Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:33

-

Prezidentin reytinqi, «zəhmətkeş məktubları», Qarabağ cəbhəsində yenidən gərginliyin artması və ölkədən kapital axını bu gün medianın aparıcı mövzusudur.

18 FAİZ PİS YAŞAYIR?

«Azərbaycan» qəzetində «Rəy» Monitorinq Mərkəzinin sorğusunun nəticələri dərc edilib. Həmin sorğunun nəticələrinə görə, əgər bu bazar ölkədə prezident seçkiləri keçirilsə, seçkilərə qatılanların 97 faizi indiki prezidentə səs verərdilər. Qəzetin yazdığına görə, sorğuya qatılan 800 respondentin 86 faizindən çoxu seçkiyə getməyə hazır olduqlarını bildiriblər. «Prezident və hökumətin iqtisadi sahədə atdığı addımlar da Bakı sakinləri arasında müsbət qarşılanır. Belə ki, 28 faiz respondent Azərbaycandakı iqtisadi vəziyyəti «yaxşı», 44 faiz «orta» və cəmi 18 faiz «pis» qiymətləndirib. Daha 10 faiz sualı cavablandırmaqda çətinlik çəkib»,-deyə yazıda qeyd edilir.

Sorğunun nəticələrinə görə, respondentlərin 87 faizindən çoxu prezidentin xarici siyasətini müdafiə etdiklərini bildiriblər. Üstəlik, milli valyutanın devalvasiyasından sonra yaranmış bədbinlik artıq aradan qalxmaqdadır: «Beləliklə, sorğunun nəticələri göstərir ki, paytaxt əhalisi həm dövlətin xarici siyasətini, həm də iqtisadi artım üçün atılan addımları müsbət qiymətləndirir».

Supermarket

Supermarket

ZƏHMƏTKEŞ MƏKTUBLARI…

«Azadlıq» qəzetindəki «Problemlərin «zəhmətkeş məktubları» ilə həlli» başlıqlı məqalədə müəllif yazır ki, hökumət sahibkarlardan tənqid yox, tərif eşitmək istəyir. Məqalədə oxuyuruq: «Hökumət problemləri həll etmək əvəzinə, problemləri gizlətməklə məşğuldur. Bir neçə gün öncə ölkədə fəaliyyət göstərən ən böyük marketlərin sahibləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ünvanlamışdı. Müraciətdə bildirilirdi ki, devalvasiyadan sonra ciddi problemlər yaranıb, marketlər fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar».

Müəllif yazır ki, əslində, iş adamları ölkədən qaçır. Pullu adamlardan ötrü Gürcüstan, Türkiyə daha cazibədar görünür: «Qanunlar hələ də kağız parçasıdırsa, iri məmurlar iqtisadiyyat üzərində monopoliyanı hələ də saxlayıblarsa, köklü islahatlar üçün siyasi iradə yoxdursa, sahibkarlığın inkişafından söhbət gedə bilməz».

Müəllif sonda da yazır ki, bütün iqtisadi göstəricilər aşağı düşüb, bank sektoru dağılıb, ölkədən iş adamları qaçıb: «Belə bir vaxtda sahibkarları bir yerə yığıb yalançı inkişafdan danışdırırlar».

Serzh Sarkisian Qarabağda hərbçiləri təltif edir.

Serzh Sarkisian Qarabağda hərbçiləri təltif edir.

ERMƏNİSTAN GÜZƏŞTƏ HAZIR DEYİL

«Novoye Vremya» qəzeti «Sarkisian müharibə cığırına çıxır» sərlövhəli məqalə dərc edib.

Müəllif yada salır ki, indiki Ermənistan rəhbərliyi məhz Qarabağ kartı üstündə hakimiyyətə gəlib. Ona görə də, danışıqlarda güzəştə getmək niyyətində deyillər: «Sarkisian-la danışıqlar aparmaq görünür daha mürəkkəbdir. Təkcə bu fakta görə ki, bu adam məhz müharibə üstündə özünə karyera qurub. İndi bu adamdan və onun özü kimi «erməni xalqının böyük qələbəsinin yaradıcıları»ndan ibarət şəxslərdən danışıqlarda hansısa güzəştlərə gedəcəklərini gözləmək, sadəcə, gülməli görünür. Bütün erməni siyasi elitası bir rəydədir: Qarabağ hər hansı şəkildə Azərbaycanın tərkibində qala bilməz. Ən dəhşətlisi isə budur ki, bu ideya bütün erməni cəmiyyətini əhatə edib».

Müəllifin düşüncəsinə görə, bu gün Ermənistan hakimiyyətini tək ayaqda saxlayan Qarabağ amilidir. İqtisadi vəziyyət bu ölkənin gələcəyinə yaxşı bir şey vəd etmir: «Bu gün erməni cəmiyyəti böhran yaşamır, məhvolma yaşayır. Bu ölkədə iqtisadi durum fəlakətə yaxındır. Sovet dönəmində bu ölkə dotasiya ilə dolanırdı. Uzun müddət bütün çatışmazlıqlar müharibənin ayağına yazılırdı. Bütün resursların müharibəyə yönəldilməsi Ermənistandakı bugünkü acınacaqlı durumu yaradıb. Beləliklə, Qarabağ münaqişəsi Ermənistanı bumeranq effekti ilə vurub. İndiyə kimi erməni tərəf danışıqların imitasiyasını aparırdı, indi isə danışıqlardan imtina edir».

Qazaxda bazar.

Qazaxda bazar.

BAHALAŞMANIN ƏSAS SƏBƏBİ-İDXALDAN ASILILIQ

«Exo» qəzetində «İstehlak qiymətlərinin artmasında Azərbaycan MDB-də liderdir» başlıqlı məqalə dərc edilib.

Məqalədə 2016-cı ilin ilk rübündə istehlak qiymətlərinin 7 faizə yaxın bahalaşması qeyd edilir və bunun səbəbləri araşdırılır. Ekspertlərdən Eyyub Hüseynov qəzetə vəziyyəti belə şərh edir: «Sirr deyil ki, Azərbaycan bazarı idxal mallarından asılıdır. Uzun illərdir ki, yerli istehsalın azalması müşahidə edilir. Sonuncu devalvasiya əhalinin maliyyə durumunun «axırı»na çıxdı. Bundan əlavə, qiymətlərin daimi artımı zəif istehlak siyasətinin nəticəsidir».

Ekspertlərdən Nəriman Ağayev isə deyib ki, qiymət artımını doğuran başqa amillər də var. Onlardan biri idxal edilən malların satış qiymətinə əlavələrdir: «Ermənistan və Gürcüstanda idxal edilən meyvəyə 10 faiz əlavə edilirsə, Azərbaycanda bu, 50 faizdir. Azərbaycanda icarə haqları da yüksəkdir».

İqtisadçı Nazim Məmmədov isə qəzetə deyib ki, bu sahədə dönüş gözləmir.

Pul.

Pul.

AZƏRBAYCAN PULLARI NƏDƏN XARİCƏ ÇIXARILIR?

«Bizim Yol» qəzeti isə ekspertlərlə ölkədən kapital axınını təhlil edib. Qəzetdə yazılanlara görə, bu ilin 3 ayı ərzində də ölkədən kapital axını davam edib. Pullar ən çox da Türkiyə və Gürcüstana gedir. Məqalədə qeyd edilir ki, Türkiyədə Azərbaycandan olan iş adamları bu sahədə 4-cü yerdə qərar tuturlar.

Ekspert Rəşad Həsənov bunu belə izah edir: «Keçmişin acı təcrübəsinə görə, investorlar Azərbaycana yatırım etməkdən çəkinirlər. Kənar müdaxilələr, məmur özbaşınalığı artıq prezident səviyyəsində tənqid olundu. Ona görə də investorlar Azərbaycana pul yatırmaqda maraqlı deyillər».

Rəşad Həsənovun deməsinə görə, Türkiyədə biznesə yaradılmış əlverişli şərait, daşınmaz əmlak bazarında ucuzluq və alıcılıq qabiliyyətinin yüksəkliyi bu bazarı daha cəlbedici edir: «Ölkədən kapital axınının əsas səbəbi hökumətlə biznesmenlərin anlaşa bilməməsidir. Azərbaycan hökuməti onları inandırmalı, dünənin məmurları olmadıqlarını sübut etməlidirlər. Onsuz da ölkədə kapital çatışmazlığı var. Yeni kapital bazarı da yaratmaq mümkün deyil. Odur ki, indiki halda kapital axını proseslərə mənfi təsir edir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG