Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:12

BMT ekspertləri: Rusiya Ukraynaya Şimali Koreya raketləri atır


Hwasong tipli ballistik raket
Hwasong tipli ballistik raket

BMT ekspertlərinin Təhlükəsizlik Şurası üçün hazırladıqları hesabatda Rusiyanın Ukraynaya Şimali Koreyada istehsal olunmuş ballistik raketləri atması iddia olunur.

Bu, əgər həqiqətdirsə, Moskva Şimali Koreyaya dair beynəlxalq sanksiyaları pozub.

Reuters agentliyinin hesabatla tanış müxbirləri sənədə istinadla bildirirlər ki, 2024-cü ilin 2 yanvarında Xarkova "Hwasong-11" ballistik raketi atılıb və nəticədə 40-dan çox yaralanan olub.

Hesabat müəlliflərinin yazdığına görə onlar raketin qırıntılarını aprel ayında müayinə ediblər.

Amma bununla yanaşı ekspertlər raketin buraxıldığı yeri və onu atanın hansı tərəf olduğunu müstəqil şəkildə müəyyənləşdirə bilməyiblər.

Hesabatda deyilir ki, Ukrayna tərəfinin təqdim etdiyi məlumatlara görə raket Rusiya ərazisindən atılıb.

Sursat və zərbənin nəticələri haqqında məlumatları öyrəndikdən sonra BMT ekspertləri bu nəticəyə gəliblər ki, Rusiya Şimali Koreyaya qarşı 2006-cı ildən qüvvədə olan silah embarqosunu pozub.

Rusiya və Şimali Koreya rəsmiləri hələki bu xəbəri şərh etməyiblər. Onlar Reuters agentliyinin bu barədə sorğularını cavabsız qoyublar.

Rusiya Şimali Koreya aktivlərinin “donunu” açıb

2024-cü ilin fevralında Ukraynanın Təhlükəsizlik Xidməti – SBU xəbər verirdi ki, Rusiya hərbçiləri Ukraynaya 20 "Hwasong-11" raketi ilə zərbələr endiriblər və yüzlərlə adam xəsarət alıb.

SBU-nun ixtiyarında olan məlumatlara görə Şimali Koreya raketlərindən Rusiya tərəfindən ilk dəfə istifadə olunması 2023-cü il, dekabrın 30-da baş verib.

Bu da qeyd olunur ki, ŞKXR istehsalı raketlərlə Kiyevə, Xarkova və Donetsk vilayətinin yaşayış məntəqələrinə zərbələr endirilib.

Elə həmin vaxt The New York Times qəzeti ABŞ müttəfiqlərinin kəşfiyyatındakı mənbələrə istinadla yazırdı ki, Rusiya hökuməti Rusiya banklarından birində dondurulmuş Şimali Koreya aktivlərinin blokunu qaldırıb. Bu isə özlüyündə Pxenyana beynəlxalq bank sisteminə çıxış verib.

Qəzet bildirirdi ki, bu, Şimali Koreya Rusiyaya Ukrayna müharibəsində istifadə üçün silahlar verəndən sonra baş verib.

1000 konteynerlik silah-sursat

Bu ilin yanvarında ABŞ Dövlət Departamenti Rusiyanın Şimali Koreyada istehsal olunmuş raketlərdən istifadəsinə görə Rusiyanın üç təşkilatı və bir fiziki şəxsi üzərinə sanksiyalar elan etmişdi.

Sanksiya siyahısına Həştərxan vilayətindəki Vladimirovka və Aluşuk poliqonları, habelə “224-cü uçuş dəstəsi” dövlət şirkəti və onun direktoru Vladimir Mixeyçik daxil edilmişdilər.

Bundan başqa sanksiya siyahısına sözü gedən raketləri və onlara lazım olan avadanlığı daşıyan 4 təyyarə salınmışdı.

2023-cü ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Kirbi Reuters agentliyinə demişdi ki, Şimali Koreya Rusiyaya Ukrayna müharibəsində istifadə üçün 1000 konteyner sursat və avadanlıq verib.

ABŞ hökuməti və bir sıra Amerika ekspertləri Rusiyanın Şimali Koreya silahlarından artıq istifadə etdiyini bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG