Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

Manatın 2-ci ucuzlaşmasından sonrakı dərzilik


Atelye icarəyə götürüb işlədən dərzi Kəmalə Kərimova , 05.05.2016

Atelye icarəyə götürüb işlədən dərzi Kəmalə Kərimova , 05.05.2016

-

«Görəsən, müştəri nə vaxt içəri girəcək?»

«Dollar qalxmamışdan o qədər iş olurdu ki, çatdıra bilmirdik. Ancaq indi bütün günü gözləyirik ki, görəsən, müştəri nə vaxt içəri girəcək? Bu gün qazandığım pul budur...»

25 ilin dərzisi, 3 ildən çoxdur şəhərin ən gediş-gəlişli yerində atelye icarəyə götürüb işlədən Kəmalə Kərimova köhnə tikiş maşınının küncünə qoyduğu manatları göstərir. Deyir ki, bütün dövrlərdə qazanclı peşə sayılan dərzilik də manatın ikinci ucuzlaşmasından sonra artıq gəlir gətirmir. Ancaq birinci devalvasiyadan öncə yaxşı qazanırmış:

«Elə olurdu, günə 150 manat qazanırdım. Heç qazanmayanda 30 manat olurdu. Onda deyirdim ki, «bu gün çox az qazandım». Ancaq indi 30 manatı qazananda həmin gün evə sevinə-sevinə gedirəm. İndi belə günlər çox olur, içəri bir müştəri də girmir. Yolpulu verib işə gəlirəm, nəsə alıb yeyirəm, müştəri də yox. Həmin gün ziyana işləyirəm».

Müştərilər daha çox köhnələrini düzəltdirib geyinir

Kəmalə Kərimovanın tikiş maşını, iynə-sap, başqa dərzi alətləri yığılmış dərzi stolunun bir tərəfində köhnə paltarlar yığılıb. Müştərilərin paltarlarıdı. Dərzi deyir, indi müştərilər yenisini tikdirməkdən daha çox paltar dolabındakı köhnə paltarlarını düzəltdirirlər:

«İndi hamı köhnələrini gətirir. Ya modelini dəyişdirir, ya paltardan yubka, ya da köynək düzəltdirir. Əvvəl isə sıfırdan paltar tikirdim. İndi bu sahəyə aid hər şeyin qiyməti qalxıb. Çalışıram ki, müştəriləri başa düşüm. Ancaq mən də sapı, iynəni baha alıram. Sapı 40 qəpiyə alırdımsa, indi 90 qəpiyə alıram. 5 manatlıq parça 10 manata olub».

...kiçik yerləri kirayə verənlər onları itirmək istəmədiklərindən qiyməti qaldırmırlar.

Dərzi deyir, demək olar ki, qiyməti qaldırmır. Çünki qiymət qaldıran dərzilərin çoxu bir neçə aydan sonra iş yerini tamamilə qapatmalı olub.

Hansı müştərilər «yoxa çıxıb?»

Kəmalənin işinin azalması isə birbaşa əvvəlki müştərilərinin yoxa çıxması ilə bağlıdır. Çünki həmin müştərilər də artıq işləmir:

«Burda tikintidə işləyən fəhlələr çox idi. Mağazalarda, ayrı-ayrı ofislərdə işləyən qız-gəlinlər vardı. Maaş alanda onlar da dərziyə ürəklə gəlirdilər. Paltar tikdirirdilər, kişilər aldıqları şalvarı, köynəyi əyninə otuzdururdu. İndi onların heç biri yoxdur. Başqa dərzi rəfiqələrim var, əvvəllər işçiləri vardı, indi heç bir işçiləri yoxdur. Çünki kirayəni güclə ödəyirlər».

Atelyedə müştəri isə doğrudan gözə dəymirdi. Bir neçə saat ərzində cəmi bir gənc şalvarının ətəyini düzəltdirməyə gəldi.

Dərzi Kəmalə Kərimovanın atelyesi, 05.05.2016

Dərzi Kəmalə Kərimovanın atelyesi, 05.05.2016

Dərzilər deyir ki, artmayan təkcə onların kiçik atelyelərinin kirayə qiymətləridir. Bağlanan iş yerləri çoxdur deyə, kiçik yerləri kirayə verənlər onları itirmək istəmədiklərindən qiyməti qaldırmırlar.

Gəlirlərinin bəzən 50 faizindən imtina etməli olurlar

«Güzəran» Sosial Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçi Qadir İbrahimli deyir ki, böhran vaxtı ən çox dərzi, pinəçi, saatsaz kimi peşə sahibləri çətin vəziyyətə düşür:

Ancaq indi 30 manatı qazananda həmin gün evə sevinə-sevinə gedirəm.

«Çünki onların resursları, müştəri bazası məhdud olur. Onlar da az müştəri bazasını itirmək istəmirlər. Ona görə də müştərini saxlamaqdan ötrü əvvəlki qiymətlərə üstünlük verirlər. Ancaq bütün qiymətlər qalxıb. Ona görə də bu peşə sahibləri böhran vaxtı gəlirlərinin bir hissəsindən, təxminən 30-40, bəzən 50 faizindən imtina edirlər. Fikirləşirlər ki, qiyməti artırsalar, biznesləri dağıla bilər. Çünki yaxşı anlayırlar ki, onsuz da əhalinin gəlirləri azalıb, onlar da qiyməti qaldırsalar, özlərinə daha çox ziyan vurmuş olacaqlar».

Qadir İbrahimli

Qadir İbrahimli

Qadir İbrahimli deyir, iqtisadiyyatda böhranın başlanma və qurtarma müddəti azı 3 il götürülür. Onun fikrincə, Azərbaycanda böhranın başlanğıcı 2015-ci ilin fevralından götürülürsə, azı qarşıdakı 2 ildə də bu vəziyyət davam edəcək.

25 ilin dərzisi Kəmalə Kərimova isə işiylə bağlı ən pis variantı da düşünüb. Deyir ki, iş yeri bağlanmalı olsa, 5-6 il əvvəlki kimi evdə dərzilik edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG