Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

►“Ermənistanın da xaricdə oynayan futbolçuları çoxdur, amma mən Azərbaycanın oyunçuları ilə onları müqayisə etmək, yan-yana qoymaq istəmirəm”

“Qarabağ” ölkə kubokuna növbəti dəfə sahib çıxdı. Bu, komandanın “qızıl dublu”dur. Hərçənd bu qələbə elə də asan əldə edilmədi. Gərgin oyunda gözlənilən qol “Neftçi”nin qapısına 120-ci dəqiqə vuruldu.

*Youtube Kanalımıza abunə ol - Hər gün yeni videolarımız olur

Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AzadlıqRadiosuna deyir ki, hətta bundan sonra da rahat nəfəs ala bilməyiblər, son saniyəyə kimi gərginlik davam edib.

– Qurban bəy, təbrik edirik, “Qarabağ” yenə kuboku qazandı.

– Çətin oldu, amma qələbə bizim oldu. Ümumiyyətlə, heç bir qələbə rahat əldə edilmir. Bu dəfə də qələbə asan qazanılmadı. Ancaq bacardıq, istənilən halda, qalibiyyət bizimlədir.

– Qələbə qazanmağın bir formulu varmı? Komandanın uğuru baş məşqçinin uğurudur, oyunçularındır, yoxsa üçüncü amil də var?

– Formula yoxdur. Futbol kollektiv oyundur. Hamılıqla qələbədən ötrü oynayırıq, oyunu udmağa çalışırıq. Bu, hamımızın qələbəsidir. Aramızdakı səmimiyyət, gücümüzə inamın qələbəsidir. İnşallah, daha böyük qələbələr qazanacağıq bir yerdə. Dünənki oyunda da qələbə bunun sayəsində qazanıldı.

– Futbolçular əlavə vaxtda qol vura bildilər. Məğlubiyyətlə barışdığınız, “Vəssalam, bu kubok əldən getdi” dediyiniz anlar oldumu?

– Əlbəttə, oldu. Xüsusən oyunun əvvəlində. Bilirsiz ki, oyunun əvvəlində qol vura bilmək üçün çoxlu fürsət olsa da, alınmadı. Elə oyunun sonlarına doğru da belə qol vəziyyətləri əldən verildi. O zaman məndə belə hiss yarandı ki, “uduzduq... Bu, bizim günümüz deyil, bu gün qol vura bilməyəcəyik”. Bu hiss 119-cu dəqiqəyə qədər davam etdi. Ancaq təcrübə göstərdi ki, idman prinsiplərinə sona kimi sadiq qalanda, düzgün və əzmlə oynayanda qələbə qazanmaq mümkündür. Bu dəfə də belə oldu. Düzdür, o qol vurulandan sonra da, hətta oyunun son saniyələrində belə narahat idik, qapımıza top buraxmaqdan qorxurduq. Gərginlik oyunun sonuna kimi davam etdi.

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
“Qarabağ"lılara qarşı bibər qazı?
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

– Qurban bəy, oyundan sonra demisiz ki, keşkə iki kubok olaydı, birini də “Neftçi”yə verəydilər, klubun gənc oyunçularının oyundan sonrakı durumuna üzülmüsünüz. Dəfələrlə rəqibini məğlub edən məşqçi üçün qarşı tərəfin üzgünlüyünü görməkdən təbii nə var ki? Bu dəfə niyə narahat olurdunuz?

– Doğrudan, “Neftçi”nin gənc oyunçularının halına üzüldüm. Onlar oyun ərzində böyük əzmkarlıq nümayiş etdirdilər, qol vurmağa çalışdılar. Ona görə də oyun bitən kimi yaxınlaşıb birinci onları təbrik etdim. Yaxşı oyun göstərdilər. Onların üzüldüyünü görəndə mən də üzüldüm və onda dedim ki, “keşkə iki kubok olaydı, birini də “Neftçi”nin oyunçularına verəydik”.

– “Neftçi”nin oyunçuları arasında sizi heyrətləndirən,“Bu bizim komandada oynamalıdır” dedirdən oyunçular oldumu dünən axşam?

– Bəli, belə oyunçular vardı. Ad çəkməyim. Amma bir yox, bir neçə oyunçunun oyunu məndə yaxşı təəssürat yaratdı. Biz onların oyunlarını əvvəllər də öz aramızda müzakirə etmişdik. Bu futbolçular, sürətli, təhlükəli, gərgin futbol oynamağı bacarırlar. Amma yenə deyirəm ki, adlarını çəkməyəcəm.

– Zaman-zaman sizin milli yığmaya baş məşqçi gətirilməyiniz mətbuatda müzakirə edilir. Özünüz bu haqda nə düşünürsünüz?

– Bu söhbət son zamanlar səngiyib, sakitlikdir. Düzü, bu mövzunun qaldırılmasını da istəmirəm, o zaman özümü gərgin hiss edirəm. Bir ildir ki, milli yığmanın yaxşı məşqçisi var - Robert Prosineçki. Onunla çox yaxşı, yaxın münasibətimiz var. Bir ildir burdadır, insanların sevgisini, hörmətini qazanıb. Oyunçularla daim işləyir, onlar haqqında daim məlumat toplayır, bizimlə fikir mübadiləsi aparır, səmimidir, işgüzardır. Mentalitetə uyğun şəkildə iş qurur oyunçularla.

– “Mentalitetə uyğun” dedikdə nəyi nəzərdə tutursunuz?

– Tələbkardır, oyunçular üzərində güclü nəzarəti var. Ona inamımız böyükdür, inşallah yığmanı böyük qələbələrə doğru aparacaq. Ən güclü rəqib qarşısında belə məğlubiyyət haqqında düşünmür. Məncə, bu yaxşı keyfiyyətdir.

– Qurban bəy, yığmaya məşqçi gəlmək istəmirsiniz, bəs xarici klublardan sizə dəvət varmı? Və ya özünüzün baş məşqçisi olmaq istədiyiniz klub hansıdır?

– Yox, mənə xarici klublardan hər hansı təklif gəlməyib. Düzü, mən özüm də burda qalmaq, öz komandamın inkişafına kömək etmək istəyirəm. Düşünürəm ki, bu, daha doğrudur və mən bu işimi sevirəm. Klub rəhbərliyi də işləməyimiz, qələbə qazana bilməyimiz üçün yaxşı şərait yaradıb.

– Son sual. Azərbaycanın futbol klubları yaxşı-pis nəticələr göstərir, Avropa miqyasında oynayır, ancaq milli yığma azarkeşlərini hələ də məyus etməkdədir. Sizcə, Avropa səviyyəsinə çıxmağa nə mane olur? Azərbaycan futbolunun problemi nədir?

– Bizim klublar, hələlik, böyük nəticələr əldə edə bilməyiblər. Kiçik uğurlarımız var. Biz özümüz də kiçik futbol ölkəsiyik. Ona görə böyük uğur gözləməyə tezdir. Başqa ölkələr bu işə 30-40 il əvvəl başlayıblarsa, biz indi-indi başlamışıq nəsə etməyə. Onlar artıq infrastruktur qurublar, məktəb yaradıblar. Rusiya bizdən böyük ölkədir, amma o da, hələlik, istədiyini əldə edə bilməyib. Azərbaycanda son zamanlar futbola sevgi, diqqət ölkə rəhbərliyi səviyyəsində artıb. Bu diqqət, sevgi azalmasa, biz də müəyyən uğurlar qazana biləcəyik, inşallah.

– Amma qonşu Gürcüstan və Ermənistan futbolda Azərbaycanı xeyli qabaqlayır.

– Gürcüstan futbolu əvvəlcədən güclü olub, onun xaricdə oynayan legioner futbolçularının sayı da çoxdur. Bu da təbii ki, işə öz təsirini göstərir. Ermənistanın da xaricdə oynayan futbolçuları çoxdur, amma mən Azərbaycanın oyunçuları ilə onları müqayisə etmək, yan-yana qoymaqistəmirəm.

– Bəs Azərbaycanın xaricdə oynayan futbolçuları nə zaman olacaq?

– Olacaq, inşallah. Tələsməyək. Bəlkə də gecikirik, düzdür. Amma bəzən tələskənlikdən səhvlər buraxırıq. Tələsməyək. Yaxşı olacaq.

Buna da bax: Messi kimi futbolçu olmaq istəyən qız – Aytac

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunda (26 may)

Zərdüşt Əlizadə: "Xədicə İsmayıl qazandı, hökumət uduzdu"

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (26 may)

Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır

Günün bütün mövzuları

XS
SM
MD
LG