Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Dilənçi: ‘Bizi tutanda Xətaiyə aparırlar’


Bakıda dilənçi qadın, 15.09.2016

Bakıda dilənçi qadın, 15.09.2016

Bakıdakı məscidlərin, bazarların qarşısında, elə mərkəzi küçələrdə iki-bir, üç-bir dolaşan dilənçilər uzaqdan polisləri görüncə sürətlə bir-birlərinə «siqnal ötürürlər». Neçə metr aralıdakı polis yaxınlaşanadək bayaqdan qarşısını kəsib pul almaqdan ötrü dil tökdüyü adamlardan bir anda uzaqlaşırlar. Polis ərazidən gedən kimi gizləndikləri yerdən çıxıb yenə «işlərinə» davam edirlər.

«Polis bizi tutanda pul alır, yemək vermir, vurur»

Deputat: «Köməksiz insanlar heç vaxt küçədə dilənçilik eləmir»

Söhbət eləməyə meylli deyillər, söhbətə girişmək istəyənlərə şübhəylə yanaşırlar. Ancaq biri, qucağı uşaqlı, təxminən 30 yaşlı qadın adının çəkilməsini, səsinin yazılmasını istəməsə də danışmağa razılaşır. Qırıq-qırıq, çətin anlaşılan azərbaycanca danışır. Bərdədən gəldiyini, qucağındakından başqa daha iki uşağının olduğunu, həyat yoldaşının rayonda qaldığını deyir. Deməyinə görə, «Kubinka»da ayı 50 manata daxmada kirayə qalır. Camaatın onlara əvvəlki vaxtlardakı kimi pul vermədiyini, polislərin onu və digər rəfiqələrini tutub apardığını deyir: «Bizi Xətaiyə aparırlar (Xətai rayonundakı müvəqqəti saxlama yerini nəzərdə tutur - red.) bir-iki gün saxlayıb pulumuzu alandan sonra buraxırlar. Orda bizə yemək vermirlər, arada vururlar da, cavab qaytarsaq, lap möhkəm döyürlər».

«Bir gündə 5 manat da yığa bilirəm, 15 manat da. Xırda pulları avtobus şoferlərinə verib kağız pula çevirirəm»

Qadın deyir ki, məktəbdə oxumayıb, heç vaxt nə özü, nə də həyat yoldaşı işləməyib: «Bir gündə 5 manat da yığa bilirəm, 15 manat da. Xırda pulları avtobus şoferlərinə verib kağız pula çevirirəm». Arada başqa küçədən çıxan bir rəfiqəsi ona işarə edir, qadın tez uzaqlaşır.

Buna da bax:​ Bakıda avara və dilənçilər saxlanılıb

«Dilənməsəm, acından ölərəm»

Təxminən 60 yaşlı, arıq, çəlimsiz, gözü eynəkli qadın metro stansiyalarının birinin qarşısında oturub. Heç kimdən kömək istəmir. Eləcə, əli açıq şəkildə oturub. Əlində 10, 20 qəpikliklər var. Adının Sənubər olduğunu, bir neçə il öncəyədək xadimə işlədiyini deyir. Səsinin yazılmasına etiraz eləmir, çox asta danışır. Deyir, xəstədir, zəiflikdən səsi çıxmır, dilənməsə, acından ölər:

«Bir oğlum var, o da türmədədir. Heç kimim yoxdur. Gözlərim də zəif görür. Oğlum 9 ildir tutulub, əvvəl süpürgəçi işləyirdim. Bura təzə gəlmişəm. Heç kimim yoxdur. Bir-iki saat otururam, bir az yığıram, gedirəm. Polislərdən qorxuram, ona görə tez gedirəm. Polislər görsələr, aparırlar. 5 gün, 10 gün saxlayırlar. 50 manat verəni buraxırlar, verməyənləri gec buraxırlar».

«Bir oğlum var, o da türmədədir. Heç kimim yoxdur. Gözlərim də zəif görür. Oğlum 9 ildir tutulub, əvvəl süpürgəçi işləyirdim. Bura təzə gəlmişəm...»

Bakıdakı dilənçilərin sayı haqda rəsmi bilgi yoxdur. Təkcə polisin dilənçilərə qarşı mütəmadi keçirdiyi reydlər barədə açıqlama yayılır. Həmin məlumatlarda saxlananların çoxunun qadınlar və uşaqlar olduğu, inzibati protokol tərtib edildiyi deyilir.

Dilənçilik inzibati xətadır

2000-ci ilə qədər dilənçilik Cinayət Məcəlləsində cinayət sayılıb. Qanunvericiliyə dəyişiklikdən sonra inzibati xəta adlanır. İnzibati Xətalar Məcəlləsinə görə, avaralıq və dilənçiliklə məşğul olanlara xəbərdarlıq edilir, ya da barələrində on sutka inzibati həbs qərarı verilir. Yetkinlik yaşına çatmayanları buna cəlb eləyənlər isə 10 manatdan 15 manata qədər cərimə və ya 15 sutka inzibati həbs cəzası alır. Ancaq görünən odur ki, həmin dilənçilər yenidən küçələrə qayıdırlar.

