Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Qubada 9 kəndi rayon mərkəzi ilə birləşdirən Zərqova yolunda torpaq sürüşməsi baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, sürüşmə kənd yolunun üç hissəsində qeydə alınıb. Yağıntılı hava yolda çökməyə və çatların yaranmasına da səbəb olub.

Yerli sakinlərin bildirdiyinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq insan istifadə edir.

Buna da bax:​ İsmayıllıda sürüşmə olub

Kənd sakinlərindən Mahir Xudaverdiyev deyib ki, ərazidə sürüşmə baş verdiyindən avtomobillərin hərəkətinə təhlükə yaranıb. Yolda torpaq sürüşməsinin baş verdiyi əraziləri sakinlər nişanlayıb.

Quba rayon İcra Hakimiyyəti başçısının Zərqova kəndi üzrə nümayəndəsi Fərman Tahirovun sözlərinə görə, mütəxəssislər yolda sürümə baş verən ərazilərə baxış keçiriblər.

“Təbii fəlakətin olduğu bəzi hissələrə daş tökülməsi qadağan edilib. Çünki bu, çökməyə səbəb ola bilər. Həmin yerlərə su ötürücü boruların qoyulmasına qərar verilib. Digər 2 sürüşmə yerinə isə çınqıl və daş tökülüb, təmir işləri yaxın 10 gün ərzində aparılacaq”, o, deyib.

Buna da bax:​ ​Torpaq sürüşməsi yolları keçilməz, evləri qəzalı vəziyyətə salıb

14 kilometrlik Quba-Zərqova avtomobil yolunun 1970-ci illərdə çəkildiyi bildirilir.

Payız aylarının yağışlı keçməsi son həftələrdə bir neçə rayonda daşqınlara, yollarda problemlərin üzə çıxmasına səbəb olub.

Noyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şamaxıda sürüşmə təhlükəsi barədə də xəbər verib. Nazirlik rayonun Mədrəsə kəndində 20 evin hər an sürüşə biləcəyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG