Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:36

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

-
«AZƏRBAYCAN ƏSİLLİ RUS GENERALI»?

Qəribə təsadüfdür. Ötən həftə gələn cümə axşamı bu rubrikanı Hüseyn xan Naxçıvanski ilə davam etdirməyi təzəcə qətiləşdirmişdim ki, mediada generalla bağlı bir xəbər oxudum.

Xəbərdə deyilirdi ki, 2013-cü ilin payızında Sankt-Peterburqda «Azərbaycan əsilli rus generalı» Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq.

«АИФ-Петербург»da çıxan yazıda daha sonra Hüseyn xan barədə qısa məlumat verilirdi. Onun Rusiya imperator ordusunda xidmət edən yeganə müsəlman general-adyutant olduğu, Erivan quberniyasının Naxçıvan qəzasında nüfuzlu xan ailəsində doğulduğu, elit kavaler hissələrinə komandirlik etdiyi deyilir və aldığı döyüş mükafatları sadalanırdı...

HÜSEYN XAN BU RÜTBƏYƏ NECƏ ÇATIB?

Hüseyn xan 1863-cü il iyulun 28-də general-mayor Kəlbalı xanın ailəsində dünyaya gəlib. O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsidir. 1876-cı ildə Kəlbalı xan oğlunu Peterburqdakı Paj korpusuna oxumağa göndərir. Bu qapalı hərbi məktəbdə adlı-sanlı zadəgan balaları oxuya bilirdi. Onları daha sonra qvardiyada xidmətə göndərirdilər. Şəmistan bəyin yazdığına görə, o vaxtlar Sankt-Peterburqda xeyli sayda xan nəslindən olan naxçıvanlı ziyalı yaşayırmış. 1883-cü ildə Hüseyn xan II Aleksandrın himayəsində olan korpus məktəbini əla qiymətlərlə bitirir. Çarın xüsusi süvari qoşununda xidmət edir, 5 il sonra podporuçik, 1898-ci ilədək də eskadron komandiri, rotmistr olur.

İLK MÜKAFATLARI

Hüseyn xan çarın süvari qoşunundan sonra Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində xidmət edir. Ad-san qazanır. Artıq rus-yapon müharibəsi başlanana qədər o, İranın «Şire-Xorşid» ordeninin ikinci və üçüncü dərəcəsi (bahalı almazla bəzədilmiş) və zabitlərə məxsus «Rumın Ulduzu» ilə mükafatlandırılmışdı. Digər mükafatları sırasında Avstriyanın «Dəmir xaç», birinci, ikinci və üçüncü dərəcəli «Müqəddəs Stanislav», dördüncü dərəcəli «Müqəddəs Aleksandr», birinci dərəcəli «Müqəddəs Anna» və s. ordenlərin adını çəkmək olar.

RƏSSAM MAZUROVSKİNİN HÜSEYN XAN OBRAZI

Rus-yapon müharibəsində (1904) Hüseyn xan qafqazlılardan ibarət ikinci Dağıstan süvari alayına komandanlıq edir. 1905-ci ilin yanvarında Landun-Qou kəndində gedən döyüşlərdə Hüseyn xanın alayı böyük igidlik göstərərək, kənddən yaponları vurub çıxarır. Həmin döyüşdə kazak batareyasını yaponların mühasirəsinə düşməkdən qurtardığına və kəndi itkisiz aldığına görə polkovnik Hüseyn xana dördüncü dərəcəli «Müqəddəs Georgi» ordeni verilir. Hətta həmin kənd uğrunda döyüş rəssam Mazurovskskinin yağlı boya ilə çəkdiyi bir rəsm əsərinə mövzu olur. Moskvadakı Rusiya Dövlət Arxivində saxlanan həmin əsərdə öndə at üstündə hücuma keçən Hüseyn xan Naxçıvanskinin obrazı da təsvir olunub...

TSARSKOE SELODA TƏNTƏNƏLİ TƏQDİMAT

Rus-yapon müharibəsindən sonra Hüseyn xan daha da məşhurlaşır. Onu yenidən Sankt-Peterburqa – çarın süvari alayında xidmətə çağırırlar. Az keçmir Tbilisidə yerləşən şöhrətli 17-ci Nijeqorod draqun alayının komandiri təyin edirlər.
Bu, çox böyük etimad idi. Təsadüfi deyildi ki, çar öz oğlu Alekseyi bu alayın siyahısına daxil etmişdi. Vəliəhdə alayın hərbi geyim formasını təqdim etmək üçün alay komandiri Hüseyn xanın rəhbərlik etdiyi nümayəndə heyəti Tsarskoe Seloya gedir. Təntənəli mərasimdə Hüseyn xan şahzadəyə mundir və şaşka təqdim edir. Qafqaz ustalarının milli naxışlarla bəzədiyi şaşka Hüseyn xanın özünün idi. Çar şaşkanı qəbul edib Hüseyn xanı öpür və deyir: «Bu gündən xatirə olaraq sizi fligel-adyutant təyin edirəm!».

SÜVARİ ALAYININ KOMANDİRİ – GENERAL-MAYOR!

Hüseyn xan Naxçıvanski adyutantla birlikdə - 1916

Hüseyn xan Naxçıvanski adyutantla birlikdə - 1916

1906-cı ilin payızında fligel-adyutant Xan Naxçıvanski Sankt-Peterburq Leyb-qvardiya süvari alayının komandiri təyin olunur. 1907-ci ildə – 44 yaşında ona general-mayor rütbəsi verilir. O, Birinci Dünya müharibəsinədək imperatorun xüsusi qoşununda xidmət edir.

BİRİNCİ DÜNYA MÜHARİBƏSİ...

Xan Naxçıvanski müharibə başlayanda, böyük süvari birləşməsinin komandanı təyin olunur. General bu savaşda da şücaətlər göstərir. Onlardan ancaq birini sizin diqqətinizə çatdırıram. Hərb tarixçisi Yevgeni Barsukovun yazdıqlarından:

«Bir döyüşdə Xan Naxçıvanskinin süvariləri 5 batalyonu, 2 eskadronu, 12 topu İnster çayının o tərəfinə ataraq, 2 top və 4 qutu mərmi ələ keçirmişdilər… İnster çayında, Meşken, Kraupişken və Lauqaden yaxınlığındakı bərələr tutulmuşdu».

Birinci Dünya müharibəsində qazandığı qələbələrə görə Xan Naxçıvanski 1916-cı ildə tam süvari qoşun generalı rütbəsi alır. Bakıda çıxan «Kaspi» qəzeti 1916-cı il aprelin 29-da yazırdı:

«Qafqaz Ordusunun Baş Komandanının sərəncamında olan qvardiya süvarisi general-adyutant, general-leytenant həmyerlimiz Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilib. Süvari korpusunun komandanı «Müqəddəs Georgi» ordenli Hüseyn xan həm də «Ağ Qartal» ordeni ilə (qılıncla birgə) təltif olunub».

ÇAR NİKOLAYIN SEVİMLİ XANI...

Yazı üzərində işlərkən rusca «Vikipedia»da maraqlı faktlara rast gəldim. Sən demə, Xan Naxçıvanski Çar II Nikolayın «sevimli xanı» imiş. Çarın gündəliyində onun haqqında bilgilər var. Çar yazır:

«15 sentyabr 1914-cü il. Bazar ertəsi. Ənənəvi mühazirələrdən sonra müharibədən əli yüngül yaralı qayıtmış xan Naxçıvanskini qəbul etdim. O, bizimlə səhər yeməyi yedi və maraqlı şeylər danışdı».

«19 oktyabr. Bazar. Xan Naxçıvanskini qəbul etdim. O, sağalıb və yeni kavaleriya korpusunu qəbul etmək üçün gedir»
ÇAR NİKOLAYIN SONU...

Adını çəkdiyim mənbə bildirir ki, II Nikolay taxt-tacdan məhrum olandan sonra Xan Naxçıvanski Müvəqqəti Hökumətə tabe olmur. Hətta xəbəri alan kimi çara teleqram göndərib ona sədaqətini bildirir. 1917-ci ilin aprelində Müvəqqəti Hökumət çar ordusunun «monarxiya əhval-ruhiyyəli» 47 yüksək rütbəli hərbi rəisini vəzifəsindən azad edir. Onların arasında çarın sadiq xanı da vardı...

1917-ci il iyunun 23-dən o, Kiyev ştabının ehtiyat siyahısına salınır. Ailəsi ilə Petroqradda yaşayan Xan Naxçıvanskini 1918-ci il mayın 18-də Petroqrad Fövqəladə Komitəsinin qərarı ilə kontr-revolision fəaliyyətdə günahlandıraraq həbs edirlər. Onunla birlikdə çar ailəsinin üzvləri (böyük knyaz Pavel Aleksandroviç, Nikolay Mixayloviç və b.) də tutulur.

VƏ...AMANSIZ SON!

1918-ci ildə Leninə sui-qəsdlə bağlı Rusiyada «qırmızı terror» başlayır. Yuxarıda adını çəkdiyim tutulanlar da girova çevrilirlər. 1919-cu il yanvarın 29-da böyük knyaz Pavel Aleksandroviç, Nikolay Mixayloviç, Georgi Mixayloviç və Dmitri Konstantinoviç Petropavlovsk qalasında güllələnirlər. Bəzi müəlliflərin fikrincə, Xan Naxçıvanski də Böyük knyazlarla bir vaxtda güllələnib. Ancaq arxivdə onun ölümünü təsdiqləyən heç bir sənəd qalmayıb... Onun güllələnməsini həyat yoldaşının çar ailəsinə qohumluğu ilə əlaqələndirənlər də var...

AİLƏSİ

Şəmistan Nəzirli Peterburq və Tbilisi arxivlərindən Xan Naxçıvanskinin ailəsi ilə bağlı sənədlər tapıb. Generalın həyat yoldaşı knyaginya Sofiya Nikolayevna Taube (1864-1941) çar III Aleksandrın həyat yoldaşı Mariya Romanovnanın qohumu imiş.

Hüseyn xanın 2 oğlu – Nikolay və Georgi, bir qızı – Tatyana olub. Hər iki oğlu Paj korpusunu bitirib, qvardiya zabiti olub. Nikolay Naxçıvanski 1912-ci ildə vəfat edib. Kiçik oğlu – Georgi Naxçıvanski atasının ölümündən sonra xaricə mühacirətə gedib. Parisdə yaşayıb, sonralar Livana köçüb, elə orada da dünyayla vidalaşıb.

BANİNDƏN NAXÇIVANSKİLƏR BARƏDƏ XƏBƏR

1991-ci ildə Parisdə verdiyi müsahibələrin birində yazıçı Banin Naxçıvanskiləri tanıdığını bildirib. O deyib ki, generalın nəvəsi Mariya Naxçıvanskaya Livanda təhsil alıb, hazırda Misirdə yaşayır. Digər nəvə – Corc Naxçıvanski ABŞ-dadır. Generalın qızı Tatyana Hüseyn xanın dostu tam süvari generalının oğlu qvardiya zabiti Dmitri Martınova ərə gedibmiş. Onlar inqilab üzündən Fransaya mühacirət ediblər. Tatyana 1972-ci ildə Parisdə ölüb.

XAN NAXÇIVANSKİ CÜMHURİYYƏT ORDUSUNDA XİDMƏT EDİBMİ?

Bu suala Şəmistan Nəzirli «yox» cavabını verir.

Başqalarından fərqli olaraq, hərb tariximizin yorulmaz araşdırıcısı bu fikirdədir ki, Hüseyn xan milli ordu quruculuğuna qatılmayıb.

Şəmistan bəy 1999-cu ildə Tbilisi Mərkəzi Dövlət Arxivindən generalın iki şəklini tapıb.

Birinci şəkil Hüseyn xan Avropaya gedən İran şahı Müzəffərəddin Qacarı bir qrup hərbçi ilə qarşılayarkən çəkilib (İran şahı 1900-cü ildə Avropaya səfər edib - S.İ.)
İkinci şəkil də Bakıda çəkilib. Dostuna bağışladığı fotonu general özü imzalayıb: «Xan Naxiçevanski, Baku, 1902».

Şəmistan bəy bu qənaətə gəlib ki, Hüseyn xan bu tarixdən sonra Vətənə gəlməyə macal tapmayıb. Onun fikrincə, 1918-20-ci illərdə milli orduda Hüseyn Naxçıvanski adlı polkovnik xidmət edirmiş. Xan Naxçıvanski ilə onu həmişə səhv salıblar.

Həmin polkovnikin taleyi də adaşı kimi bitib. Bolşeviklər onu 1930-cu ildə Naxçıvanda güllələyiblər...

«ƏLAHƏZRƏTİN GENERAL-ADYUTANTI»
Çar Nikolay II və Hüseyn xan Naxçıvanski - 1917

Çar Nikolay II və Hüseyn xan Naxçıvanski - 1917


2006-cı ildə rus tarixçisi Rudolf İvanovun Xan Naxçıvanskiyə həsr olunmuş «Əlahəzrətin general-adyudantı» adlı kitabı Moskvada Heydər Əliyev Fondunun dəstəyilə işıq üzü görüb.

Kitab «Rusiya imperiyasının 20 mükafatı və 9 xarici ordenlə təltif olunmuş, rus ordusunun adlı-sanlı alaylarına komandanlıq etmiş» Xan Naxçıvanskinin həyat və döyüş yolundan bəhs edir. Müəllif önsözdə qeyd edir ki, özünün 34 illik hərb və döyüş həyatında Hüseyn xan kornetdən ən böyük hərbi rütbəyə – Əlahəzrətin general-adyutantı rütbəsinədək yüksəlib. Hüseyn xan 20 il Atlı alayında xidmət göstərib, rus-yapon savaşında 2-ci Dağıstan Atlı alayına, müharibədən sonra isə əfsanəvi 44-cü Nijeqorodsk alayına rəhbərlik edib. Birinci Dünya müharibəsi general Hüseyn xan Naxçıvanskidə yeni sərkərdəlik istedadını üzə çıxarıb. Əsər nadir arxiv sənədlərinə əsaslanır...

GENERALA ABİDƏ QOYULACAQ

2008-ci ildə Rusiyanın bir sıra ictimai xadimləri prezident D.Medvedevə üz tutaraq Moskva və ya Sankt-Peterburq küçələrindən birinə Xan Naxçıvanskinin adının verilməsini xahiş edib.

2013-cü ilin yanvarında Sankt-Peterburq Şəhərsalma və Arxitektura Komitəsi 150-ci doğum ilində (2013-cü il iyunun 28-i) generalın abidəsinin özülünü, payızda da abidənin özünü ucaltmaq qərarı alıb.

«Azərbaycan əsilli rus generalı»na abidə bu payız Sankt-Peterburqun 300 illiyi parkında qoyulacaq...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG