Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Papanın Bakıya 9 saatlıq səfərindən gözləntilər


Roma Papası Tbilisidə. 30.09.2016

Roma Papası Tbilisidə. 30.09.2016

Azərbaycan tarixi ilə bağlı Vatikanda saxlanan sənədləri üzə çıxaran tarixçi-alim Fərid Ələkbərli Roma Papasının səfərindən sonra Vatikanla Azərbaycanın mədəni əlaqələrinin artacağını düşünür

Roma Papası Francis oktyabrın 2-də təxminən 9 saat Bakıda olacaq, ancaq bu səfərdən aylardır danışılır.

Qısa tarixçə

1997-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyev Vatikana gedərək, Roma Papası ilə görüşüb. Ardından - 2002-ci ilin mayında Papa II İohan Pavel ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev də 2005-ci ildə İtaliyaya rəsmi səfərin gedişində Vatikana baş çəkib. O vaxt İlham Əliyevə üstündə II İohan Pavelin şəkli olan xatirə medalı da verilib. 2008-ci ilin martında Vatikanın dövlət katibi, kardinal Tarchisio Bertone Azərbaycana gəlib. Onun səfəri zamanı Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılışı olub. 2012-ci ilin iyununda birinci xanım Mehriban Əliyeva Romaya gedərək, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac (Vatikan) arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” imzalayıb. Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva ötən il Vatikanda rəsmi səfərdə də olublar.

İki dövlət arasında çox-çox əvvəllər də tarixi əlaqələr olub.

Buna da bax:​ Bakı Papanın səfərinə hazırlaşır

Səfəvilərdən başlayan əlaqələr

Fərid Ələkbərli

Fərid Ələkbərli

Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun şöbə müdiri, Vatikanın məxfi arxivlərində Azərbaycana aid sənədləri araşdıran tarixçi-alim Fərid Ələkbərli həmin əlaqələrdən söz açır:

“Səfəvilər, Elxanilər dövründən Vatikanla istər siyasi, istərsə mədəni əməkdaşlıq olub. İndiki zamanda biz başqa xalqlar və dinlər arasında qarşılıqlı anlaşmaya nail olmalıyıq. İndi bəzi regionlarda islam aləmi ilə xristian dünyası arasında xoşagəlməz hadisələr baş verir. Mənə elə gəlir ki, Vatikanın da, Azərbaycanın da bu proseslərə təsir etmək imkanı var. Üstəlik, Avropa ilə əlaqələri genişləndirmək, Vatikanla əlaqələri yüksək səviyyədə saxlamaq lazımdır. Vatikan kiçiksə də, demək olar, dünya katoliklərini idarə edən bir dövlətdir. Biz Vatikanla əlaqələri möhkəmləndirirksə, deməli, katolik dünyası ilə münasibətlərimizi möhkəmləndiririk”.

Buna da bax:​ Mehriban Əliyeva Vatikanda görüşlər keçirir- [fotolar]

Politoloq Zərdüşt Əlizadə deyir ki, Papa Francis-in dönəmində Vatikan təsəlliyə, tolerantlığa, sülhə çağırış rolunu oynayır. “O, çox müsbət insandır”, - deyən politoloq əlavə edir ki, Papanın Ermənistan və Azərbaycanı sülhə çağırması təbiidir:

“Papa günahların qarşılıqlı bağışlanması, tövbə, mənəvi paklıq, qarşılıqlı iddiaların aradan qaldırılması şəraitində sülh arzulayır. Amma onu eşidənlərin (istər kütlə olsun, istər siyasi rəhbərlər) sülhə baxışı xeyli fərqlidir”.

Papanın səfəri Avropayla münasibətləri yaxınlaşdıracaq?

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Vatikanın hələ də dünya siyasətinə təsir imkanları böyükdür. Onun fikrincə, Roma Papasının səfəri Azərbaycanın Qərb siyasətinə müəyyən təsir göstərəcək:

“Bu səfərdən çox böyük dəyişikliklər gözləməsək də, geosiyasətdə müəyyən korrektələrin olacağını düşünmək olar. Son zamanlar Azərbaycan siyasi elitasının bəyanatları ölkənin Qərbə və Avropaya inteqrasiya yoluna qayıtdığını nümayiş etdirir. Bu səbəbdən, səfər Avropa ilə əlaqələr baxımından dəyərləndirilə bilər”.

Buna da bax:​ Papa 'işğal olunmuş torpaqlar' deyəcəkmi?

Katoliklərin sayı çoxalacaq

Dini məsələlər eksperti Elşad Miri deyir ki, ötən illər ərzində Vatikanla Azərbaycanın əlaqələri yetərincə yaxınlaşıb:

“Bu gün Azərbaycan Vatikanda hər hansı bir yeri təmir etdirirsə, demək, kiçik yox, daha geniş münasibətlər var. Bizim bəzi qurumlara ordenlər verirlər, təşəkkür edirlər. Azərbaycanda əvvəllər yad icma olan katoliklər burada genişlənib, sayları da artıb. II İohan Pavel-in gəlişindən sonrakı kimi, bu səfərdən sonra da dəyişikliklər olacaq. Burada əvvəllər katoliklərin sayı 30-40 nəfər idi, indi minlərlədir”.

Tarixçi-alim Fərid Ələkbərli isə deyir ki, indinin özündə Vatikanın çoxsaylı arxiv və muzeylərində Azərbaycana aid eksponatlar çoxdur. Bunlar təkcə əlyazmalar deyil, Azərbaycanın tarixi ilə bağlı müxtəlif əşyalar, qazıntılar zamanı tapılmış eksponatlar da var. Onun fikrincə, səfər iki dövlət arasında mədəni əməkdaşlığı da genişləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG