Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:11

Naxçıvanskinin məzar daşı Çernışevski abidəsinin altından çıxdı (Video)


2-ci Nikolay və onun sədaqətli xanı Naxçıvanski (sağdan ikinci)

2-ci Nikolay və onun sədaqətli xanı Naxçıvanski (sağdan ikinci)

Sankt Peterburq şəhərində Rusiya yazıçısı və filosofu Çernışevskinin abidəsi yenidən qurularkən həmin abidənin postamenti ətrafındakı döşəmə daşların vaxtilə şəhər qəbristanlıqlarından gətirilmiş məzar daşları olduğu müəyyən edilib.

Bu barədə videoreportajı Sankt Peterburq telekanalının “Puls qoroda” xəbər programı efirə verib.

Reportajı burada izləyə bilərsiz:

Bəzi daşların üstündə yazıların olduğu, lakin onların pis oxunduğu bildirilir. Lakin daşlardan birinin üstündəki yazını qismən oxumaq mümkün olub.

Metro saytında Alyona Bobroviçin xəbərində deyilir ki, daşlardan birinin üzərində Naxçıvanski soyadı və vəfat ili 1912 oxunur.

“Belə bir ehtimal var ki, bu məşhur general Hüseyn xan Naxçıvanskinin 1912-ci ildə müəmmalı şəkildə vəfat etmiş oğlu Nikolay Naxçıvanskinin sinə daşıdır” – yazır Bobrova.

Şəhər Heykəl Abidələri Muzeyinin direktor müavini Nadejda Yefremova vəd edib ki, qəbir daşı köhnə yerinə, yəni Çernışevski abidəsinin altına qoyulmayacaq. Onun yerinə oxşar qranıt daş yerləşdiriləcək.

Xanım Yefremovanın sözlərinə görə onlar köhnə qəbir daşlarına ehtiramla yanaşırlar və bu tapıntı da layiqincə oyrəniləcək.

Məzar haqqında məlumat tapılmır

O bildirib ki, biblioqraf Vladimir Saitovun 1913-cu ildə çap olunmuş “Peterburq nektopolu” kitabında Naxçıvanskinin məzarı haqqında məlumat yoxdur, lakin axtarışlar davam etdiriləcək.

General Hüseyn xan Naxçıvanskinin oğlu Nikolaya aid edilən məzar daşı

General Hüseyn xan Naxçıvanskinin oğlu Nikolaya aid edilən məzar daşı

Nikolay Naxçıvanski məşhur azərbaycanlı hərbçi, 2-ci çar Nikolayın sevimli generalı Hüseyn xan Naxçıvansikinin oğludur. Yeri gəlmişkən, onun öz ölümü də indiyədək müəmma olaraq qalır.

Bu barədə AzadlıqRadiosunun İz proqramında geniş söhbət açılıb.

Həmin proqramda general Naxçıvanski “Nikolayın sədaqətli xanı” adlandırılır.

Göründüyü kimi Rusiyada 1947-ci ildə yazıçı Çernışevskiyə abidə yaradarkən “sadəqətli xanın” oğlu ilə o qədər də ədəbli davranmayıblar.

Ekspertlər bildirirlər ki, Sankt Peterburqda köhnə məzar daşlarından tikinti materialı kimi istifadə edilməsi 1930-1940-cı illərdə çox geniş yayılmış praktika olub.

Hələ atasına abidə qoyulmamış...

2008-ci ildə APA agentliyi yazırdı ki, “Rusiya ictimaiyyətinin nümayəndələri çar II Nikolayın ordusunda xidmət etmiş azərbaycanlı zabit Hüseyn Xan Naxçıvanskinin adının əbədiləşdirilməsi xahişi ilə prezident Dmitri Medvedevə müraciət ediblər”.

Müraciətdə deyilirdi ki, “Moskva və ya Sankt-Peterburq küçələrindən birinə Azərbaycan xalqının bu böyük oğlunun və Rusiyanın sadiq təbəəsinin adı verilə bilər. Bu addım həm tarixi ədaləti bərpa edər, həm də sadə ruslar və azərbaycanlılar arasında dostluğu əhəmiyyətli dərəcədə gücləndirərdi”.

2015-ci ilin fevral ayında Trend agentliyi Fontanka.ru saytına istinadən xəbər vermişdi ki, Hüseyn xan Naxçıvanskiyə Sankt Peterburq şəhərində abidə qoyulacaq:

“...Böyük sərkərdəyə abidə şəhərin Petroqrad tərəfində, Malaya Posadskaya və Miçurin küçələrinin kəsişməsində qoyulacaq. Bu layihə Şəhər Şurasının bədii seksiyası tərəfindən bəyənilib” – deyilirdi xəbərdə.

İndi belə görünür ki, əvvəlcə xanın oğluna göstərilmiş hörmətsizlik aradan qaldırlmalı və onun məzarı bərpa edilməli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG