Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:24

Ukrayna rus zəncirini qırıb Avropaya qovuşur


-

Rusiyanın Ukrayna və Avropa Birliyi arasında azad ticarət müqaviləsi ilə bağlı narahatlığı, etirazları nəticəsiz qaldı.

AB-nin Ticarət Komissarı Cecilia Malmstroem deyib ki, bu mühüm ticarət müqaviləsi planlaşdırıldığı kimi yanvarın 1-də qüvvəyə minəcək.

Bu ticarət razılaşması Brüssellə Moskva arasında Ukraynada nüfuz uğrunda mübarizənin özəyini təşkil edir və Kiyevlə ölkənin şərqindəki separatçılar arasında mübarizənin qızışmasında rol oynayıb.

Moskva iddia edir ki, ticarət razılaşması onun Ukraynadakı iqtisadi maraqlarına mənfi təsir edir. İddiaya görə, bu razılaşmadan sonra Ukrayna ucuz AB malları ilə dolacaq və sonrada bu mallar Rusiya bazarına yol tapacaq.

Dekabrın 21-də Rusiya Ukraynadan qida məhsullarının idxalına qadağa qoyub. Ukrayna bu qadağanın təqribən 600 milyon dollarlıq iqtisadi itkiyə səbəb olacağını hesablayıb.

Rusiyanın Baş naziri Dmitry Medvedev deyib ki, Uktayna eyni vaxtda iki azad ticarət zonasının, həm Avropa, həm də Rusiya ilə birgə azad ticarət zonalarının üzvü ola bilməz.

Malmstroem Rusiyanı 18 ay davam etmiş danışıqları uçuruma yuvarlamaqda günahlandırıb.

“Biz müəyyən praktik həll yolu tapmağa çox yaxın idik və mən düşünürəm ki, iradə olsa idi, biz bunu edə bilərdik. Ancaq bu gün Rusiya tərəfində kifayət qədər çeviklik yox idi. Razılaşma əldə edilmədi, deməli bu cəhd bitdi,” - deyə Malmstroem bildirib.

Malmstroem deyib ki, Rusiyanın Ukraynaya qarşı sanksiyaları “ağrılı” olsa da, onların təsiri məhdud olacaq, çünki iki ölkə arasında ticarət artıq kəskin şəkildə azalıb.

Ukrayna prezidenti Petro Poroshenko Brüsselə səfəri zamanı deyib ki, onun ölkəsi özünün “azadlığı və Avropa seçimi naminə” Rusiyanın ticarət sahəsindəki "hücumunun" nəticələrinə dözməyə hazırdır.

XS
SM
MD
LG