Buna da bax:​ Polis Bakıdan dilənçiləri yığır

Müzəffər Baxışov

Müzəffər Baxışov

«Sayları o qədər çoxdur ki...»

İnzibati Xətalar Məcəlləsinə görə, avaralıq və dilənçiliklə məşğul olanlara xəbərdarlıq edilir, ya da barələrində on sutka inzibati həbs qərarı verilir.

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışovun sözlərinə görə, ölkədə dilənçilərin sayı o qədər çoxdur ki, onlarla mübarizə aparmaq da çətindir:

«Dilənçilərin sayı çoxdur, həm də çoxu mütəşəkkil dəstə şəklində fəaliyyət göstərir. Demək olmaz ki, polis onlarla mübarizə aparmır, ancaq çətindir. Bir şeyi də deyim ki, onların arasında imkansızlıqdan bu yolu seçənlər də var. Elələrinə dövlət kömək göstərməlidir, həyat şəraitini yaxşılaşdırmalıdır. Çünki hətta imkansızlıqdan bu yola düşənlər illər keçincə peşəkarlaşır».

Araz Əlizadə

Araz Əlizadə

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadənin fikrincə, köməksiz insanlar heç vaxt küçədə dilənçilik eləmir:

«Dilənçilərin mafiyası var. Dilənçiləri küçələrdən yığışdırmaqdan ötrü onların rəhbərlərini həbs eləmək lazımdır. Bu, hüquq mühafizə orqanlarının işidir. Köməyə ehtiyacı olan insanlar dilənçilik eləyəndə, onları digərləri, peşəkar dilənçilər ərazidən qovurlar. Qeyri-peşəkarlar heç vaxt küçədə fəaliyyət göstərə bilmirlər».

Bakı Şəhər Baş Polis İdarəsi: «Qarşılarını almaq olmur»

Hüquqşünas: «Ölkədə dilənçilərin sayı o qədər çoxdur ki, onlarla mübarizə aparmaq da çətindir»

Dilənçilərin küçələrdən yığılması ilə Bakı Şəhər Baş Polis İdarəsinin rayon şöbələri məşğul olur. BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov deyir ki, polis dilənçiliklə mütəmadi mübarizə aparır, ancaq bu bəlanı önləmək mümkün deyil:

«Onlar məntəqələrə yığılandan sonra qeydiyyat üzrə rayonlara göndərilirlər. Ancaq yenə qayıdıb gəlirlər. Çünki qanunda sərt cəzalar nəzərdə tutulmur. Onların qarşısını birdəfəlik almaq mümkün deyil, qanunvericilikdə müəyyən boşluqlar var. Həm də onlar əsasən qadınlar və uşaqlardır deyə, sərt tədbirlər də görmək olmur. Polis onları yığır, ancaq saxlamağa məntəqələrimiz yoxdur. Həm də onlar ərzaqla, tualetlə təmin olunmalıdır, xeyli problemli məsələdir. Yığılandan sonra əsasən qeydiyyatda olduqları rayonlara göndərilir.

Polis: «Dilənçilərin 90 faizi qadınlar və uşaqlardır. Onlara polis necə əl qaldıra bilər? Uşağa necə əl qaldırmaq olar?»

Sonra qayıdıb gəlirlər. Ona görə də müəyyən müddətdən sonra yenə həmin mənzərə yaranır. Amma mütəmadi iş gedir. Əsas problem odur ki, bizdə dilənçiyə pul verirlər. Verilməsə, dilənçiliyi aradan qaldırmaq daha asan olar. İmkansız adamlara gəldikdə isə onlar qocalar evinə göndərilir».

Buna da bax:​ Azərbaycanda xeyriyyəçi niyə belə azdır?

«Dilənçidən adi cəriməni almaq mümkün deyil»

Qalib Rəhimov dilənçilərin polislərin onlardan pul alması, döyməsi haqqında iddialarını belə cavablandırır:

«Dilənçidən adi cəriməni almaq mümkün deyil. Dilənçidən pul almaq ümumiyyətlə, nonsensdir. Onlar qanuna tabesizlik göstərəndə, məsələn, onları yığanda, maşına mindirəndə, minməyənləri zorla mindirirlər. Dilənçilərin 90 faizi qadınlar və uşaqlardır. Onlara polis necə əl qaldıra bilər? Uşağa necə əl qaldırmaq olar? Bu yalandır. O ki qaldı onların mütəşəkkil olmalarına, bizdə dilənçilərin mütəşəkkil fəaliyyət göstərmələrinin qarşısı çoxdan alınıb».

Bakı küçələrindəki dilənçilər isə bir az təşviş, bir az rahatlıqla adamların qarşısını kəsməyə, dilənməyə davam edirlər.

Yada salaq ki, «Eurovision», Avropa Oyunları və «Formula 1» yarışları ərəfəsində Bakı küçələrində bircə dilənçi belə gözə dəymirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG