-ci ildə prokurorluğa ifadə verərkən, istintaqın obyektiv aparılması üçün çox özəl məlumatlarını müstəntiqlə paylaşıb:

“İstintaqa kömək məqsədilə heç vaxt ictimailəşdirmək istəmədiyim şəxsi məlumatlarımı söylədim. Ancaq prokurorluq, qanuna zidd olaraq, bu özəl məlumatları ictimailəşdirdi”.

Buna da bax:​ Xədicə İsmayıl: 'Qanunun qulağından dartmaq çətinləşib'

Xədicə İsmayılın sözlərinə görə, bu, yalnız onun başına gəlməyib. O xatırladır ki, hüquq-mühafizə orqanları tənqidi media təmsilçilərindən birinin şəxsi kompüterini müsadirə edəndən sonra xanımın heç bir yerdə paylaşmadığı fotoşəkillər sosial şəbəkələrdə yayılıb: “Hökumət orqanlarının şəxsi məlumatlara məhkəmə qərarı olmadan da əlləri çatır və onların bununla bağlı səlahiyyətləri çərçivələnmir. Üstəlik, əldə etdikləri məlumatı necə istifadə edə bilərlər, harda paylaşa bilərlər və bu zaman hansı məsuliyyəti daşıyırlar, bu da çərçivələnmir”.

Xədicə İsmayıl: 'Bu, yalnız mənim başıma gəlməyib...'
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00
Direct-ə keçid

“Reklam məqsədilə…”

Araşdırmaçı jurnalist deyir ki, Azərbaycanda şəxsi məlumatların üçüncü şəxslə paylaşılması bir neçə yöndə baş verir. Bəzi şirkətlər özəl məlumatları reklam məqsədilə üçüncü şəxsə ötürür. Hakimiyyətsə arzulamadığı şəxsləri təqib məqsədilə bu məlumatları məhkəmə qərarı olmadan əldə edir. Xədicə İsmayılın fikrincə, reklam məqsədilə ötürülən məlumatların qarşısını almaq mümkündür: “Mən bir müddət ABŞ-da işləmişəm. İşə girərkən bütün şəxsi məlumatlarımı quruma vermişdim. Bundan sonra mənə reklam xarakterli SMS-lər gəlməyə başladı. Maraqlananda məlum oldu ki, ərizəni doldurarkən şəxsi məlumatların üçüncü şəxsə verilməsi ilə bağlı bəndə naşılıqdan “hə” yazmışam. Yəni razılıq vermişəm. Orda da hakimiyyət orqanlarının şəxsi məlumatlara çıxışı var, amma orda məmurlar bu imkanlarından sui-istifadə etmirlər".

Buna da bax:​ Yeni kiber-hücumda Rusiyadan şübhələnirlər

Azərbaycanda şəxsi məlumatları yayanlar necə cəzalandırılır? Azərbaycan Cinayət Məcəlləsində göstərilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səsyazılarının yayılmasına, satılmasına və ya başqasına verilməsinə, qanunsuz toplanılmasına görə 100 manatdan 500 manatadək cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri kimi cəzalar tətbiq edilir.

Eyni əməlləri qulluq mövqeyindən istifadə edən vəzifəli şəxs törədərsə, o, üç ilədək müddətə müəyyən vəzifə tuta və ya müəyyən fəaliyyətlə məşğul ola bilməz. Belə şəxsə iki ilədək həbs cəzası da kəsilə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG